adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Dekabr 2019 18:07
138308
MÜSAHİBƏ
A- A+

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Uşaqlıqdan haqqında əfsənələr eşitdiyim döyüşçü Asim Qasımovla rahat bir vaxtda görüşüb söhbətləşmək həmişə ürəyimdən keçsə də, nədənsə alınmırdı...

Bu yaxınlarda Asimlə görüşlərimizin birində Qılman İmanın atası Aqil İmandan söz düşdü. Asimin söhbətlərindən məlum oldu ki, Aqil İman onunla birlikdə döyüş yolu keçib. Bu xəbəri Qılmana çatdıranda görüşü tezləşdirməyi qərara aldıq. Beləcə, Qılman İmanla sövdələşdiyimiz yerdə görüşüb, qəhrəmanlığı ilə nəyinki Tərtər rayonuna, eləcə də Azərbaycana səs salmış Asim Qasımovun döyüş yoluna yenidən körpü salmaq üçün yollandıq Abşeron rayonunun Mehdiabad qəsəbəsinə - Asim Qasımovun ünvanına. Asim Qarabağ müharibəsi başlayanda ev-eşiyini, iş-gücünü atıb, könüllü cəbhəyə yollanıb, döyüşçü kimi Azərbaycanın ən qaynar nöqtələrinə üz tutub.

Qəsəbəyə çatar-çatmaz qəhrəmanımıza zəng vururam ki, ünvanını istinad versin. Telefonda bizimlə danışa-danışa səsi eşidilir. Asim payız gəlsə də, havanın günəşli olmağından fürsətlənib həyətində iş görür. Pir olmuş əlindəki işi bir kənara qoyur. "Siz gəlin, mən özüm yola çıxıb sizi qarşılayacam” deyir. Qəsəbənin girişində söz verdiyi kimi, bizi özü qarşılayır. İllərin dostları kimi qucaqlaşıb görüşürük. Birlikdə yolun ətəyindən tutaraq üz tuturuq onun yaşadığı ünvana.

Asim oğluna səslənir: - A bala, qonağımız var.

Bu an evin qapısı açılır, hər üçümüzü evin kəndarında Asimin böyük övladı qarşılayır. Əyləşmək üçün yer göstərir. Biz də yerimizi rahatlayana qədər, süfrəyə çay gəlir. Çox danışmaqla o qədər də arası olmayan Asimin, bizi görüb könlü açılır. Uşaqlıqdan poeziya vurğunu olan Asim söhbətimizə Sərraf Şiruyənin şeirləri, Aqil İman haqqında xatirələri ilə keçid edir. Vəzirli, Elmanlı, Tərtərli günləri ömrünün qızıl səhfəsi kimi yaddaşımıza yazır.

Mənsə fürsəti fövtə verməyib diktafonun "play” düyməsini basıb, Asimin söhbətlərini dinləyirəm...

Asim bəy, xoş gördük. Sizin adınızı eşidib, haqqınızda bilmək istəyənlər üçün yəqin ki, tərcümey-halınız maraqlıdır.

Xoş gününüz olsun. 27 iyul 1969-cu ildə Göyçə mahalının Kəsəmən kəndində anadan olmuşam. 1986-cı ildə orta məktəbi həmin kənddə bitirmişəm.1987-1989-cu illərdə Almaniyada Plaun şəhərində Piyada Döyüş Qoşunun da hərbi xidmət keçmişəm.

Bildiyim qədər sizin kənd elə də böyük olmayıb...

Bəli, elə də böyük kənd deyildi. Yüz iyrimi təsərrüfatlıq kiçik bir kənd idi. Amma yaxşı mənzərəsi, təbiəti, qonaqpərvər insanları, ziyalıları varıydı. İndi də o ziyalılardan var; o torpaq olmasa da, nəsil dəyişsə də yenə də yetişir.

Göyçənin qaçqınlığından nə zaman xəbər tutdunuz?

