adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Dekabr 2019 09:50
67678
MARAQLI
A- A+

Yanan ticarət mərkəzləri: Səbəblər, nəticələr...

Bu gün Bakıda yenə bir yanğın hadisəsi oldu. Bu dəfə də yanan ticarət mərkəzidi. Fərqindəsinizsə, böyük obyektlərdə yanğın halları çox tez-tez baş verir və hər dəfə də yanğın hadisəsindən sonra mayası batmış və işsiz qalmış insanların, alovlar içərisində külə dönmüş külli miqdarda malların ürəkağrıdıcı mənzərəsi ortaya çıxır . Məşədi İbad demiş, Azərbaycanda ticarət mərkəzlərinin yanmasına "bir noyi adətkarda ” olmuşuq.Elə səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hüquq və mühafizə orqanları yanğınla bağlı araşdırmaya başlayıb. Onlar yanğını törədən səbəblər haqqında yekun nəticəyə gələnə qədər biz də son illər Azərbaycanda baş verən ticarət mərkəzlərinin səsli-küylü yanğınları haqqında kiçicik bir araşdırma apardıq. Həmin araşdırmanı Adalet.az sizə təqdim edir.

"Karvan” ticarət mərkəzi


-9 oktyabr-2014-cü ildə Sumqayıtın iri ticarət mərkəzi olan "Karvan" yanaraq kül oldu. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yandı. 14 noyabr 2018-ci ildə isə "Karvan” yenidən alovlandı. 2-ci mərtəbənin ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə məhv oldu.

"Binə" və "Sədərək” ticarət mərkəzləri



- 24 dekabr 2013-cü ildə "Binə" ticarət mərkəzi yandı. Növbəti dəfə isə 2019-cu ilin 8 oktyabrında gecə saatlarında baş verən yanğında ticarət mərkəzinin təqribən 2500 m2 hissəsi yandı. Xatırladaq ki, hər il ən azı 2 dəfə "Binə" və "Sədərək” də güclü yanğınlar qeydə alınır.

"Cantəpə” ticarət mərkəzi


-2011-ci ilin 18 martında isə Bakının Binəqədi rayonunda "Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın baş verdi. Yanğın restoran, kafe, market, alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsində başlamışdı.

"Moskva” ticarət mərkəzi


-15 mart-2014-cü ildə "Moskva” ticarət mərkəzində yanğın nəticəsində bir çox satıcının qızıl əşyası əridi. Təkcə bir satıcının seyfə qoyduğu 400 üzük və digər qızıl əşyası əridi, yararsız hala düşdü. "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən ziynət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin 50 kv.m sahəsi yandı.

"AMAY” ticarət mərkəzi


-2014-cü ilin 13 sentyabrında "AMAY” ticarət mərkəzində də yanğın qeydə alındı. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verdi.

"Park Plus” ticarət mərkəzi


-2012-ci ilin 22 noyabrında Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olundu.

"AF Mall” ticarət mərkəzi


-2018-ci ilin 2 iyulunda Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisindən yanğın başlamışdı. Yanğının cüzi zərər verməsinə səbəb isə FHN-in vaxtında çağırılması və onların hadisəyə gecikmədən müdaxilə etməsi oldu.

"Sahil" ticarət mərkəzi



12 mar 2014-cü ildə Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yandı. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olundu. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənməklə, ümumilikdə 5 nəfər müxtəlif dərəcəli xəsarət aldı. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olundu

"Riyad” ticarət mərkəzi



-2018-ci ilin 15 iyulunda Abşeron rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alındı. Hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahəsi və qapısı yanaraq kül oldu.

"Diqlas” ticarət mərkəzi


Bu ilin mart ayında isə görünməmiş bir yanğın oldu. Bakıda,Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş verdi. ."Diqlas” ticarət mərkəzi yanaraq külə döndü. Alov ətrafdakı obyektlərə keçməsə də, ticarət mərkəzinin özü tamamilə yararsız hala düşüb, sahibkarlara ümumilikdə milyon manatlarla ziyan dəydi.

Yeri gəlmişkən, ticarət mərkəzlərində baş vermiş yanğınlardan yazdıq amma Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş , hadisədə 16 sakini, eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində dünyasını dəyişən soydaşlarımızı da unutmadıq. Bir sözlə, hər birimiz öz işimizdə məsuliyyətli olsaq, belə hadisə və fəlakətlər baş verməz.


Əntiqə Rəşid