adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Dekabr 2019 09:13
18451
GÜNDƏM
A- A+

Aqil ABBAS: «AĞAC ƏKMƏDƏ SABİRABAD NÜMUNƏSİ»

Ağcabədiyə gedirəm. Sabirabaddan keçəndə gördüm ki, bütün yol ətrafında ağac əkilir. Ağacəkmə kampaniyasından da təbii ki, xəbərim var. Maşını saxlatdım. İnsanlarla görüşdüm və qəribə bir hadisənin şahidi oldum.

Bildiyiniz kimi, bu kampaniyada adətən həmişəyaşıl ağaclar əkilir. Amma heç demə Sabirabadda belə deyilmiş, yol kənarında birinci sıra həmişəyaşıl ağaclar əkirlər. Amma ikinci, üçüncü sırada meyvə ağacları – ərik, zeytun və sair və ilaxır... Dedilər ki, məllim, bu ağaclar böyüyəcək, yol keçən kimsə və bu bölgədə yaşayanlar həmin meyvələrdən bəhrələnəcəklər, əkənlərin və əkdirənlərin dədəsinə rəhmət oxuyacaqlar.

Mənə çox ləzzət elədi.

Yəqin ki hamı bilir, bir az Şamaxıdan, amma tam olaraq İsmayıllıdan düz Balakənədək yol kənarında əkilən ağaclar hamısı qoz ağaclarıdı, bəzi yerlərdə fındıq da əkilib. Bu qoz ağaclarından da yerli əhali bəhrələnir, hətta çoxları qış azuqəsini bu ağaclardan çıxarır. Yəqin ki, bu bölgələrə gedən insanlar yol kənarında qoz və ya fındıq satan uşaqları görürlər. Bəzən mən özüm də, qoz-fındıq o qədər sevməsəm də, o uşaqların xətrinə maşını saxlayıb onlardan nəsə alıram.

İndi iki-üç ildən sonra Sabirabad camaatı da həmin meyvələrdən bəhrələnəcəklər və əkənin də, əkdirənin də dədəsinə rəhmət oxuyacaqlar. Bunu digər rayonların başçılarına da məsləhət görərdim. Yəqin eşidəni də olacaq, eşitməyəni də.

Görək kimlər dədələrinə rəhmət oxudacaq?