adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Dekabr 2019 13:02
8776
GÜNDƏM
A- A+

Hicran Hüseynova: “Qadınlar özlərini azad hiss etmirlər”

"Bu gün heç bir ölkə deyə bilməz ki, biz bütün problemləri həll etmişik. Problemlər hər yerdə var. Əsas olan ölkənin həmin problemlərə münasibəti və obyektiv müdaxiləsidir"

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara qarşı zorakılıqla mübarizə" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan mentalitetində qadına həmişə hörmət olub: "Əfsuslar olsun ki, bəzi mənfi təsirlər ailələrə toxunub. Buna baxmayaraq, Azərbaycan önəmli konvensiyalara qoşulub və çalışıb ki, problemləri həll etsin. Həmçinin qanuvericilikdə güclü qanunlar qəbul edilib. Qanunların baş verən hadisələrə təsiri var. Amma biz istəyirdik ki, insanlar bu qanunları daha çox dərk etsinlər. Bunun üçün daim maarifləndirmə aparırırq. Bu, bütövlükdə cəmiyyətin çiyinlərinə düşən problemlərdir. Mən hər ay rayonlarda qadınları toplayıb, görüşlər keçirirəm. İstəyirəm ki qadınlar hüquqlarını yaxşı bilsin, problem olan zaman etiraz etsinlər, polisə müraciət etsinlər. Əgər bunlar olsa, bir çox hallar azalar”.

Komitə sədri qeyd edib ki, bəzi səbəblərdən qadınlar müraciət etməkdən çəkinirlər: "Bunun səbəblərini araşdırırıq. Bunun əsas səbəbi qadınların özlərini azad hiss etməməsidir. İqtisadi azadlıqları olmadığına görə, özlərini ərlərindən asılı hesab edirlər. Buna görə biz bölgələrdə kiçik bizneslə məğul olmaq üçün yerlər hazırladıq. Eyni zamanda 8 bölgədə resurs mərkəzlərimiz var. Əsas məqsəd evdə qapalı qalan qadınlar üçün treninqlər, kurslar təşkil edib, biznes qurmağı onlara öyrətmək idi. 6000-dən çox qadın buna cəlb olundu. Onların bir çoxu həssas qruplardan olan qadınlardır. Həmin qadınlar sərbəst öz biznesləri ilə məşğuldur. Bundan yaxşı yol yoxdur. Qadınların müdafiə olunmasını istəyiriksə, nə qədər sığınacaq yaratsaq da, qadın gərək özünü daxilən güclü olsun, hüquqlarını bilsin''.