adalet.az header logo
  • Bakı 7°C
11 Dekabr 2019 14:22
126644
MƏDƏNİYYƏT
A- A+

Heyranlarının sayını itirən “Şəki pitisi”

Dünyanın zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin qədim yeməklərindən hesab edilənpiti zəngin tərkibi və fərqli ləzzəti ilə illərdir evlərimizin süfrələrini bəzəyir. Yadımdan çıxmamış bildirim ki, Azərbaycan milli mətbəxini fərqləndirən bir xüsusiyyəti ondan ibarətdir ki, bəzi yeməklərimiz həm birinci, həm də ikinci xörəyi əvəz edir. Məsələn, piti kimi. Piti Şəkinin şah yeməyidir. Özünəməxsus bişirilmə üsulu və yeyilmə orijinallığı ilə seçilən bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Odur ki, Şəkiyə üz tutan bütün qonaqların sifarişində piti əsas yer tutur. Qeyd edək ki, Şəkinin milli yeməyi sayılan pitini hər adam istənilən səviyyədə bişirə bilmir. Pitinin özəlliyindən biri də odur ki, yalnız gildən hazırlanan dopuda bişirilməlidir. Ağzının dadını bilən həmsöhbətim bildirir ki, hərdən bunu qazanda bişirirlər, amma dopudan başqa qabda bişirilən yeməyi piti adlandırmaq düzgün deyil:” Heç içərisinə kartof tökülən pitinidə piti hesab etmirəm”. Azərbaycan yeməklərinə incəsənət əsəri kimi baxan həmin həmsöhbətim isə iddia edir ki, Qarabağda və Gəncədə bişirilən pitilərin də özünəməxsus dadı-tamı var və "Şəki pitisi”ndən heçdə geri qalmır:” Qarabağda, xüsusən, Şuşada bişirilən pitinin hər payına mütləq sümüklü qoyun əti, iri noxud , quyruq, baş soğan, şabalıd, quru alça, zəfəran yaxud təzə pomidor, quru nanə və tam üçün duz, istiot götürülür. Sümüklü ətin pitiyə verdiyi dad bir başqa cür olur.”



Ötən il yayda ailəlikcə Şəkiyə gəzməyə getmişdik. Kirayə qaldığımız evin sahibəsi, restoranların birində aşbaz işləyən Cəmilə xaladan pitinin digər özəlliklərini də soruşduq.O söylədi ki, pitimizi xüsusi qayda ilə bişirdiyimiz üçün nəinki Azərbaycanın eləcədə, dünyanın bir çox yerindən məxsusi bu yeməyi dadmaq üçün şəhərimizə qonaq gəlirlər:”Dopuya duz, 100 qram noxud, 100 qram sümüksüz qoç ətini qıyma-qıyma doğrayıb tökürlər. Üzərinə 50 qram da quyruq əlavə edilir. Daha sonra bunun üzərinə su töküb bişməsi üçün kürəyə qoyuruq. Yemək sabaha qədər odun üzərində qalsa, daha da ləzzətli olacaq. Ətin kəfini də qabın üstündən yığmaq və qapağını da kip örtmək lazımdı. Piti vam odda qaynamalıdır. Qaynadıqdan sonra şabalıd kənarda təmizlənir və hər dopuya 1 və ya da 2 dənə əlavə olunur. Həmçinin 1 ədəd gavalı qurusu da əlavə edilir. Zəfəranı isə kənarda dəmləyirik və süfrəyə verilənə yaxın 1 çay qaşığı hər dopuya tökürük. Ən əsası yemək yeyilərkən mütləq yanında baş soğan, sumax olmalıdır.” Bəli, bu şəkili Cəmilə xalanın bişirdiyi "Şəki pitisi”dir.

Ötən il Avropada çox izlənən "Euronews" telekanalının "Postcards" ("Açıqcalar") bölümü Şəki mətbəxinin məşhur yeməyi olan piti haqqında süjet də yayımlandı. Pitinin dadlı və ləzzətli olmasının "sirləri” təqdim olunub.

Dünən isə bu dadlı yeməyi sevənlərdən biri- Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz şəxsi Tvitter səhifəsində maraqlı bir paylaşım edib. Masada piti yeməyini şəklini çəkib, ona isə "dadlı və yeməli” "smaylik”ini əlavə edib. Paylaşım izləyicilərin marağına səbəb olub. Belə qənatə gəlmək olar ki, artıq cənab səfir də ağzının dadını piti yeməyi ilə zənginləşdirib.

Bir nüansıda qeyd edim, bir neçə il əvvəl Rusiyanın məşhur qəzetlərindən olan "Komsomolskaya Pravda”da Azərbaycan mətbəxinin incisi – Şəki pitisi ermənilərin milli yeməyi kimi təqdim olundu.Bütün yeməklərimizin saxta variantını yaradım erməni brendi etməyə çalışan bədxah qonşularımızın bu yöndə çalışmasımənasız olacaq. Çünki, Şəki Pitisi, elə Şəki Pitisidir.

Əntiqə Rəşid