Mən hərbi xidmətdə olanda eşitdim. 1988-ci ilin fevralında təzə-təzə başlayırdı bu münaqişə. Fevral-mart aylarından bu məsələ ciddi start götürmüşdü. Hərbi xidmətdə olsam da atamgil, dostlarım məktub yazanda mənə bildirirdilər ki, Göyçədə vəziyyət yaxşı deyil. Ermənilər bizi öz torpağımızdan çıxarmaq istəyirlər. Mən əvvəl Kuybyşev şəhərində, Samarada olmuşam, ondan sonra Almaniyaya çıxıb getdim. Almaniyaya gedəndən sonra ara qarışdı, xeyli vaxt məktub yaza bilmədim. Həmin vaxtlar köçkünlük olmuşdu, bizimkilər də köçüb Şəkiyə gəlmişdilər. Şəkidən atam mənə məktub yazıb bildirdi ki, biz artıq Göyçədən qovulmuşuq, Şəkidə yaşayırıq. Mən də 1989-cu ildə xidməti başa vurub Şəkiyə gəldim. Şəkidə çox qalmadıq, 1990-cı ildə Tərtərin Bəyimsarov kəndinə köçdük.


Döyüşlərə necə başladınız?

20 yanvar hadisələrindən sonra bizdə güclü intiqam hissi yaranmışdı. 1991-cı ildə Tərtərdə bizim məskunlaşdığımız Bəyimsarov kəndində könüllülərindən ibarət özünümüdafiə batalyonu yaranmışdı. Biz də kənd uşaqlarıyla çıxırdıq Tərtərin üst tərəfində postda dururduq. O vaxt ermənilər Tərtərə "Alazan" raketi atırdılar. 1992-ci ildə noyabrın 8-də Tərtər Rayon Hərbi Komissarlığından məni hərbi xidmətə çağırdılar.

Baxmayaraq ki, həmin anlarda siz könüllülərədən ibarət batalyonda qulluq edirdiniz…

Bəli, könüllülərdə qulluq edirdim. Sonra Müdafiyə Nazirliyinin hərbi hissələri yarandı, dedilər ki, nə vaxt lazım olsa, çağıracağıq. 1992-ci ilin noyabr ayı orduya çağırıldım. Mənim ilk döyüşüm Vəngin üstündəki Qızılqayada başladı. Qızılqaya da Ağdərə rayonun ərazisidir. Orada Vəngin "znovkası” deyirlər. İlk döyüşüm orada başladı. Birinci döyüşümüydü. Çox çətin döyüş oldu.

Təsəvvür elə, erməninin yerləşdiyi postlara o qədər yaxınlaşmışdıq ki, orada ancaq əl qranatı işləyirdi. Ermənilər bizə əl qranatı atırdı, bizdə tutub ermənilərə atırdıq.

Tərtərin Qaradağlı kəndindən Habil adlı bir döyüşçü var idi. Qranat qəfil Habilin əlində açıldı. Bir qolunu, bir də dizini apardı. Gürcüstanlı Şərif dayı varıydı, türmədən gəlmişdi. Bir döyüşdə on beşə yaxın qranatı əliylə tutub, geri ermənilərə atırdı. Əlli səkkiz yaşı olmasına baxmayaraq, çox cəldiydi. Qolu da həmin döyüşdə yaralanmışdı. Döyüşçü yoldaşı Rizvana demişdi ki, sən get. Rizvan da getməyib, Şərif dayını sürüyə-sürüyə götürüb ərazidən çıxarmışdı. Ermənilərə dörd avtobus qüvvə köməyə gəlmişdi. Həmin qeyri-bərabər döyüşdə on iki nəfərin meyidi qaldı erməni tərəfdə.

Bəs orda qalan şəhidlərimizin nəşinin taleyi sonra necə oldu?


