üRƏYiNi üRƏKLƏRƏ QURBAN VERƏN HƏKiM

AQİL ABBAS
42660 | 2011-09-09 06:00
Həkim dünyada yeganə insandır ki, Əzrayılla vuruşur. Mən bu fikri ilk dəfə professor Əhliman Əmiraslanovla bağlı yazdığım bir məqalədə işlətmişdim. Amma, ümumiyyətlə, bütün həkimlər Əzrayılla vuruşurlar. Və bu çox çətin bir savaşdı. Əzrayılın arxasında yeri, göyü heçdən xəlq eləyən Tanrı dayanır. Həkimin arxasında isə elmi, savadı və bir də insanlığa sevgisi. Həkimin arxasında dayanan, güvəndiyi Əzrayılın kürəyində dayanan, güvəndiyinin yanında sıfırdı. Amma bu qeyri-bərabər savaşda həkimlər çox zaman Əzrayıla qalib gələ bilirlər.
   
   O da Əzrayılla savaşır. Özü də bütün ömrü boyu. Özü üçün yox, insanlar üçün. Özü üçün savaşda Əzrayıla məğlub oldu. Amma insanlar üçün savaşda yüzlərlə insanı Əzrayılın cəngindən qopartdı.
   
   36 ildən çox idi insanların ürəyinə məlhəm idi. Son 18 il isə onun üçün daha ağır idi. Çünki yanına gələnlərin əksəriyyəti evləri-eşikləri yandırılmış, yağmalanmış qaçqınlar idi, köçkünlər idi. Bu insanların ürəyi isə ağacdan asılmış, amma saplağı çürümüş armud kimidi. Elə bir himə bənddi qopub düşsün...
   
    Elə özünün də ürəyi saplağı çürümüş armud idi...
   
    İndi gəl dərddən-kədərdən, ağrıdan-acıdan çürümüş bu saplağı qoru, bu saplağa həyat ver, o armudu yerə düşməyə qoyma. Amma o bunu bacarırdı.
   
   İkimiz də bir şəhərdən olsaq da elə yaxından tanımırdım. Uzaqdan-uzağa salamımız vardı. Amma haqqında çox eşitmişdim, hər bir insan kimi, həm də bir həkim kimi.
   
   Bir gün mən də hiss elədim ki, sinəmdəki armudun saplağı deyəsən çürüyür. Dostum Sərdar həkim məsləhət gördü ki, bir ona dəyim.
   
   Ədliyyə Nazirliyinin Pentensiar İdarəsində işləyirdi. Rəhmətlik, jurnalist dostum Pərviz Əliyev məni götürüb apardı onun yanına. Növbədə xeylax adam vardı. Və hiss elədim ki, onların da hamısının sinəsindəki armudun saplağı çürüyüb. Çünki tanış üzlər, tanış gözlər, tanış dərdlər, tanış ağrılar. Mən heç vaxt növbəyə dayanmağı xoşlamaram. Hətta povestlərin birində yazmışam ki, bilsəydim ki, bu növbədə xoşbəxtlik paylayırlar və mən də yeddinci adamam, növbəyə durub ala bilərəm, növbəyə durmazdım.
   
   Amma Pərviz desə də ki, keç içəri, dedim yox, növbəmi gözləyəcəm. Bu vaxt özü çıxdı bayıra və bizi gördü, Pərvizlə görüşdü, öpüşdü, mənimlə də salamlaşdı, hal-əhval tutdu, növbəyə duranlardan xahiş elədi ki, icazə verin, müəllim keçsin. Növbədəkilər də məni tanıyırdılar deyə, hörmət elədilər, mən keçdim.
   
   Ürəyimi bütün detalları ilə öyrənəndən sonra güldü. Dedi ki, müəllim, bizim millət belədi də, ürəklərini məhv eləyəndən sonra gəlirlər həkimin yanına.
   
   Dedim həkim yəni o məsələ? Güldü. Dedi narahat olma, Şuşanı görəcəksən. Beləcə bizim münasibətlərimiz başladı və əlini verdi Əzrayılın qılıncının qabağına, mənim sinəmdəki armudun saplağını qopmağa qoymadı.
   
   Və bütün həkimlər kimi xahiş elədi ki, mümkünsə, siqareti tərgidin. Mən də kişi kimi onun sözünə əməl eləyə bilmədim və indi bu yazını yazanda artıq üçüncü siqareti çəkirəm. Mənə həyat verən oğlanın haqqında heç ürəyim istəməyən bir yazı yazıram. Buna ürək neynəsin.
   
   Bir dəfə Sərdar həkim telefon açdı ki, bəs, dostumuz xəstələnib, evdə yatır. Dedim gedib dəyərik.
   
   Biz də dostların xəstələnməyi də bir az maraqlı olur, məzəli olur. Hamı yığışır gedir, hələ də əlində bir şey aparır, xəstə sahibi də xəstəsini unudur, yemək-içmək süfrəsi açır, baxır görürüsən ki, gecə saat ikidi, hələ yeyib-içirsən.
   
   Amma indi elə deyil. Hərənin yüz problemi, yüz dərdi. Yəni gedib dəyə bilmədim. Və bir də Sərdar həkim telefon açdı ki...
   
   Dirisinə dəyməyə gedə bilmədik, ölüsünə dəyməyə getdik. Görən bağışlayarmı?!
   
   Söhbət Mübariz Əliyevdən gedir. O Mübariz Əliyevdən ki, Qarabağın ən məşhur ürək həkimlərindən biri idi. Yuxarıda dediyim kimi, yüzlərlə insanı Əzrayılın pəncəsindən qoparmışdı. Elin, obanın ən sevilən insanına çevrilmişdi. Həddindən artıq təvəzökar idi. Hələ kimsə onun bərkdən danışdığını eşitməmişdi. Hələ kimsə onun hansısa bir nöqsanını görməmişdi. Çox qəribə adamıydı. Və bir də elə bil bu adam heç gülə bilmirdi. Həmişə sifətində bir kədər vardı. Bu kədər insanların qəlbindəki kədəri çıxarıb atandamı onun üzünə çökürdü, yoxsa hamının yaşadığı Qarabağsızlıq kədəri idi. Yəqin hər ikisi.
   
   Heç demə savaşda ona qalib gələ bilməyən Əzrayıl onun özündən intiqam almağa çalışırmış. Onun ürəyini cənginə keçirib sıxırmış. Onun əllərindən qoparıb ala bilmədiyi ürəklərin əvəzinə onun öz ürəyini qoparıb almağa çalışırmış.
   
   Və özü Əzrayılla savaşda məğlub oldu.
   
   Amma heç vaxt Mübarizə öldü deməl olmaz. Vaqif Bayatlı Ödərin təbrincə desək, su kimi çəkilib torpağa getdi.
   
   Mübariz Əliyev ölümdən xilas elədiyi insanların, onu tanıyanların ürəyində əbədi yaşayacaq. Onun ruhu da xəstələrini qoruyacaq. Onun ruhu da Əzrayılla savaşacaq.
   
   Hə, Sərdar həkim, bir dostu da belə kayb etdik.
   
   Mübariz həkimi sevənlərin və dostlarının bir təsəllisi var ki, onun çox gözəl övladları var.
   
   Torpağı nurla dolsun.

TƏQVİM / ARXİV