adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Dekabr 2019 12:52
18734
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: O AĞACLAR...

Yaşadığımız Yer üzünü ağacsız, susuz, havasız təsəvvür etmək mümkün deyil . Yer üzündə dediyimiz bu üç varlıq olmasa, orda həyat və yaşayış ola bilməz. Ona görə də insanlar həmişə nəinki bu üç varlığı, Yer üzünün bütün gözəlliklərini qorumağa borcludular. Əgər qorumasalar, təbiət onları cəzalandıracaq. Necə ki, indi bir çoxları ağacları, yaşıllıqları qırıb-çatır və bu da aydındır ki, məmləkətimizdə ekoloji problem yaranmasına səbəb olur.

Nə yaxşı ki, ölkəmizin dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım bu məsələləri daim diqqət mərkəzində saxlayır. Belə ki, həm cənab prezidentin, həm də Birinci vitse-prezidentin təşəbbüsüylə Azərbaycanda neçə illərdir ki, kütləvi surətdə yeni ağaclar, yaşıllıqlar və bəzək kolları əkilir. Və bu tədbirlərdə adını çəkdiyimiz dövlət başçıları da yaxından iştirak edirlər.

Təsadüfi deyil ki, böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə "Nəsimi ili” elan edilib. Və bu "Nəsimi ili”ndə respublikamızın hər yerində 650 min ağac əkilməsi planlaşdırılıb. Artıq demək olar ki, bütün rayonlar, şəhərlər və kəndələr təşəbbüsə qoşulub və ağacın çoxunu əkiblər. Bayaq dediyimiz kimi, ağacəkmə kampaniyasında prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da yaxından iştirak edib. Əlbəttə, bu cür təşəbbüslər, addımlar xalq tərəfindən çox böyük sevgi və məhəbbətlə dəstəklənir. İndi elə bir rayon yoxdur ki, onlar "Nəsimi ili”ndə ağacəkmə kamapaniyasında iştirak eləməsinlər.

Mən doğulub boya-başa çatdığım Füzuli rayonuna tez-tez gedə bilməsəm də, heç olmasa 3-4 aydan bir baş çəkirəm. Ən azından ona görə ki, orda mənim doğmalarım yaşayır və əzizlərimin məzarlarını ziyarət etməyə borcluyam. Təbii ki, rayona gedəndə xeyir-şərdə də iştirak eləməyi yaddan çıxarmıram. Axı bura mənim böyüyüb boya-başa çatdığım yurd yeridi və yurd yerinin bütün incəlikləri, bütün zəriflikləri, bütün gözəllikləri həmişə məni özünə çəkir.



Dəfələrlə Füzuliyə dostlarımla da səfər etmişəm. Onlar rayon ərazisinə girib Horadiz şəhərinə çatana qədər magistral yolun sağında və solunda əkilmiş xan çinarlara çox böyük təəccüblə baxırlar. Deyirlər ki, biz heç bir rayonda yolun sağında və solunda əkilmiş və çinar ağaclarına bu qədər rast gəlməmişik. Təbii ki, dostlarımın bu sözlərindən mən də sevinmişəm və demişəm ki, rayon ərazisində gördüyünüz bu ağaclar dövlətə və prezidentə öz əməli işi ilə sadiq olan icra başçısı Alı Alıyevin təşəbbüsü və Füzuli camaatının gücüylə əkilib. Son 8 ildə Füzulidə 50 mindən çox müxtəlif növ ağaclar əkilib. Bununla yanaşı, 120 mindən çox qızılgül kolu bu gün rayona gələnlərin diqqətini cəlb eləyir. Əlbəttə, bu gözəllikləri, bu füsnkarlıqları görməmək böyük günahdır. Çox yox, Füzulidə iki möhtəşəm yeri ziyarət eləmək nəyə desən dəyər: Heydər Əliyev parkı və Bayraq meydanı! Bu ünvanlarda o qədər müxtəlif növ ağac və gül kolları əkilib ki, adama gəl-gəl deyir.

Əlbəttə, ağac əkmək, onu becərmək və böyütmək insandan çox böyük zəhmət tələb edir. Bu gün tam cəsarətlə deyə bilərəm ki, Füzulidə ağac becərməyin təcrübəsi digər rayonlarda da öyrənilməlidir. Ən azından ona görə ki, 8 il bundan əvvəl əkilmiş 50 mindən çox ağacı elə becəriblər, onlara elə qulluq göstəriblər ki, biri də qurumayıb. Heç uzağa getməyək, bir vaxtlar Bayraq meydanı kollu-koslu, yüksək təpə idi. İcra başçısı Alı Alıyevin təşəbbüsü və iştirakı ilə Füzuli camaatı o təpəni koldan, kosdan təmizləyib minlərlə eldar şamı əkilib. Üstəlik də yüksəklik olduğu üçün ora su çıxarmaq elə də asan deyildi. Amma füzulilər bunu bacardı. Əkilmiş ağaclar damcı yoluyla böyüdüldü.