Təxmini iki aydan sonra təzədən yenə həmin əraziyə hücuma keçdik. Onda komandirimiz Milli Qəhrəman rəhmətlik Elman Hüseynov idi. Döyüşü o aparırdı. Getdik həmin yerləri azad etdik. Elman rəhmətliyi həmin yerdə başından vurdular. O da mənim yanımda şəhid oldu. Qabaqda BMPT-2 ni ermənilər qoyub qaçmışdılar. Dedim, gedək BMPT-2-ni götürək. Elman müəllim dedi, Asim, çox o yana-bu yana qaçma, səni vuracaqlar, ehtiyatlı ol. Qismətə bax ki, azca qabağa keçmişdim ki, ermənilər snayperlə Elmanın başından vurdular. Məmmədov Silduz varıydı. Onun düz yanına yıxıldı, gəldik götürdük, endirdik aşağı. Səhərisi günü yenə getdik həmin yeri aldıq. On iki nəfərin meyidini çıxartdıq. Meyidlər orda qalmışdı. Meyidləri ermənilər tanınmaz hala salmışdılar. Birinin qulağını, birinin qıçasını kəsmişdilər; əllərindən, ayaqlarından, ağaca, taxtaya mıxlamışdılar.

Həmişəki kimi erməni vəhşiliyi

Üçü Sarov kəndindən idi. Əfqanıydı, Vidadiydi, Sərdarıydı. Bir də iki qardaş varıydı, həmin döyüşdə şəhid olmuşdular. Tərtərin hansısa kəndindən idilər, unutmuşam…
Onlar elə səngərdə şəhid olmuşdular. Biri də Kəngərlidəniydi, onun da nəşini çıxardıb gətirdik. Demək olar, orada meyidimiz qalmadı, hamısını çıxartdıq.

Milli Qəhrəman Vəzir Orucovla tanışlığınız necə oldu bəs?


Qızıl qayadaydıq. Tərtərə göndərilmiş bütün batalyonlar geri çəkilmişdi, bircə Tərtər batalyonu qalmışdı. Ermənilər hücuma keçib, bizim yerləşdiyimiz döyüş mövqeyimizin alt tərəfini aldılar. Həmin vaxt döyüşdə bir mən qalmışdım, bir də Qaradağlıdan Məmmədov Vaqif qalmışdı. Biz döyüş mövqeyimizi dəyişəndə baxdıq ki, dəstə gəldi. Rəhmətlik Vəzir, Suliddin, Mustafayev İlham, bir də Mətləb gəlmişdi. O da Səhləbaddanıydı. Burada xeyli - gecə saat 1-2-yə qədər atışdıq. Ancaq avtomatla atırdıq, başqa silahımız yoxuydu. Erməniyə məxsus BMPT-2 lap yaxınlığımızdaydı, amma vura bilmirdik. Mən bir az ermənicə başa düşürdüm. Mustafayev İlham var. Qolunun birini də döyüşdə itirib. Eşitdim ki, erməni yanınadakına İlham haqqında söyərək, deyir ki, gədə burdadır. Ona güllə atma, diri tutmaq lazımdır. Mən İlhamı kənara çəkdim ki, tez çıx get, səni tutmaq istəyirlər. Getmirdi, onu birtəhər çıxartdım. Gəldik aşağı, hərəmiz bir tərəfdən çıxa bildik. İlhamla aşağıda görüşdük. Dedim ki, İlham ermənilər səni sağ ələ keçirmək istəyirdilər. Vəzir də ordaydı. Vəzirlə ilk tanışlığımız orada oldu. Ondan sonra çox döyüşlərdə iştirak etdik.

Yaddaqalan, qalib olduğunuz döyüşlər çoxmu olub?

