adalet.az header logo
  • Bakı 7°C
06 Dekabr 2019 17:52
32044
SİYASƏT
A- A+

DGK sədri: Gömrük nəzarəti zamanı fiziki yoxlamalar minimuma endiriləcək

Bakı şəhərində "Caspian European Club”un təşkilatçılığı və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevın iştırakı ilə biznes-forum keçirilib.

Komitədən Adalet.az-a verilən məlumata görə, forumda Dövlət Gömrük Komitəsi sədrinin müavinləri, Baş İdarə rəisləri, "Caspian European Club”un Baş İcraçı Direktoru Telman Əliyev və təşkilatın üzvləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin mətbuata qısa açıqlamasından sonra "Caspian European Club”un Baş İcraçı Direktoru Telman Əliyev çıxış edərək təmsil etdiyi qurumla gömrük orqanları arasında faydalı əməkdaşlıqdan danışıb. Bildirilib ki, mütəmadi xarakter alan bu görüşlərdə Komitə rəsmiləri ilə sahibkarlar arasında qurulan konstruktiv dialoq, səmərəli əməkdaşlıq ölkəmizdə biznes mühitinin yaxşılaşmasına, beynəlxalq ticarətin asan və sürətlə həyata keçirilməsinə münbit şərait yaradıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük orqanlarının bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində gömrük orqanları qarşısında ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət səviyyəsinin yüksəldilərək vətəndaş məmnuniyyətinin və şəffaflığın təmin olunması kimi vacib hədəflər müəyyənləşdirilib.

İslahatların uğurla reallaşdırılmasında gömrük-biznes münasibətlərinin mühüm rol oynadığını qeyd edən Səfər Mehdiyev bu məqsədlə gömrük orqanlarının mütəmadi olaraq sahibkarlarla görüşlər keçirdiyini, bu görüşlərdə səsləndirilən təklif və iradların gömrük işinin səmərəli şəkildə təşkilində mühüm rol oynadığını vurğulayıb.

Dövlət başçısının həyata keçirdiyi islahatlar çərçivəsində gömrük sistemində reallaşdırılan layihələrdən bəhs edən Komitə sədri bu ilin fevralından tətbiqinə başlanan "Yaşıl dəhliz” buraxılış sisteminin şəffaflığın təmin olunması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsindəki rolundan da danışıb.

Qeyd edilib ki, 2019-cu ilin ötən dövrü ərzində ticarət dövriyyəsinin 6,4 milyard dolları bu sistemdən istifadə hüququ əldə edənlərin payına düşür və ilin sonuna qədər bu rəqəmin 7 milyarda çatacağı gözlənilir.

2019-cu il ərzində sərhəd-keçid məntəqələrində quraşdırılan yeni texniki nəzarət vasitələri, informasiya texnologiyalarının geniş surətdə tətbiqi ilə reallaşdırılan innovativ layihələr hesabına sərhədkeçmə proseslərinə sərf olunan vaxt 3 dəfəyə qədər azaldılıb.

Risklərin idarə edilməsi sisteminin tətbiqi ilə vahid risk platformasının formalaşdırılması, düzgün uçot sisteminin qurulması və maliyyə nəzarətinin gücləndirilməsi hesabına kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində əldə edilən nailiyyətlərdən də bəhs edən Səfər Mehdiyev son iki ildə 2 milyard manat əlavə vəsaitin toplanaraq dövlət büdcəsinə köçürüldüyünü diqqətə çatdırıb.

Qaçaqmalçılıqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində külli miqdarda qaçaqmalçılıq predmeti olan malların aşkar edildiyi, 2 tondan artıq narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən Komitə sədri, təmsilçilik institutunun təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə də forum iştirakçılarını məlumatlandırıb.

Artıq gömrük orqanlarının tamamilə informasiya texnologiyaları və müasir mobil həllərə əsaslanan yeni "e-növbə” layihəsinin tətbiqinə başladığını bildirən Səfər Mehdiyev, gələcəkdə mobil tətbiqlərin daha da artırılacağını, gömrük nəzarəti zamanı fiziki yoxlamaların minimuma endirilcəyini vurğulayıb, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulma, qanunvericiliyin təkmilləşdirilməsi və digər hədəflər barədə də məlumat verib.

Səfər Mehdiyev onu da bildirib ki, gömrük sistemində islahatlar davamlı xarakter daşıyır və məqsəd kölgə iqtisadiyyatını tam aradan qaldırmaq, şəffaflığı təmin etmək, vətəndaş-məmur təmasını minimuma endirmək, xidmət səviyyəsini ən müasir standartlara çatdırmaqdır.

Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin sədrinə "Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim edilib.

Daha sonra Komitə sədri "Caspian European Club”un yeni üzvlərinə klubun sertifikatlarını təqdim edib.

Sonda sahibkarların sualları ətraflı cavablandırılıb.