adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"WiKiLEAKS" - ŞEYTAN AYƏLƏRi

AQİL ABBAS
47674 | 2011-09-10 06:59
Artıq Dünyaya (yəni bizim dünyaya) Tanrı nəzarət etmir. Nəhayət uzun sürən gərgin mübarizədən sonra Adəm və Həvvanın nəvələri əl-ələ verib Dünyanı Tanrının nəzarətindən çıxara bildi. Deyəsən Tanrının özü də gül kimi cənnəti murdarlamış Adəm və Həvvanın nəvələrindən yoruldu, usandı, bezdi və buraxdı fələyin badına.
   
   Adəm və Həvvanın nəvələri indiyədək elə bilirlər ki, onlar gülməşəkərdilər, Tanrı yalnız və yalnız onların Tanrısıdı. Amma ağılları kəsmir ki, Tanrının milyonlarla dünyası var, bu da olmasın onlardan biri. Tanırya çox lazımmış şeytana uymuşlar.
   
   Tanrı üçün atom zərrəciyi boyda olan və Tanrı üçün heç bir çimdik duz qədər əhalisi olmayan bir dünyaya nə qədər peyğəmbər göndərmək olar?! Nə qədər Tanrı kitabları göndərmək olar?!
   
   İnsanları gündə neçə kərəm minbərlərdən xeyrül-əmələ, kilsə zəngləri ilə haqq yola Tanrı yoluna səsləmək olar?!
   
   Atom zərrəciyi boyda bir Dünyaya nə qədər Sokratlar, Ərəstunlar, Nizamilər, Mikilancelolar, Səttar Bəhlulzadələr, Şekspirlər, Tolstoylar, Baxlar, Üzeyirlər, Qaraqarayevlər göndərmək olar?!
   
   Xeyri yoxdu də!
   
   "Bibliya"dan, "İncil"dən, "Quran"dan üz döndərmişik. Day o kitablara inanmırıq və o kitablardakı müqəddəs ayələrə əməl etmirik.
   
   İndi inanc yerimiz başqa bir kitab olub - Şeytanların yaratdığı "Wikileaks". İndi bizim üçün "Wikileaks"dəki ayələr Tanrı kitablarındakı ayələrdən daha əzizdi.
   
   Hər gün həm Dünya mətbuatı, həm də bizim mətbuat bu Şeytan ayələrindən palaz-palaz yer ayırır. Və bizlər bu Şeytan ayələrini müzakirə edir, təfsillər yazırıq.
   
   Dövlətləri, xalqları şəxsiyyətləri, insanları üz-üzə qoyan, aləmi bir-birinə vuran, Dünyanı çömçə kimi qarışdıran bu Şeytan ayələrinə daha çox inanır, daha çox tapınırıq.
   
   Belə getsə bir azdan keşişlər də, mollalar da, ravinlər də insanları day Tanrı kəlamları ilə deyil, "Wikileaks"ın Şeytan ayələri ilə düz yola, haqq yola çağırırlar.
   
   Azərbaycan dövlətinin, Azərbaycan xalqının, bu xalqın böyük şəxsiyyətlərinə və oğullarına atılan iftira və böhtan dolu Şeytan ayələrini bir həqiqət kimi millətə yedirtməkdən, millətin qulağına doldurmaqdan xüsusi bir ləzzət alırıq. Hələ müstəqilliyinin 20 illiyini qeyd etməmiş dövlətimizə, bu yolda ölüm-dirim savaşına qalxan və minlərlə şəhid verən xalqımıza qara yaxmaqla nüfuzdan salmağa çalışan, ölkəmizi qarışdırmaq istəyən, əmin-amanlığımızı pozmaq istəyən, hətta qardaş Türkiyə ilə aramıza nifah salmaqdan ötəri dəridən-qabıqdan çıxan şeytanlara və onların Şeytan ayələrinə meydan açırıq. Yollarına su səpirik ki, bizi əzməyə, qanımızı sovurmağa gələndə toz olmasın!
   
   Axı bu DÖVLƏT bizimdi! Axı bu MİLLƏT bizimdi! Axı haqqında böhtanlara və iftiralara uydurulan bu ŞƏXSİYYƏTLƏR, bu OĞULLAR bizimdi!
   
   Şeytan və şeytanların iftira üyüdən dəyirman və dəyirmanlarına su tökməklə nə qazanırıq və ya nə qazanacağıq?!
   
   Əzizlərim, Şeytan ayələrinə uymayın!
   
   Və bir də ABŞ-ın və Avropanın diplomatları ilə nəinki rəsmi söhbətlərdə belə, hətta ehsan məclislərində də üstünüzdə diktafon gəzdirin ki, sonra dediklərinizi təhrif edərək özlərinin yaratdıqları "Wikileaks"lər vasitəsi ilə Dünya ictimaiyyətinə, eləcə də xalqımıza sırıya bilməsin!
   
   Az qala yadımdan çıxmışdı. Fürsətdən istifadə edib Rino Harniş başda olmaqla ABŞ-ın ölkəmizdəki bütün keçmiş səfirlərinə salamlarımı göndərir və sayqılarımı bildirirəm.
   
   Cənab Metyu Brayzaya xüsusi salam və sayqılar. İnanıram ki, O, sələflərinin yolu ilə getməyəcək, ABŞ-a göndərdiyi informasiyalar, məlumat və şərhlər dəqiq və qərəzsiz olacaq.
   
   Necə də olsa yeznəmizdi axı!

TƏQVİM / ARXİV