İndi Bayraq meydanına qalxırsan, sanki özünü cənnətdə hiss eləyirsən. Hansı ki, 7-8 il əvvəl bu yerlərdə ilanlar mələyirdi. Yayın istisində heç yanda olmayan sərinlik bax, burda olur. Elə iyun, iyul və avqust aylarında da insanlar təmiz hava udmaq üçün axşamlar Bayraq meydanına qalxır. Mənim özüm də dəfələrlə nəvələrimlə və dostum Ariflə bu Bayraq meydanına çıxıb sərinləmişik.

"Nəsimi ili”ndə Füzulidə 5000 meyvə ağacı əkilib. Ağacəkmə kampaniyasında icra başçısı Alı Alıyevdən tutmuş sadə insanlara qədər hamı yaxından iştirak edib. Üstəlik də ağacların inkişafı diqqət mərkəzində saxlanılıb. Yəni onlar suvarılıb, küləkdən qorunmaq üçün balaca ağacların yanına bir dayaq da vurulub. Təbii ki, bu dayaqlar yeni əkilmiş ağacları küləkdən və təbiətin şıltaqlığından xilas eləyir.

Füzulidə ağaclara elə qulluq olunur ki, sanki bu onların öz övladlarıdır. Dəfələrlə Heydər Əliyev parkında görmüşəm ki, analarının yanında nəzarətsiz qalan dəcəl uşaqlar qızılgülün ləçəklərini qoparırlar. Elə həmin an da mühafizəçilər və digər sakinlər uşağın anasına öz etirazını bildiriblər və güllərin ləçəklərinin qoparılmasına və qırılmasına imkan verməyiblər. Ən azından ona görə ki, hər bir əkilən ağacı tək onu əkən deyil, həm də o ağacın kölgəsində oturan, o gülün ətrini hiss edən insanlar hamısı qorumalıdır.

Rayonun Kommunal Müəssilələri Kombinatının işi isə demək olar ki, çox təqdirəlayiqdir. Füzuli rayon İcra Hakimiyyətinin Kommunal Müəssisələri Kombinatının direktoru Teymur Qurbanov öz işini bilən, təcrübəli və savadlı bir mütəxəssisdir. Çünki o, rəhbərlik etdiyi kollektivin iş rejimini və onlara nəzarət etməyi çox yaxşı bacarır. Hər gün səhər tezdən təmizlik işləri ilə məşğul olan əməkdaşlara öz tapşırıqlarını verir, üstəlik də bu tapşırığın yerinə yetirilməsinə ciddi nəzarət edir. Mən özüm də səhər saatlarında Horadiz şəhərində olanda həmin müəssisənin əməkçilərini öz vəzifələrinə necə məsuliyyətlə əməl etdiklərinin şahidi olmuşam. Elələri var sübh tezdən şəhərin təmizlik işləri ilə məşğul olur, elələri də var yayın istisində səhərlər ağacları sulayır. Bunların hamısı insandan öz işinə, öz peşəsinə böyük məhəbbət tələb edir.

Teymur Qurbanov bizimlə söhbətində dedi ki, Füzulidə əkilmiş 50 min ağaca yüksək aqrotexniki qaydada xidmət göstərilir. Mövsümə uyğun olaraq ağaclara qulluq edilir, onların qurumuş budaqları qırılır, gül kollarında yaranmış problemlər vaxtında aradan qaldırılır. Bir sözlə, ona çalışırıq ki, əkilmiş bir ağac, bir kol belə diqqətsizlikdən məhv olmasın. Rayon ərazisində 15800-dən çox xan çinar əkilib. Demək olar ki, bütün kəndlərin yollarının kənarında bu ağaclardan var və onlara elə qulluq göstərmişik ki, hamısı da irigövdəli, qollu-budaqlıdı. İtaliyadan gətirilmiş 4000 leylandra ağacları da çox yaxşı inkişaf edib. Bu ağaclar xüsusilə qulluğu xoşlayır. Ona görə də əməkdaşlarımız bu ağacların nazı ilə oynayır, onlara vaxtaşırı xidmət göstərir.

Teymur müəllim bizimlə söhbətində "Nəsimi ili”ndə əkilmiş 5000 meyvə ağacına xüsusi qulluq göstərildiyini xatırlatdı. Dedi ki, o ağacların hər biri diqqət mərkəzində saxlanılır və onlara hər gün su verilir və xidmət göstərilir. Aydındır ki, hər bir ağac, hər bir yasıllıq və hər bir gül kolu qayğı sevir. Qayğı varsa, o ağaclar da böyüyəcək. Bu gün Füzuliyə kimin yolu düşürsə və gələcəkdə düşəcəksə, onda görəcək ki, bu rayonda nə qədər yaşıllıqlar salınıb, ağaclar əkilib və gül kolları var.

Bu yaşıllıqlar, bu ağaclar və bu gül kolları Füzulini daha da gözəlləşdirir, rayonun havasına yeni bir nəfəs gətirir, insanların təmiz hava udmasına şərait yaradır. Üstəlik də bu yaşıllıqlar, bu ağaclar və bu güllər rayona gələn qonaqların diqqətini cəlb edir və onlarda xoş ovqat yaradır...