BU GORU çATLAMIŞLARA BiZ NiYƏ iŞGƏNCƏ VERiRiK?!

AQİL ABBAS
45104 | 2011-09-24 10:36
Tez-tez televiziya kanallarında eşidirik və görürük, qəzetlərdə, saytlarda oxuyuruq: "Qubadakı soyqırım məzarlığı təhlükədədi", "Quyulardan biri uçmaq üzrədi", "Şəraitsizlikdən sümüklər məhv olur"... və sair və ilaxır.
   
   Ölkəyə gələn qonaqları aparırıq, göstəririk, baxın, baxın, əsrin əvvəllərində ermənilər azərbaycanlılara qarşı necə soyqırım həyata keçiriblər; qoca bilməyiblər, qadın bilməyiblər, uşaq bilməyiblər...
   
   Qonaqlar da üz-gözlərinə yalançı bir kədər ifadəsi geydirib başlarını yelləyir və Qəçrəşdə yeyib-içib elə Qubadan ayrılan kimi də hər şeyi unudurlar. Sonra da tərpənib gedirlər İrəvanda geydirmə soyqırım abidəsinə əklil qoyub zır-zır ağlayırlar.
   
   Tarix baxımından əl uzadılsa çatılacaq, dünən yox, srağagün baş vermiş Xocalı soyqırımına göz yumanları yüz il əvvəl olmuş faciə və faciələrə inandırmaq istəyirik.
   
   Deyəcəksiz təbliğatdı, olsun, mən özüm də bu təbliğatı ölkə xaricində aparanlardan biriyəm.
   
   Dünyada soyqırım abidələri çoxdur. Yəhudilərin, rusların, yaponların, polşalıların soyqırımlara qoyduqları abidələr var. Düzdür, polşalılar ayrıca bir abidə qoymayıblar, amma soyqırım həyata keçirilən konslagerləri saxlayırlar və milyonlarla insan həmin konslagerlərə gəlir və alman faşizminin insanlara necə işgəncə verdiyinin şahidi olur. Mən özüm də həmin konslagerlərin birində olmuşam və gördüklərimdən dəhşətə gəlib uzun müddət özümə gələ bilməmişəm. Polşaya gül kimi turist səyahətim də məhv olub.
   
   Məsələ nədir?! Sizə elə gəlmirmi ki, qırılmağımızdan, doğranmağımızdan, öldürülməyimizdən bir az çox danışırıq, çox yazırıq? Və adama elə gəlir ki, bizim ya əlimizi-ayağımızı pişik yeyibmiş, ya da millətimiz elə yapalaqmış, ermənilər də əjdaha. Sizə elə gəlmirmi ki, belə yazılarla, verilişlərlə, belə təbliğatla gözüqıpıq bir nəsil yetişdiririk?
   
   Xocalıda o dəhşətli soyqırım baş verəndə təbliğatı elə qurdular ki, xüsusilə də televiziya, insanlarda intiqam hissi oyatmaq əvəzinə bir xof yaratdılar, bir qorxu yaratdılar.
   
   Xankəndində ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün ayaqlananda Qarabağın hər yerindən (təkcə Qarabağdan yox) Vətən, Torpaq, Qeyrət hissi ilə yanan minlərlə yeniyetmə əliyalın, uzağı daşla, çomaqla piyada Xankəndinə üz tutmuşdu. Qarabağı Azərbaycandan qoparmaq istəyənləri parça-parça elədilər.
   
   Yadımdan çıxmaz. Yevlaxdan gələnlərin içində 14 yaşlı bir uşaq əlindəki daşı özü ilə Yevlaxdan gətirmişdi. Guya Ağdamda daş tapılmırdı? Tapılırdı! Amma bu qeyrət dağarcığı görün necə bir hiss keçirmişdi ki, hadisəni eşidən kimi hirsindən yerdən bir daş götürüb üz tutmuşdu Ağdama.
   
   O vaxt başsız Azərbaycanın başsız başbilənləri o uşaqların qabağını kəsməsəydi məsələ həll olunmuşdu. Düzdür, ölüm-itim olacaqdı, az da olmayacaqdı, min, iki min, üç min, day 25 min yox. 25 minə yaxın şəhid və Qarabağsızıq!
   
   Sonra o uşaqlar elə əliyalın, daşla, sapandla, ov tüfəngi ilə getdilər düşmən üstünə. Qırıldılar, şəhid oldular və torpaqlarımızın 80 faizini qoruyub saxlaya bildilər.
   
   Əsl faciələrimiz Xocalı soyqırımından sonra başladı. Təbliğatı elə qura bilərdilər ki, həmin o 14 yaşlı yevlaxlı uşaq yenə Yevlaxdan bir daş götürüb düz Xankəndinə qədər gedərdi və Onun qəzəbi qarşısında nəinki erməni, heç 366-cı batalyonun nizami rus ordusu da duruş gətirə bilməzdi. Amma yuxarıda qeyd etdiyim kimi, təbliğat düzgün qurulmadı və qorxu, xof... erməni gəlir...
   