Ən güclü döyüşlərimiz Sərsəngin qabağında "Turbaza” deyilən yer var, orada olub. Ermənilər ora hücum etmişdi. Biz hücumun qarşısını alıb dincəlməyə getmişdik. Gecə saat ikiydi, qəfil rəhmətlik Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb. Biz oranı Sumqayıt batalyonuna vermişdik. Sumqayıt batalyonu da ermənilər atanda, qaçıb getmişdilər. Bir batalyondan təkcə Tofiq qalmışdı. İndi deyəsən Sumqayıtda polisdə işləyir. O da erməniylə təkbaşına atışır. Biz də gəlib ermənilərə hücuma keçdik. Əlli-altmışa yaxın erməni meyidi varıydı. Hələ onlardan bir snayperçi qız da ölmüşdü. Həmin yeri yenə özümüzə qaytardıq, tapşırdıq Goranboy batalyonuna, getdik dincəlməyə. Sonra briqada Atektdə qalmışdı. O vaxt artilleriyanın rəisi Varsiyax vardı. Nəcməddin Sadıqov çıxmışdı, onlar qalmışdı Attektdə. BMPT-2-lə mən onların arxasınca getdim. Ermənilər yola diversiya tökmüşdü. Gecə onları mühasirədən çıxara bildik. Dörd-beş günüydü əlaqə kəsilmişdi, onlara kömək getmirdi. Ordan qayıdanda mənə soyuq olmuşdu. Rəhmətlik Vəzir səngərdən məni aşağı endirdi. Getdim evə, müalicə alırdım. Müalicəyə təzə başlamışdım, eşitdim ki, Vəzir döyüşə girib, müalicəmi yarımçıq qoydum, bir qrup da mən götürüb, getdim Vəzirin yanına. Biz həmin vaxtı hücuma keçəndə, ermənilər də hücuma keçidlər. Bizi sağımızdan-solumuzdan mühasirəyə alıb, keçdilər arxaya. Döyüşə-döyüşə yendik aşağı. Sən demə, Ermənilər Goranboy batalyonunu tutuqları mövqedən vurub çıxarıblarmış. Biz yaxınlaşanda elə bildik Goranboy uşaqlarıdır, sonra gördük ermənilərdi. Ermənilər bizi görəndə, "ara, gəlin” deyən kimi Vəzir üç-dördünü PEKA-nan vurdu. Rəhmətlik Əliyar vardı, Vəzirin qonşusuydu. Dedi, o maşınları erməniyə qoya bilmərəm. Bizim maşınlar da yolun qırağında qalıbdı. Gedirəm onları götürməyə. Getdi, maşına otuz-qırx metr qalmış, gülləylə vurdular.


Əliyarın meyidini götürüb gəldik. Bizdən dörd-beş avtobus qalmışdı. Orada, Suluddin, Şöhrət bir də məniydim. Maşınların hamısını PEKA-nan vurub yandırdıq. Daha aşağı düşmədik, döyüş mövqeyi tutduq. Goranboy Batalyonu hücuma keçəsiydi, nəsə oldu, Goranboy hücuma keçmədi. Ermənilər bundan istifadə edib keçdi bizim arxa tərəfimizə, biz də mühasirəyə düşdük. Bizim az sayda qüvvəmiz qalmışdı, iyrimi dörd nəfər mühasirədə qaldıq. Ermənilərə üç-dörd tərəfdən böyük qüvvə gəlmişdi. Bir gün mühasirədə qaldıq, sonra çıxdıq. Amma Vəzir geridəydi. Rus jurnalisti Aleksandr Nevzorov Vəzir haqqında danışırdı ha, hadisə həmin vaxtlar olmuşdu.

Eşitdiyimə görə, Vəzir yaralananda hərbi hospitalda atası Surxay kişi İsgəndər Həmidova sillə vurur…

O hadisə bizim kənddə -Bəyimsarovda olmuşdu. O Bəyimsorov kəndi ki, doxsanıncı illərdə Tərtər ərazisi üzrə bütün hərbi hospital həmin kənddə yerləşirdi. Ora Səhra Hospital sayılırdı.

Vəzir döyüşdə yaralananda Daxili İşlər naziri İsgəndər Həmidov hospitalda qapının ağzında dayanıbmış ki, heç kim içəri keçib əməliyyata mane olmasın. Vəzirin atası gəlir, İsgəndər Həmidov deyir ki, içəri keçmək olmaz. Deyir, nə keçmək olmaz?! Əsəbləşir, yerindəcə İsgəndərə sillə vurur. Çox güman ki, Surxay kişi İsgəndəri tanımamışdı. Həm də əsəblərini cilovlaya bilməmişdi.

