adalet.az header logo
  • Bakı 7°C
06 Aprel 2020 13:22
130707
GÜNDƏM
A- A+

Mikayıl Gözəlov öldürülməsəydi...

1994-cü ilin yayı idi. Ermənilər tərəfindən işğal olunan Ağdam kəndlərinin sakinləri Quzanlı kəndinə pənah gətirdilər. Camaat orda cadır şəhərciklərində, hələ inşası başa çatmamış evlərdə bir təhər məskunlaşmaq məcburiyyətində qaldı. Həmin vaxtlar Mərzili kəndindən olan Siyatel nənə tez-tez əllərini dizlərinə çırpa-çırpa bu sözləri deyirdi: " Mikayılı öldürməsəydilər, bu işlərdə baş verməyəcəkdi”. Sonralar bu sözləri çox adamdan eşitdim və elə o vaxtdan onun haqqında öyrənməyə. onu tanımağa çalışdım.


Bu gün bu kiçik yazımla Ağdamın- Azərbaycanın igid oğlu Mikayıl Gözəlovu tanıdığım qədər tanıtmaq istəyimi həyata keçirmək fikrindəyəm. Qoy, gənclərimiz oxusun, tanısın! Qoy gənclərimiz vəzifə, vətənpərvərlik, insanlıq borcu kimi vacib hissləri Mikayıl Gözəlovun simasında görsün və əxz eləsin!

Bilənlər bilir, Mərzili kəndi Ağdam rayonunu ən iri kəndi idi və ən çox gəlir gətirən sovxozda bu kənddəydi. Bu kənddə təsərrüfatla məşğul olmayan, işsiz adam tapmaq mümkün deyildi. Bax, qəhrəmanımızda 5 aprel 1948-ci ildə mayası halallıqla yoğrulmuş belə bir kənddə, zəhmətkeş ailədə doğuldu. Atası Qoca kişi səxavəti, əxlaqı, mənəvi dəyərləri, mərdliyi ilə həmişə seçilib və xeyirxah əməllərinə görə Azərbaycanın əksər bölgələrində ad-san qazanıb, Mərzilidə yaşasa da, bütün ölkədə tanınıb. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini, 1969-cu ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti) inşaat fakültəsini başa vurur. Təyinatı Şuşa şəhərinə verilir. 1970-76 illərdə 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı, tikinti rəisi vəzifələrində çalışır. Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunur. M.Gözəlov mayasındakı halallığın, zəhmətkeşliyin, vətənsevərliyin hesabına vəzifə pillələrinə yüksəltdikcə vəzifə məsuliyyətinin vətən təəssübkeşliyinin, insan amilinə münasibəti yüksəlməsidə təbii hal idi.

Çünki belə olmasaydı, Qarabağda at oynadan "Krunk” təşkilatına, hər bir ermənipərəst mövqeyini respublikada keçirə biləcək söz sahibi olan "Qarabağ” komitəsinə qarşı mərdliklə, çəkinmədən mübarizə apara bilməzdi. 1988-ci ildə Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri seçillən igid eloğlumuz Şuşa-Xankəndi yolunun sağ tərəfində Xankəndindən qovulmuş azərbaycanlılar üçün Yeni Xankəndi qəsəbəsinin istifadəyə verilməsi məsələsini qaldırır, Şuşada yeni su kəmərinin çəkilməsi, Şuşa-Xəlfəli-Qaybalı-Kərkicahan yolunun salınması məsələsini gündəmə gətirir. Şuşalılar onun bu cəsarətini, işgüzarlığını qiymətləndirir, onun hökumətdə söz haqqı qazanması Şuşanın hər bir çətinliyə sinə gərəcəyinə inanırdılar. Bu məqsədlə Gözəlovun 360 sayli Şuşa seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə deputatlığa namizədliyi qeydə alınır.


