adalet.az header logo
  • Bakı 19°C
04 Dekabr 2019 15:09
80444
SAĞLAMLIQ
A- A+

Əvəlikli umac şorbası-həm dadlı, həm faydalı

Azərbaycan təbiəti o qədər zəngindir, florası o qədər çeşidlidir ki, insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkiləri tam bir nemətdir, desək yanılmarıq. Belə şəfa qaynaqlarından biri də əvəlik bitkisidir.

Adalet.az xəbər verir ki, Qafqazın bir çox bölgəsində, xüsusən, Qarabağda rast gəlinən bu bitkidən qida kimi də geniş istifadə edilir.

Yeri gəlmişkən, Qafqazda 25, Azərbaycanda isə 17 növü bitən əvəliyin vətəni əsasən Qarabağ, Naxçıvan Muxtar Respublikası və Qazax-Tovuz zonası hesab olunur. Buğlamada, göy kətəsində, dovğada, umacda istifadə olunan əvəlik həm də müalicəvi əhəmiyyətinə görə də tanınır. Həm yaşıl, həm də qurudulmuş şəkildə istifadə edilir. Qış fəslində isə qurudulmuşundan bir neçə xəstəliyin müalicəsi olan əvəlikli umac şorbasınıı yerini heç nə verməz. Qarabağ ellərində nənələrimiz bu yeməyi qış aylarında xəstələnən adama içinə bol istot töküb verirdilər. Türkəçarələrdə əvəlik soyuqdəymə və mədə xəstəliklərində çox istifadə olunurdu. Tibb elmi bu bitkinin xeyrindən, müalicəvi əhəmiyyətindən dəfələrlə müxtəlif jurnal və qəzetlərdə elmi məqalələr dərc edib. Bildirilib ki, əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin "iksirləri” hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.

Qarabağ mətbəxinin ən sevilən qış yeməklərindən olan əvəlikli umacın hazırlanma qaydasınıda oxucularımıza xatırladırıq. Əvvəlcə doğranmış əvəliyi qaynayan suda bir neçə dəqiqəlik qaynatmaq lazımdır. Əvəliyin qaynaması onun həm acısının, həm də tünd rənginin çıxması üçündür. Başqa bir qazanda kərə yağı dağ olunur və üzərinə su əlavə edilir. Bu müddətdə isə undan umac edirik. Su qaynayanda üzərinə süzülmüş əvəliyi və qarışdıra-qarışdıra umacı əlavə edirik. Və yeməyimizi qatılaşana kimi bişiririk, ocağı söndürməzdən əvvəl duzunu tökürük. Beləliklə müalicəvi əhəmiyyətə malik olan əvəlikli umac şorbamız hazırdır.

Əntiqə Rəşid