Vəzir Orucovun ölümünü necə xatırlayırsız?

Gecə mən postdaydım. Səhər-səhər Vəzir gəldi yanıma. Heç o da gecəni yatmamışdı. Dedi, dur faqodları hazırlayaq, kəşfiyyat xəbər gətirib ki, ermənilər gəlir. Həmin günü erməninin iki dolu maşınını vurdu. Vurandan sonra, dedi, tez hücuma keçməliyik. Saat 12 və ya 1 olardı. Getdi texnikaları gətirməyə. Bir BMPT-2, bir dənə də tank gətirdi. Bayram varıydı. Vəzir Bayrama dedi ki, sən düş qabağa, sən mənimlə getməlisən. Bunlar getdilər, Vəzirgil gözdən itdilər. Ermənilərlə məsafəyə iyrimi-otuz metr qalmışdı. Mexannikə dedim, tez sür BMP-ni. Ermənilər qranatla BMPT-2-ni hədəf almışdılar. Oğlanın həyəcandan ayağı əsdi. BMP-2-ni xoddan söndürdü.

Çox güman ki, təcürbəsiz olub döyüş görmədiyi üçün həyacanlanıb…

Cavan uşağıydı. Birtəhər BMPT-2 ni xodladım, ərazidən çıxa bildim. Yoxsa məni də əsir götürəcəydilər. Gəldim dedilər ki, Vəziri vurublar. Bayram PEK-la, Vəzirdə qrantamiyotla döyüşürmüş. Döyüş qızışır, Vəzir Bayrama deyir ki, çəkil kənara, özüm atacam.
Elə oradaca vurmuşdular. Güllə düz alnından dəymişdi.

Ağdərə rayonunun xüsusən əlli altı kəndin geri alınmasında Vəzirin xüsusi xidmətləri var. Bircə Vəng kəndini almamışdıq. Vəzir hazırlaşırdı ki, o kəndi də alaq. O, çox qoçaq, cəsur idi. Kəşfiyyatı da çox gözəl bilirdi, bildiklərini də döyüşdə tətbiq edirdi. Ona görə Vəzirlə olan döyüşlərdə həmişə qələbə çalırdıq..

Asim, bir halda ki, Vəzir Orucov, Elman Hüseynov, Suliddin Yusifov və başqa sizin kimi döyüşən qorxmaz oğullar olduğu halda, niyə torpaqlarımızı itirdik?

Torpaqlar xəyanətin qurbanı oldu. O vaxt pərakəndəlikiydi. Bu Tərtər batalyonudur, bu Gəncə batalyonudur, bu Goranboy batalyonudur və s. bu cür pərəkəndəliyiydi. Vahid rəhbərlik yoxuydu. Burdan deyirdilər Tərtər batalyonu getsin, ordan deyirdilər, Bərdə batalyonu gəlsin. Misal üçün, Tərtər batalyonu ortada gedirdisə, burdan deyirdilər, Mingəçevir batalyonu geri qayıtsın. Hamı istəyirdi ki, qəhrəmanlığı öz adına yazsın.

Tərtəri nə yaxşı işğal edə bilmədilər? Tərtər torpaq aldı, amma vermədi...

Birinci növbədə bu, tərtərlilər də milli qeyrətin, birliyin olması ilə bağlıdır. Tərtərdə hamı bir nəfər, bir nəfər isə hamı üçün vuruşurdu. Bir də Tərtər batalyonunun hamısı tərtərlilərdən ibarət deyildi ki. Kənar rayonlardan nə qədər desən, döyüşə gələnlər varıydı. Bərdədən, Qubadan, Xaçmazdan, Sumqayıtdan, Tovuzdan… Erməni adını eşidən kim olurdusa, silaha sarılırdı ki, Tərtəri qorusun. Əlavə qüvvələr Tərtərin özündən gəlirdi, adlarını da yazdırmırdılar, gəlib könüllü döyüşürdülər. Belə şeylər Tərtəri qorudu. Bir də Sərdar Həmidovun icra başçısı kimi döyüşçülərin, camaatın yanında olması tərtərlilərdə böyük ruh yüksəkliyi yaratmışdı. Erməni nə qədər atsa da, hamı görürdü ki, Sərdar Həmidov əynində hərbi forma, Tərtərin ən qaynar bölgəsində döyüşçülərnən bir yerdədir.