Hə, atalarımız burda deyiblərki, mərdimazar olmasa, bağ çəpəri neyniyir. 1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının ikinci katibi vəzifəsində çalışan, erməniləri dəstəkləməyilə tanına və 1990-cı ildə Qarabağda təşkil olunan xüsusi komitənin başçısı təyin edilən. Viktor Polyaniçkonun göstərişi ilə seçki gününə bir gün qalmış,həmin dairədə seçki dayandırıldı.

1991-il 7 noyabrında Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı təyin edilir. Bundan sonra bir icra başçısı kimi səlahiyyətlərindən istifadə edərək daha geniş planlar həyata keçirir. Şuşanın və Qarabağ yaşayış məntəqələrinin müdafiəçilərinin lazımi silah, sursat və texnika ilə təmin olunmasında xüsusi fəallıq göstərir, öz vəsaiti hesabına respublikamızın bir çox bölgələrindən, eləcə də başqa ölkələrdən xeyli silah, sursat və texnika gətirdir, Şuşa batalyonunun yaranmasının təşkilatçılarından olur. Rəhbərlik etdiyi döyüş əməliyyatları ilə şuşalıların qələbəyə inamını möhkəmləndirir. Ermənilər İcra başçısını azərbaycanlıların –xüsusən şuşalıların ciddi müqavimət göstərməsinin səbəbkarı hesab edirdilər. Ona görə dəfələrlə ona qarşı sui-qəsdlər təşkil edilir, başına milyonlarla pul qoyulur. Mikayıl müəllim qorxmur, əksinə, gecə-gündüz çalışır, vuruşur, mübarizə aparır və …

Təbiiki ermənilərin qəzəbinə tuş gələn Gözəlovu ermənipərəst qüvvələr sevə bilməzdi. Necəki, 20 noyabr 1991-ci ildə dəhşətli vertolyot faciəsilə Azərbaycanın bir çox görkəmli və düşməni yerində oturdacaq gücə malik oğullarını məhv etdilər. Bu hadisədən cəmi 21 gün sonra- 11 dekabrda iş kabinetində güllələnərək öldürülən Gözəlov da hədəfdən yayına bilməzdi və həyatına qəsd edilən igidlərin siyahısı getdikcə böyüyürdü, böyüdükcə isə torpaqlarımızın işğalı reallaşırdı. Şuşalıların etiraf etdiyi kimi Gözəlovun qətlə yetirilməsi Şuşanın işğalının yaxınlaşmasından xəbər verirdi.

Zənnimizcə, igid eloğlumuz Mikayıl Gözəlovun Qarabağ hadisələri zamanı Şuşanın və ətraf ərazilərin müdafiəsinin möhkəmləndirilməsinə çalışmasının və məhz bu səbəbdən öldürüldüyünü elə həmin hadisə şahidlərinin söylədiklərini xatırlatmaq yerinə düşərdi.

Jurnalist Kərim Kərimli:

-O zaman səslənən və çox adamın da əmin olduğu məlumatlardan biri də bu idi ki, həmin gün, yəni dekabrın 11-də axşam saat 20.00-da işğalçı Ermənistanın silahlı quldur dəstələrinin Qarabağdakı mövqelərinə və dayaq nöqtələrinə qarşı çox yaxşı hazırlanmış və ciddi bir əməliyyat başlayacaq. Həmin əməliyyatı idarə edən qərargaha da Gözəlov özü rəhbərlik etməli idi. Lakin əməliyyatın başlanmasından təxminən 45-50 dəqiqə qabaq onu aradan götürdülər. …Və bütün hücum əmrləri ləğv edildi. Ermənilər əks-hücuma keçərək bizə divan tutdular. Dalbadal dəhşətli hadisələr baş verdi. Gözəlovun ölümündən dərhal sonra bir-birinin ardınca Cəmilli, Meşəli, Kərkicahan və s. kimi strateji yaşayış məntəqələri – kənd və qəsəbələr darmadağın edilərək yandırıldı, onlarla insan qətlə yetirildi və s. Onu da deyim ki, Mikayıl müəllimin ölümündən sonra bir jurnalist kimi müsahibə aldığım onlarla adam bu fikirləri söyləyib, yaxud təsdiq edib.