   2-3 il əvvəl Hollandiyada Xocalı soyqırımı ilə əlaqədar Türkiyənin və Azərbaycanın təşkilatçılığı ilə böyük bir anım tədbiri keçirilirdi. Hollandiyanın və bu ölkəyə akkreditə olunmuş xarici ölkələrin bəzi televiziya kanalları da tədbirdə iştirak edirdi. Protokol yerimdə yox, lap arxa cərgədə oturmuşdum. Həm türklər, həm də bizlər ermənilərin türkləri zaman-zaman necə qırmalarından, doğramalarından, yandırmalarından, soyqırım törətmələrindən az qala dəsmal götürüb ağlaya-ağlaya danışırdıq. Guya avropalılar bizim göz yaşlarımızı görüb ürəkləri yanacaq və dərhal ermənilərə deyəcəklər ki, bəsdirin, əl çəkin bu yazıq türklərdən.
   
   Avropalıları inandırmağa çalışırdıq və yenə çalışırıq ki, ermənilər bizim torpaqları işğal ediblər, bir neçə şəhərimizi yer üzündən siliblər, Xocalını da əhalisi ilə birlikdə yandırıblar.
   
   Avropalılar maşallah, eşşək deyillər ha, bilmirlər ki, Xocalıda nə baş verib, bilmirlər ki, ermənilər Azərbaycan torpaqlarını işğal ediblər?! Bilirlər, özü də çox gözəl bilirlər.
   
   Bu ermənilərin arxasında nənələri durmayıb ki, Rusiya, ABŞ, Avropa durub da.
   
   Özümü saxlaya bilmədim və mən də çıxış elədim. Dedim ki, bu dəsmalları yığışdırın. Biz ermənilərin qabağında belə əfəl olmuşuqsa, niyə Atilla, Çingiz, Teymur, Sultan Mehmet erməni deyil türkdü? Niyə ermənilər belə əjdahadısa İstanbulu onlar deyil, türklər fəth edib? Niyə 600 illik imperiyanı ermənilər deyil, türklər qurublar və sair və ilaxır.
   
   Dedim, qardaşlar, bəsdi milləti belə aşağıladınız bu avropalıların qarşısında. O avropalıların ki, İldırım Bəyazit at belinə qalxanda Romada, Parisdə, elə bu Amsterdamın özündə avropalılar şalvarlarını yudurtmaqdan əskiyə döndərirdilər. Deyirlər arxalı köpəklər qurd basar, boş sözdü. Yüz arxalı köpək də qurdu basa bilməz, bir az təntidə bilər.
   
   Biri bir nəfərin qarnı üstə çıxıb döyürmüş və həm də möhkəm ağlayırmış. Soruşurlar ki, ə, döyürsən, bəs niyə ağlayırsan?
   
   O da ağlaya-ağlaya deyir:
   
   - Siz bilmirsiz ey, bunun ayağı burxulub yıxılıb, duranda mənim anamı ağladacaq.
   
   İndi bir az ayağımız burxulub. Bundan faciə düzəltmək, dəsmal götürüb ağlamaq lazım deyil! Ağlatmaq lazımdı. Savaş, sənə qarşı savaşanlarla savaş! Bunu Tanrı buyurub.
   
   Qayıdaq Qubadakı soyqırım məzarlığına. Bu sayı-hesabı bilinməyən insanları təkcə öldürməyiblər ey, ölmək nə dəhşətli şeydir ki, dəhşətlisi odur ki, onların gözləri qarşısında övladlarını, qarılarını doğrayıblar, dəhşətli işgəncələr veriblər. Bu rəhmətliklər dünyanın ən işgəncə görmüş insanlarındandırlar.
   
   İndi də bir işgəncə biz veririk. Sümüklərini gordan çıxarıb tökmüşük ortalığa. Nədi-nədi Avropadan gələn nemeslərə (nemes deyəndə almanları nəzərdə tutmuram. "Nemes" kəlməsinin nə anlam verdiyini hamınız bilirsiz) göstərəcəyik.
   
   Türkiyənin bir çox vilayətlərində, xüsusilə Qars və İqdırda ermənilərin türkləri doğrayıb tökdükləri quyular çoxdur. Bu quyuları açıblar, sənədləşdiriblər, şəkillərini çəkiblər, sonra üstünü örtüblər və quyuların başında bir anıt tikiblər və bu şəkilləri də həmin anıta qoyublar.
   
   Biz isə bu bədbəxt insanlara yenidən işgəncə veririk, ruhlarını incidirik. Onların gorlarını çatlatmayaq, dəfn edək.
   
   Yerində də bir abidə quraq. Sözgəlişi, Qubada möhtəşəm bir soyqırım abidəsi var. Adlarına layiq bir anıt yaradaq.
   
   Amma dəfn edək. Qoy gedib gorlarında rahat yatsınlar.

TƏQVİM / ARXİV