adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Noyabr 2019 16:27
20532
GÜNDƏM
A- A+

Şahmar Mövsümov Azərbaycan Prezidentinin köməkçisi təyin olunub

Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

Adalet.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.

Qeyd edək ki, Ş.Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub.

O, 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb, ixtisasca iqtisadçıdır.

2003 - 2004-cü illər Harvard Universitetinin Con Kennedi adına Hökumət məktəbinin, dövlət idarəçiliyi üzrə magistrı dərəcəsinə yiyələnib.

1995 - 2005-ci illər Milli Bankda beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.

2005 - 2006-cı illər Milli Bankın Baş direktoru vəzifəsində işləyib.

15 may 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsinə təyin edilib.

12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədr müavinidir.

2006 - 2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olub.

2006 - 2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.

2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür. 2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının və 15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür. 5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədridir.

Ş.Mövsümov 14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir. 2018-ci il 20 sentyabr tarixindən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.

Ş.Mövsümov ingilis, fransız, rus, türk dillərini bilir.

Evlidir, üç övladı var.