adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Noyabr 2019 14:02
34348
SAĞLAMLIQ
A- A+

Tanınmış cərrah Kamal Yusufov – 100

Qarabağın gözü –ürəyi sayılan Şuşa tək təbii gözəllikləri, milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi, Azərbaycanın təkrarolunmaz mədəniyyət mərkəzlərindən birikimi deyil, həmdə unikal insanları ilə seçilib. Şuşa haqqında düşünəndə adamın gözləri qarşısına bir tərəfdə dağların sinəsində məğrur dayanan doğma şəhər, digər tərəfdə də onun şöhrətini ellərə yayan şuşalılar canlanır.

Düz 100 il əvvəl belə bir şuşalı doğuldu. Bəlkə də valideynləri onun adını Kamal qoyanda heç ağıllarının ucundan keçirməyiblər ki, bu körpə gələcəkdə Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsi, bütün ömrünü tibb elminə və insanların sağlamlığına həsr etmiş tanınmış cərrah, Respublikanın əməkdar həkimi Kamal Yusufov olacaq. Yüzlərlə, minlərlə insanın yüksək ehtiramla tanıdığı bir qarabağlı kimi hörmətlə yad ediləcək. Şuşanın, Qarabağın, Azərbaycanın tanınmış tibb nəhəngləri ilə-həkim Mirzə Məmmədqulu bəy Qayıbov, Mirzə Məhəmməd Qarabaği (Bağır oğlu), Azərbaycanda cərrahiyyənin əsasını qoymuş, Avropada tibb təhsilinə yiyələnmiş Kərim bəy Mehmandarov kimi savadlı həkimlərlə adı bir sırada çəkiləcək .

Düz 100 il əvvəl-27 noyabr 1919-cu ildə Şuşa şəhərində, papaqçı ailəsində anadan olan bu balaca oğlan orta təhsilini doğma şəhərində başa vurur, sonra isə Şuşa Pedaqoji Texnikumunu bitirir. 1938-1939-cu ildə illərdə rayonun "kolxoz bayrağı” qəzetinin məsul katibi vəzifəsində işləyir. Ordu sıralarına çağrılanadək Şuşanın Qusçular kənd məktəbində müəllim kimi fəaliyyət göstərir.


1939-cu ildən Belorusun Lyuboml şəhərində ordu sıralarında sıravi əsgər kimi qulluq etməyə başlayrb, az sonra serjant rütbəsi alır. Böyük Vətən müharibəsi başlayanda Kamal Yusufov pulemyotçu bölmənin komandiri təyin edilir. 1942-ci ilin sonlarında ağır yaralanaraq ordudan təxris edilir. Doğma şəhərinə qayıtdıqdan sonra 2 il Şuşa Rayon İcraiyyə Komitəsinin məsul katibi vəzifəsində çalışır.Amma oxumaq xalqının işinə yaramaq, xalqına sözün həqiqi mənasında xidmət etmə Azərbaycan gənc Kamalın qarşısıalınmaz arzusu olur. Beləcə, 1944-cü ildə Kamal Yusufov Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. 1949-cu ildə professor F.A.Əfəndiyevin rəhbərlik etdiyi pediatriya və sanitar-gigiyena fakültəsinə, kliniki cərrahiyyənin ordinaturasına qəbul edilir. Ordinaturanı bitirdikdən sonra, 1953-cü ilin fevral ayında Səhiyyə Nazirliyinin göndərişi ilə Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə müdir və baş cərrah təyin edilir. Öz üzərində işləməkdən, öz sahəsində bir mütəxəssis kimibilik və təcrübəsini ardıcıl davam etdirməkdən yorulmayan Kamal həkim az bir vaxtda həm kollektivin, həm şəhər əhalisinin hörmətini qazanır. Amma yenə də tibbin sirrlərinə daha dərindən yiyələnməyi qarşısına məqsəd qoyur. Bu məqsədlə 1959-cu ildə Leninqrad həkimləri Təkmilləşmə İnstitutunda ortopediya, protezləşdirmə və travmatologiyanın əsasları, 1960-61-ci illərdə Tiflis həkimləri Təkmilləşdirmə İnstitutunda torakal cərrahiyyəsi, 1965-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Klinikasının proktologiya elmi-tədqiqat laboratoriyasında proktologiya üzrə ixtisaslaşma kursları keçir.



1966-cı ildə Səhiyyə Nazirliyinin təqdimatı ilə özünün yaratdığı Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinə müdir təyin edilir. 1968-ci ildə Mingəçevir şəhər Partiya Komitəsinin və ZDS İcraiyyə Komitəsinin vəsadəti ilə yenidən Mingəçevir şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və baş cərrahı təyin olunur.

1968-ci ilin iyun ayında Kamal Yusufova tibb sahəsində əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Respublikanın Əməkdar Həkimi fəxri adı verilir. Onu da qeyd edək ki, Kamal Yusufovun əməyinin dövlət tərəfindən qiymətləndirilməsi bununla yekunlaşmır. Fəaliyyəti dövründə o, "Arxa cəbhədə rəşadətli əməyə görə” (1945), "Rəşadətli əməyə görə” (1961) medalları ilə, "Vətən müharibəsi” ordeni ilə (1985), "Səhiyyə əlaçısı” nişanı ilə, Ali Sovetin fəxri fərmanları ilə də təltif edilir.