"Şuşa” kanalında çalışımış Fəxrəddin Hacıbəyli:

-Bilirsiniz ki, informasiya qıtlığı olanda dezinfromasiyalar sürətlə ayaq açıb yeriyir.Ona görə informasiyanı Şuşanın komendantından, Şuşa rayon İcra başçısı Mikayıl Gözəlovdan almağa çalışırdıq. Sonra müəmmalı şəkildə onu kabinetində qətlə yetirdilər. Kim göndərmişdi onu, niyə göndərmişdi, hansı səbəblərdən öldürüldü, bu günədək gizli qalıb. Mikayıl Gözəlov vətənpərvər insan idi, canıyla qanıya torpağa bağlıydı. Ən düzgün informasiyaları bizə o verirdi. Heç kimdən çəkinmədən, o vaxtkı hakimiyyətdən qorxmadan bizə dəqiq informasiyalar çatdırırdı. Elə bu səbəblərdən "Şuşa” kanalının fəaliyyətində əvəzolunmaz xidmətləri olan icra başçısı Mikayıl Gözəlovu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər.

Mərhum deputat Şadman Hüseynov:

-Şuşanın icra başçısı Mikayıl Gözəlov Qarakənd üzərində vertolyotun vurulması ilə bağlı sirləri bildiyinə görə qətlə yetirilib.

Mərhum polkovnik Ələkbər Əsgərov;

-Mikayılın öldürülməsi ermənilərin əsas məqsədlərindən biri idi. Lakin özümüzünkülər qabağa düşərək onu qətlə yetirdilər və ermənilərə bu xidməti göstərdilər. Onları ən əsas məqsəd və arzularından birinə çatdırdılar.

Qarabağ müharibəsinin fəal iştirakçısı, 123 saylı alayın hüquq və mühafizə işləri üzrə baş müfəttişi, baş-leytenant, Səbirə Mahmudova:

-Xankəndi getməzdən 15 gün öncə 1991-ci il dekabrın 11-də torpağını sevən, səriştəli Şuşa icra başçısı Mikayıl Gözəlov erməni qüvvələrinə qarşı hazırladığı böyük döyüşdən 1 saat əvvəl kabinetində bu günədək naməlum səbəbdən davamlı güllələrlə öldürülmüşdü. Ona güllə atan təcili yardım maşınının sürücüsü idi. Maraqlı da burasıdır ki, adi bir sürücünün icra hakimi ilə nə işi var idi.? Qarakənd faciəsindən sonra Ayaz Mütəllibov Mikayıl Gözəlova göstəriş vermişdi ki, Xankəndinə bir dənə də olsun güllə atılmasın. Mikayıl Gözəlov Şuşa ətrafında gizlənmiş erməni yaraqlılarını rus qoşunlarının komendatı ilə danışıqlar aparıb, Şuşanın qoçaq oğlanlarının köməyi ilə tutub, türməyə salmışdı. Sonradan Bakıdan gələn istintaq qrupunun rəhbəri Məbud Hüseynov Şuşa türməsindən ermənilərin çoxunu buraxdı.

O gündən tam 28 il keçib... Orta məktəb savadı olan Sarıtel nənənin doğru, necə deyərlər, professional fikir yürütdüyünü, dəqiq analiz apardığını bugünü yazımla təsdiq etmiş oldum…

Həqiqətəndə heyf elə oğullardan…çox heyf …

Yeri gəlmişkən, o vaxt qatil Elbrus İbrahimov tutuldu və ömürlük həbs cəzası aldı. O da, elə həbsxanada dünyasını dəyişdi. "Cənnət- cəhənnəm” məfhumuna inansaq, yerini təyin etmək çətin deyil.

Əntiqə Rəşid