adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Noyabr 2019 15:26
101614
MƏDƏNİYYƏT
A- A+

Mahnılarda yaşayan ömür:İslam Rzayev - 85

Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri , milli musiqi sənətinin görkəmli nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü mərhum İslam Tapdıq oğlu Rzayevin anadan olmasının 85-ci il dönümüdür.

Görkəmli muğam ustası 1934-cü il noyabr ayının 11-də Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. O, ilk təhsilini başa vurduqdan sonra Bakıda Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olduqdan sonra burada ustad sənətkar Seyid Şuşinskinin sinfində xanəndəlik sənətinin sirlərinə dərindən yiyələnib. Bu dövrdə onun bir müğənni kimi yetişməsində görkəmli ifaçılardan Zülfi Adıgözəlovun və Həqiqət Rzayevanın böyük təsiri danılmazdır. İslam Rzayev daha sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirərək ifaçılıq sənətinə gənc yaşlarından başlayır. Müğənni uzun illər ərzində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. "Muğam Teatrı”nın yaradıcılarından biri olan İslam Rzayev 1988-ci ildən ömrünün sonunadək burada bədii rəhbər kimi fəaliyyət göstərib.

Dinləyicinin daxili aləminə nüfuz edərək onda güclü emosional təsir yaratmaq bacarığı, muğam aləminin daxili qanunauyğunluqlarına bələd olması və incə musiqi duyumu İslam Rzayevin sənətini fərqləndirən mühüm xüsusiyyətlərdən idi. Daim muğam qaynaqlarından bəhrələnən, öz dəst-xətti ilə seçilən və təkrarolunmaz ifa üslubu ilə yadda qalan müğənninin zəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən olduqca yüksək qiymətləndirilb. Onun uzun bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərməkdən ibarət olub. Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirib. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb. Xalq artisi 70-dən artıq qastrol səfərlərində olub, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıb. Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub.

Əntiqə Rəşid