Kamal Yusufov hər bir azərbaycanlının fəxr edə biləcəyi bir soydaşımızdır. 1985-ci ilədək Respublika Cərrahlar Cəmiyyəti idarə heyətinin və "Azərbaycan tibb jurnalı” redaksiyası şurasının üzvü olub. Ümumittifaq cərrahlar qurultayında (Moskva, 1955-ci il), uroloqların 1-ci Ümumittifaq qurultayında (Bakı, 1972-ci il), Zaqafqaziya cərrahlarının və həkim-proktoloqların (Moskva, 1972-ci il) 4-cü konfranslarında nümayəndə və məruzəçi kimi iştirak edib. 1973-75-ci illərdə Mingəçevir şəhər səhiyyə şöbəsinə Kamal Yusufov rəhbərlik edib. 1979-cu ildə paytaxta-Bakı şəhərinə köçüb. 1980-ci ildən 1983-cü ilədək Respublika Kliniki Xəstəxanasının proktologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1983-cü ildən ömrünün sonunadək həmin xəstəxananın cərrahiyyə korpusunun qəbul şöbəsinə rəhbərlik edib.

Təəssüf ki, 1999-cü ilin mart ayında nəinki şuşalıların, qarabağlıların, həmçinin azərbaycanlıların fəxr yeri olan, ömrünü insanların sağlamlığına həsr etmiş cərrah Kamal Yusufov vəfat etdi.

Kamal Yusufovgilin ailəsini xalqın yolundaxalqın xidmətində olan ən nümunəvi bir ailə kimi xarakterizə etmək olar.Onlar ailədə yeddi qardaş olublar. Onlardan altısı müharibəyə yollanıb, beşi geri qayıtmayıb. Cəbhədən yaralı qayıtmasına baxmayaraq Kamal özündə güc tapıb həyata davam edib. Təkcə öz əvəzindən yox, həm də müharibədə həlak olmuş qardaşlarının əvəzindən yaşamağı bacarıb. Həkimlik fəaliyyəti dövründə on minə yaxın (8110) cərrahi əməliyyat aparıb. Minlərlə insanın sağlamlığını, həyat eşqini yenidən özünə qaytarıb, neçə-neçə ailəni vaxtsız insan itkisinin faciəsindən xilas edib.



İstər həkim yoldaşları, istərsə də pasienti olmuş insanlar deyirlər ki, Kamal Yusufov xəstələri yalnız dərin elmi-nəzəri biliyi, yüksək bacarığı, zəngin təcrübəsi ilə deyil, həm də özünün insanpərvərliyi - mehriban davranışı, şəfqətli baxışları, böyük ürəyi ilə sağaldıb həyata qaytarırdı. Təkcə Bakıda yox, ömrünün böyük hissəsini yaşayıb, işlədiyi Mingəçevirdə də onun xatirəsi tanıyanlar tərəfindən daim ehtiramla yad edilir.

Kamal Yusufov 1963-cü ildə ailə qurub. Üç övladı dünyaya gəlib. Bir qız, iki oğlan. Ailənin kiçik oğlu Rauf Yusufov hazırda atasının peşəsini davam etdirir, həkimdir. Rusiyanın Farmasintez şirkətinin Azərbaycan nümayəndəsidir. Ailənin digər iki övladı Kamilə Ağayeva və Kamil Yusufov geofizika sahəsini seçiblər.

Kamil Yusufov Norveçin Logtek AS neft və qaz servis şirkətinin Baş Geodata Məsləhətçisidir. Kamilə Ağayeva AMEA-nın Geologiya İnstitunun böyük elmi işçisi, geologiya və mineralogiya üzrə fəlsəfə doktorudur.

Övladlarının dediyinə görə Kamal Yusufov həkimlikdən başqa həm də çox yaxşı aşbaz olub. Vaxtaşırı, ailəsi və yaxın dostları üçün Qarabağ mətbəxinin ləziz xörəklərini bişirirmiş. Qarabağsayağı plovları xüsusi sevgilə hazırlayırmış. O, kitab oxumağı və muğama qulaq asmağı da çox sevərmiş. İstirahət günlərində radioda gedən muğam saatı verilişinin heç bir buraxıışını ötürməz, sevə-sevə dinləyərmiş. Ən çox sevdiyi məşğuliyyətlərdən biri də övladlarını muzeylərə aparmaq və onlarla birgə tarixi abidələr olan yerləri gəzmək olub Kamal Yusufovun...

P.S

İstirahət günlərinin birində Kamal həkim ailəlikcə Bakıda yaşayan yaxın dostunun övlad toyuna gedir. Toyda təzəcə oturub rahatlanıbmış ki, Mingəçevirdən xəstə gətirildiyini xəbər verirlər ona. "Evin yeganə övladıdı”-deyirlər- "vəziyyəti ağırdı, ağacdan yıxılıb, daxili qanaxması var”.

Kamal həkim dərhal toy mərasimini tərk edib işə gedir. Çox gərgin cərrahi əməliyyatdan sonra xəstə ölümün pəncəsindən xilas olur...

İllar sonra – bir gün Kamal həkim işdə olarkən gənc bir ailə otaxına girir. Cavan oğlan, yanında da qucağında bələk tutmuş gənc xanım. Salam verəndən sonra oğlan sual dolu baxışlarını həkimə zilləyib dillənir:

Həkim, tanımadınız? Vaxilə siz məni ölümdən qurtarmısınız. Ağacdan yıxılan oğlanam, ailə qurmuşam, yanımdakı xanımımdı. Bugünlərdə oğlumuz olub, gəlmişəm ki, xeyir-dua verəsiniz, adını Kamal qoyaq...

Əntiqə Rəşid