adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2019 15:05
19509
GÜNDƏM
A- A+

Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədə inkişaf edir

Rumıniya Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Adalet.az-ın məlumatına görə, Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib. Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxış edərək ölkəsinin müstəqillik tarixindən bəhs edib, ölkələrimiz arasındakı əlaqələrin daim möhkəmləndiyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiya”nın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın Milli Günü münasibətilə səfiri və onu simasında Rumıniya xalqını Azərbaycan Respublikası Hökuməti adından təbrik edib.

S.Babayev Rumıniya ilə ölkəmiz arasında əlaqələrin Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdən başladığını, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ölkəmiz arasında dostluq münasibətlərinin artıq 27 ildən çoxdur ki, davam etdiyini deyib. O bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf potensialı olduqca genişdir. Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması dövlət başçılarımız tərəfindən əməkdaşlığa verilən böyük önəmdən irəli gəlir. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. 2009-cu ildə imzalanan "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə”, həmçinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm addım olub.

Nazir qeyd edib ki, ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rumıniyanın dəstəyini qiymətləndiririk. Ümid edirik ki, bu dəstək münaqişənin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına öz töhfəsini verəcək.

S.Babayev ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin mövcud əlaqələrin hüquqi bazasının formalaşdırılmasını təmin etdiyini , ümumilikdə 60-dan çox sənəd imzalandığını deyib. Bildirib ki, iki ölkə arasında mövcud olan Müştərək Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişafında mühüm rol oynayır. Bu günə qədər Komissiyanın 5 iclası keçirilib, 6-cı iclasının isə gələn il Bakı şəhərində keçirilməsi planlaşdırılır.

Nazir iqtisadi əməkdaşlığın mühüm tərkib hissəsi olan ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. Qeyd edib ki, hər iki tərəf mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət dövriyyəsinin artırılması istiqamətində səy göstərməlidir. 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Rumıniya ilə ticarət dövriyyəsinin həcmi 110,39 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 51,43 mln. ABŞ dolları, ixracın həcmi 58,96 mln. ABŞ dolları təşkil edib.

İnvestisiya sahəsində əməkdaşlıqdan da bəhs edən S.Babayev həmçinin sənaye, tikinti, ticarət, xidmət və nəqliyyat sahələri üzrə 9 Rumın şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini, investisiya sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu deyib. O, birgə səylərimiz əsasında Azərbaycan-Rumıniya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib və dost Rumıniya xalqına firavanlıq arzulayıb.