adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2019 16:02
8958
GÜNDƏM
A- A+

Elmar Məmmədyarov: Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir

Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov "The Diplomat Magazine” jurnalına müsahibəsində deyib.

Nazir bildirib ki, Niderland Azərbaycanın müstəqilliyinin bərpasından bəri ənənəvi tərəfdaşlardandır:

"Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında qurulub və hazırkı əməkdaşlıq ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizmi kimi sahələri əhatə edir”.

E.Məmmədyarovun sözlərinə görə, iki ölkə arasında ticarət və investisiyaların miqyası iqtisadi münasibətlərin vacibliyini təsdiq edir:

"2018-ci ildə Niderlandla Azərbaycan arasında xarici ticarət dövriyyəsi 181,83 milyon dollar təşkil edib. Bunun 77,9 milyon dolları Azərbaycan məhsulunun Niderlanda ixracı, 103,8 milyon dolları Niderland məhsulunun Azərbaycana idxalının payına düşür”.

Onun sözlərinə görə, Niderland Azərbaycanın qeyri-neft sektorunda əsas investorlardan biri olmaqda davam edir:

"Niderland şirkətləri logistika, nəqliyyat, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr reallaşdırır. Uğurlu layihələr sırasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının planlaşdırılması, layihələndirilməsi və tikintisi, Abşeron yarımadasında urbanizasiya və neft hasilatı nəticəsində ətraf mühitin çirklənməsi üzrə ekoloji həllərin təmin olunması, kənd təsərrüfatı sahəsində Niderland təcrübəsi əsasında nümunəvi fermanın tikintisini göstəmək olar”.

Nazir əlavə edib ki, logistika sahəsində əməkdaşlıq daha aktualdır:

"2019-cu ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nümayəndə heyəti Niderlanda səfər edib və bir sıra yerli logistika şirkəti ilə əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. Səfərin yekunu olaraq Venlo şəhərindən Bakıdan keçməklə Çinə hərəkət edən ilk sınaq konteyneri bu il yola salınıb. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Venlo şəhərində nümayəndəliyinin açılması planlaşdırılır”.