adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Dekabr 2019 14:28
12161
MƏMLƏKƏT
A- A+

Jurnalist od püskürdü: “Belə ailəm olduğu üçün utanıram”

"Siz heç toylara yazdırdığı pulu geri yığmaq üçün saxta məclis təşkil edən sonda isə bəylə gəlini döyərək evdən qovan ailə eşitmişdiniz? Bu əhvalat təəssüf ki, dünən başıma gəldi. Ailəm toya yazdırdığı pulu yığmaq üçün Əsli və məni aldatdı”.

Adalet.az xəbər verir ki, bu sözlər gənc jurnalist Nurlan Libreyə məxsusdur. O, bunları sosial media hesabında paylaşıb və ailəsindən imtina etdiyini söyləyib.

"Bu hadisəni ictimailəşdirməkdə məqsədim bəlkə də öz doğmalarınızın qədrini anlamağınız üçündür. Ailəm ilk başda Əsli ilə izdivacıma qarşı idi. Onlara görə Əsli tərbiyəsiz küçə qızı, bizim ailəmizə yaraşmayan fərd idi. Bunu mənə dedikləri zaman sakitcə dediklərini qəbul edib, evdən birdəfəlik çıxdım. Bir həftəyə yaxın dost-tanış evində qaldıqdan sonra Əsli ilə kirayə evə köçdük, nikah üçün Asan Xidmətə müraciət etdik. Bu dönəmdə Əslinin ailəsi Zərdabda toy etmək üçün bizdən xahiş etdilər. İnanın toya bir manat belə xərc çəkmədim, hələ üstəlik toydan yığılan pulu artıqlamasıyla bizə verdilər ki, yeni ailəsiniz ehtiyaclarınız üçün xərcləyin. Anam isə Əslinin ayaqlarına düşdü ki, gəlinim yox, qızımsan, səni səhv tanımışıq. Toydan gələn gəlir də sizin olsun.

Ailəmin edəcəyi toyu istəmirdim. Bakıda kiçik bir banket düzəltməyə gücüm çatırdı. Bilirdim ki, ailəm toyu mənə görə yox, nəslin içində adları təmizə çıxsın deyə edir. El-aləm var, qohum-qonşu nə deyər axı?! Əslinin təklidləri ilə toya razı oldum. Toy gününə kimi hər şey normal idi. Toy günü əyləncəmizə imkan vermədilər, sanki toy qohumlar üçün imiş kimi...

Bütün bunlardan sonra toydan imtina edərək, Əsli ilə taksiyə minib getmək istədim. Dostlarım mənə imkan vermədi. Güc-bəla toyu başa vurduq. Elə ki, toy qurtardı. Evdə pulun sayılma vaxtı çatdı. Dünənə kimi ailəmin gəlinim dediyi qız birdən birə oldu küçə qızı. Qardaşım, atam, anam, qohumlarım üstümüzə hücum çəkib, bizi döyə döyə evdən qovdular, pərişan halda evdən zorla qaçdıq”.

Cütlük bildirib ki, məsələ ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə şikayət edib:

"Belə ailəm olduğu üçün utanıram. Mənə övladlarının səadətini pula satan, camaat nə deyər düşüncəsi ilə yaşayan ailə lazım deyil. Övladlarının şad gününü 50 qonağın 50-200 manat arası yazdıracaqları pula görə bərbad edən mənə lazım deyil. Atam Qəhrəmanlı Ramiz Yusif oğlundan, anam Qəhrəmanlı Zenfira Heydər qızından, Qardaşım Qəhrəmanlı Xəyal Ramiz oğlundan imtina edirəm”.

Əntiqə Rəşid