adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2019 14:14
15474
MƏMLƏKƏT
A- A+

Kamran Əsədov: Azərbaycan təhsilinin uğurları

PİSA (The Programme for İnternational Student Assessment- şagird nailiyyətlərinin beynəlxalq qiy-mətləndirilməsi proqramı) – Dünyanın müxtəlif ölkələrində oxuyan orta məktəb şagirdlərinin (15 yaşa kimi) bilik və bacarıq səviyyələrini ölçən ən nüfuzlü proqramlardan biri olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən layihədir. PISA ölkələr üzrə ümumi təhsilin keyfiyyətinin monitorinqini aparır. Bu proqram 2000-ci ildən etibarən 3 ildən bir keçirilir və proqrama qatılan ölkələrdən 100 minlərlə şagird cəlb olunur.

Əsas məqsəd isə bir suala cavab tapmaqdır: 15 yaşındakı şagird müasir cəmiyyətdə tam fəaliyyət göstərməsi üçün zəruri olan təhsil, ümumi bilik və bacarıqlara malikdirmi?

Azərbaycan indiyə kimi bu proqramda 2 dəfə iştirak edib – 2006 və 2009-cu illərdə. 2006-cı ildə 64 ölkə arasında 54-cü, 2009-cu ildə isə 65 ölkə arasında 64-cü yerə sahib olmuşuq. Sonradan əvvəlki Təhsil Nazirliyi qərar qəbul etdi və Azərbaycan 2012-ci il testlərinə qatılmadı. Məsələ bundadır ki, 3 il ondan əvvəl – 2009-cu ildə Azərbaycan 65 ölkə arasında 64-cü yeri tutub. Yəni yalnız Qırğızıstandan irəli çıxa bilmişdi. Bundan sonra təhsil rəsmiləri bu dəyərləndirməni obyektiv saymayıb, «ikili standart» adlandırmışdılar.

PISA hesabatında ilk 25-yə daxil olan ölkələrin adına baxdığmız zaman açıq şəkildə görünür ki, təhsil səviyyəsi ilə iqtisadi inkişaf səviyyəsi bir-biri ilə düz mütənasibdir.

Bildiyiniz kimi, Təhsil Nazirliyi son 6 il ərzində təhsildə ciddi, köklü islahatlar aparır. Demək olar ki, təhsilin bütün pillələrində nəzərə çarpan islahatlar dövrü başlayıb. İslahatların müsbət nəticələri Azərbaycan məktəblilərinin iştirak etdiyi 3 beynəlxalq qiymətləndirmə proqramının nəticələrinə də öz təsirini göstərib. Belə ki, Azərbaycan PİSA imtahanlarda 2006 və 2009-cu illərdə son beşlikdə (riyaziyyat istisna olmaqla) yer aldığı halda 2018-ci il üçün açıqlanan nəticələrdə göstəricilər, şagirdlərin sualları cavablandırması son imtahanda əvvəlki illərlə müqayisədə ciddi şəkildə yüksəlmişdir.

2015-ci ilin nəticələrində 72 ölkədən olan 540.000 iştirakçı arasında keçirilən sorğunun nəticəsinə əsasən Sinqapur bütün koteqoriyalar üzrə birinci yeri tutmuşdu. MDB ölkələrindən ilk 25-ə yalnız Rusiya (23-cü yer) riyaziyyat kateqoriyasında düşə bilib. Həmin kateqoriya üzrə Qazaxsan 42, Moldava 51, Gürcüstan 59-cu yerdə qərarlaşmışdı. Müsəlman ölkələri arasında isə ən yüksək nəticələri BƏƏ (48-ci yer) və Türkiyə (50-ci yer) göstərmişdi.

2018-ci ilin nəticələrinə görə isə PİSA-da böyük təcrübəyə malik qardaş Türkiyə ortalama baldan 4 pillə aşağıda yer tutub, Azərbaycan 69-cu pillədə qərarlaşıb. Bu qiymətləndirmədə mütəmadi iştirak edən Qazaxısatn və Gürcüstandan irəlidə olmağımız Azərbaycan təhsilin uğurudur. (Ermənistan bu qiymətləndirmədə iştirak etmir). İlk yerdə bu il Çin və Sinqapur qərarlaşır.

Təhsildə uğurun yeganə səbəbi, əsas məsələ müəllim keyfiyyətidir. Azərbaycan keyfiyyətli təhsil sistemini qurmaq üçün uzun məsafə qət edib və bunun üçün böyük investisiyalar qoyub. Başlıcası o idi ki, son 5 il ərzində müəllim olacaq şəxslər məzunlarının ən bacarıqlılarından seçilir.