"Qapanlı” əməliyyatı da ağır əməliyyatlardan olub…

Axırıncı döyüş Qapanlıda oldu. Erməni yenidən Qapanlıya hücuma keçdi, amma girə bilmədi. Sonra 777-ci birqada oradan çəkildi. On bir nəfər orada qaldıq. Bir oğlan varıydı - Məmmədov Rafiq. Dedi, ciyərim yanır, gedim görüm evdə su varmı? Mən Rafiqə "dayan, hara gedirsən?”, deyəndə ermənilər Rafiqi gülləyə tutdular. Mən də onlara atəş açdım. Rafiq birtəhər aradan çıxa bildi. Sonra gəldik Qapanlının kəndinin sağ tərəfinə, orda post tutduq. Tərtərin icra başçısı Sərdar Həmidov mənimlə rabitə əlaqəsi yaradıb soruşdu ki, neçə nəfərsiz? Dedim, on bir nəfər. Dedi, təcili post qur orada, sizə kömək göndərəcəm. Biz on bir nəfər bir saat yarım ermənilərlə atışdıq. Ondan sonra bizə güclü kömək gəldi. İyrimi dəqiqəyə Qapanlı kəndini ermənilərdən təmizlədik. Hələ o kənddəndə o tərəfə getdik. Ondan sonra ermənilər özləri çaş-baş düşmüşdülər ki, bu qədər qüvvə az müddətdə necə oldu gəldi. Kənddə hardasa ermənilərin səkkiz-doqquz tankı varıydı, hamısını çıxartdıq. Qapanlının o biri başında çəkillik deyilən yer var. Ora erməni hərbiçiləriynən doluydu. Gecə düşən kimi taxıllığa girib qaçmışdılar.


O vaxt ermənilər adını Markuşavan qoyduqları Şıxarx kəndinin, Çaykəndinin alınması ən uğurlu əməliyyatlardan hesab olunur. Siz də o əməliyyatlarda yəqin ki, iştirak edibsiniz…

Şıxarx kəndi iki dəfə alınıbdı. Bir dəfə Xocalı hadisəsi zamanı geri alındı. Xocalıda salamat çıxanların hamısına ən böyük köməyi Tərtər camaatı etdi. Belə ki, Xocalıya gedə bilmirdik, dedik heç olmasa ermənilərin başını burda qataq. Tərtər polisləri, könüllülər hücum etdik Şıxarx kəndini aldıq. Məqsədimiz diqqəti Xocalıdan Tərtərə yönəltməyiydi.

Orda ermənilər yaşayırdı…

Bəli, yaşayırdı. O vaxt ordan nə qədər erməni əsir gətirdik. Mən sizə 1992-ci ilin fevralın 26-dan danışıram. Onda erməni Xocalıdan hərbi qüvvəsini çəkib, Şıxarxa (Marquşavana) göndərdi. Ermənilər Xocalıdan hərbi qüvvəni Tərtərə yönləndirəndən sonra sağ qalan xocalılar mühasirəni yarıb Ağdam istiqamətində salamat gəlib çıxa bilmişdilər. Bunu heç bir yerdə yazmırlar, demirlər. Bu dəqiq, fakt olan bir şeydi. Əgər həmin vaxtı Tərtər Şıxarxa hücuma keçməsəydi, Xocalıdan bir nəfər də olsun sağ çıxmayacaqdı.

Söhbətləşdi:İLQAR İSMAYILOV