adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YA AZAD OL, YA TAMAM YAN, AZƏRBAYCAN

AQİL ABBAS
45602 | 2011-09-06 10:21
Təkcə ötən yüzildə İranda yaşayan qardaşlarımız neçə dəfə öz haqq və hüquqları uğrunda mübarizəyə qalxdılar. İstibdadla ölüm-dirim savaşına girdilər. Nə qədər qırılsalar da Vaqif Bayatlı Odərin təbirincə desək, gün işığı kimidilər, nə qədər basdırsalar da yenə torpağın üstə qalarlar.
   
   Və hər dəfə də dünya öz azadlığı uğrunda mübarizəyə qalxan xalqın tərəfində deyil, istibdadın tərəfində olub.
   
   Yandırıldılar, divarlara hörüldülər, az ərlər qaldı, amma yox olmadılar. Xəlil Rza demiş, öz kişi bətnləri ilə yenidən doğdular və doğuldular.
   
   Bu gün yenə ayaqdadılar. Bu gün yenə onlara qanlı divan tutulur. Rejimin azərbaycanlılara necə divan tutmaları, işgəncə vermələri həm foto, həm də video görüntülərlə saytlara yerləşdirilib. Amma dünyanın vecinə də deyil. Dünya türklərin fəryadı üçün kar və kordu.
   
   Heç uzağa getməyək. BMT hələ qətnamə çıxarmamış istədikləri ölkələri bombalayırlar, işğal edirlər, amma 18 ildi Qarabağla bağlı çıxartdığı 4 qətnamə kağız üzərində qalıb.
   
   Qardaşlarımız dünyadan kömək umur. Liviyada 150 adam mitinq edən kimi ABŞ və NATO sinəsini cırdı, Avropa ölkələri sinəsini cırdı ki, Liviya rejimi xalqı boğaza yığıb. Liviyanı bombaladılar, müxalifəti silahlandırdılar ən müasir silahlarla, hələ öz Rembolarını da göndərdilər ərəb qiyafəsində.
   
   İndi İranda bütöv bir xalqa qarşı az qala soyqırım keçirilir, amma dünya bunu görmək istəmir.
   
   İngilis dilini bilmədiyimdən oğlanlarımdan xahiş elədim ki, dünyanın ingilis dilli aparıcı mətbuatlarını araşdırsınlar, İranda baş verən hadisələrdən xəbər tutaq. Heç nə yoxdu. Bir "Günaz TV" özünü öldürür, bir də həm İrandakı azərbaycanlılar, həm də dünyanın başqa-başqa ölkələrinə səpələnmiş qardaşlarımız sosial paylaşım saytlarında tanıdıqları və tanımadıqları bütün ziyalılara, insanlara müraciət edərək kömək istəyirlər.
   
   Sağ olsun "Lent.az" ki, heç olmasa İranda baş verən hadisələrlə bağlı müfəssəl bir material dərc edib. Biz də həmin materialı bugünkü nömrəmizdə yerləşdirmişik.
   
   Bizim Türkiyənin siyasətinə qarışmağa ixtiyarımız yoxdu, amma ummağa ixtiyarımız var. Sayın Ərdoğan Qəzzaya gedir və ümumiyyətlə, Osmanlı dönəmində Türkiyənin kürəyinə xaincəsinə xəncər saplayan ərəblərdən ötəri Türkiyə İsrail kimi möhtəşəm bir dövlətlə düşmən oldu, bütün diplomatik əlaqələri kəsdi. Az qala müharibə vəziyyətindədilər. Amma biz heç vaxt tarixdə yəhudilərin türklərin kürəyinə xaincəsinə xəncər sapladığını oxumamışıq və eşitməmişik. Yəhudilərin ən ağır vəziyyətində türklər onlara sahib də çıxıb. Yəhudilər də həmişə bunu qiymətləndirib. Dünyadakı yəhudi lobbiləri də uydurma erməni soyqırımının tanınmaması üçün həmişə Türkiyənin yanında olub.
   
   İndi Türkiyə demirik İranın daxili işlərinə qarışsın, amma hər halda İran hökuməti ilə danışıqlar aparıb problemlərin silahla deyil, danışıqla çözülməsini saxlaya bilər. Tehrana nümayəndə heyəti göndərə bilər, Təbrizə nümayəndə heyəti göndərə bilər. İki gündən bir Suriyaya, Misirə, Liviyaya gedən Əhməd Davudoğlu yolunu Tehrana, Təbrizə də sala bilər.
   
   
   
   Eləcə də biz bu barədə İranla danışa bilərik. Qonşum, din qardaşım orda yaşayan azərbaycanlılar da sənin vətəndaşlarındı. Dövlət öz vətəndaşlarına qarşı bu qədər amansız ola bilməz. Biz də nümayəndə heyəti göndərə bilərik.
   
   Hökumətimiz də bağışlasın, mən də ona məshələt verirəm. Sadəcə olaraq bir ziyalı kimi, bir yazıçı kimi ürəyimizdən keçənləri deyirik. Millət vəkillərimiz də bir heyət kimi Tehrana gedə bilər.
   
   Və bu qarşıdurma heç də İrana fayda verməyəcək. Süngüylə hakimiyyətə gəlmək olar, amma süngüylə uzun müddət hakimiyyəti saxlamaq mümkün deyil. Elə örnək Sovet İttifaqı.
   
   İran da dünyanı üstünə güldürməməlidi. Dünyanın ürəyi gedir ki, özünün qıra bilmədiyi müsəlmanları da müsəlmanlar özləri qırsın. Necə ki, İraqda qırırlar, Əfqanıstanda qırırlar, Pakistanda qırırlar, Suriyada və Liviyada qırırlar, hələ Bəhreyn, Yəmən... yavaş-yavaş da!
   
   İran hər vəchlə Azərbaycanın həm daxili, həm də xarici siyasətinə qarışmağa çalışır. Adını yadından çıxartdığım Firuz Badiydi, ya Firuz Badadiydi adlı generalı da bu günlərdə ağlına gələni yox, ağzına gələni danışmışdı. Gəyirdiyiylə nə elədiyini qanmayan bu generala layiqli cavab verildi. Amma bunla iş bitmir.
   
   Biz də İrana bir "dur" deməliyik. Ortaq mədəniyyəti, ortaq ədəbiyyatı, ortaq adət-ənənələri, eyni dini paylaşan xalqlarıqsa, qapıbir qonşuyuqsa, gəlin bağları qırmayın. Bu heç kimə xeyir gətirməz, xüsusilə də İrana.
   
   Cənublu qardaşım, sən dünyadan kömək umma, sən təkcə ötən yüz ildə arxasız-filansız yalnız özünə güvənməklə dörd dəfə inqilab eləmisən, xeyrini görməmisən. Eybi yox, ruhdan düşmə. Bu dəfə dünya səninlə olmasa da, bizlər və Allah səninlədi!
   
   YERİ GƏLMİŞKƏN. 46-CI İLDƏ YENİ YARANAN BMT-nin İLK QƏTNAMƏSİ AZƏRBAYCANIN ƏLEYHİNƏ OLUB. BUNU UNUTMAYIN!

TƏQVİM / ARXİV