adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Noyabr 2019 11:00
39133
ƏDƏBİYYAT
A- A+

ALLAHI SEVƏN RAFİQ TAĞI...

8 il öncə noyabrın 19-da gecə evinə dönərkən bıçaqlanan tanınmış yazıçı Rafiq Tağı xəstəxanada jurnalistə müsahibə verəndən bir-neçə gün sonra (noyabrın 23-də) dünyasını dəyişdi. Qətlinə fətva verilən Rafiqin bıçaqlanması nə qədər "başa düşülən” idisə, 4 gündən sonra xəstəxanada qəfildən vəfatı bir o qədər də müəmmalı idi.

Özünü yaxşı hiss edirdi

Noyabrın 20-də APA agentliyi həkimlərə istinadən "ölüm təhlükəsi olmadığını”, 21-də isə BBC News Azərbaycanca onun səhhətində müsbət dəyişiklərin olduğunu bildirmişdi. Yeddi yerdən yara almış Rafiqin jurnalistə dediklərindən belə məlum olurdu ki, hücum edən şəxs onun sinəsinə bıçaq vurmaq istəyərkən, yazıçı əlindəki qovluğu sinəsinə sıxıb, buna görə də, bıçaq ürəyinə girməyib...

O gün onu reanimasiyadan palataya köçürmüşdülər. Rafiqi 40 ildən çox tanıyan yaxın dostu şair Baba Vəziroğlu da BBC Azərbaycancaya onun özünü çox yaxşı hiss etdiyini söyləmişdi...

Əfsuslar olsun ki, "Cinayətlərimizin əksəriyyəti əxlaq və mənəviyyat motivlidir” deyən yazıçını, esseisti və təcili yardım həkimini "təcili və təxirəsalınmaz” ÖLÜM ağuşuna aldı. Bu ölüm onu dörd - beş il idi ki, casus kimi izləyirdi.

Fətva

...Allahı sevən və Allahın da onu sevdiyini düşünən Rafiq Tağı din xadiminin Allahın adı ilə başqasının ölümünə fətva verməsini absurd sayırdı.

Rafiqin Masallıdan olduğunu təbii ki, çoxumiz bilirik. Fəqət Allahdan aşağı baş verən fırıldaqları həzm edə bilməyən yazıçının qətlinə fətva verən iranlı ayətulla Şeyx Fazil Lənkaraninin əslən Masallıdan olduğunu bilənlər azdır. Şeyx Fazilin atası da adlı-sanlı din xadimi idi, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra İrana mühacirət etmişdi.

"Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz” essesinə görə həbs olunması, 2007-ci ildə 75 yaşlı Şeyx Fazil Lənkəraninin vəfatı Rafiqin qətlinə verilən fətvanı "durdurmadı”

Rafiq Tağının fikrincə, əsl İslam dinini ortaya çıxarmaq üçün bütün mövhumi işləri tənqid etmək lazımdır. Deyirdi ki, mənim dinlə bağlı yazdıqlarım Axundovun «Kəmalüddövlə məktubları»nın yanında milyonda bir dəyərində deyil... "Avropa və biz” yazım din haqqında deyildi. Avropa dəyərləri haqqında idi”

Xeyirxah adam idi

Azərbaycanda Rafiqə vicdanlı, olduqca təmiz, xeyirxah, maarifpərvər, əsl ziyalı kimi dəyər verənlər də vardı. Baba Vəziroğlunun təbrincə desəm, Rafiq böyük yazıçı olduğu kimi kiristal və ziyansız bir insan idi.

Haqqında yazılanlardan: Təcili yardımda işlədiyi vaxt yataqxanada ağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balaca uşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərək geri qayıdır və ərzaqları qaçqın ailəyə verir. Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlar böyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkimin başsız qalan ailəsinə öz yardımlarını təklif ediblər.

Müsahibələrinin birində "Rafiq Tağı mənim tərcümeyi-halımdı...” deyən Baba Vəziroğlu onun hekayələrini Çexovun hekayələrinə bərabər tutur.

Ateist deyildi

"...Mən Allahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanımışam. Ona qədər isə kor-koranə ateist idim, çünki sovet məktəbi bunu tələb edirdi. Amma tibb sahəsinə gələndən sonra gördüm ki, bu cür dərin, gözəl şeylərin mütləq bir yaradıcısı olmalıdır. 16 yaşımdan bu günə kimi heç kim deyə bilməz ki, sən ateistik fikir demisən. Amma Allahdan aşağı olan bir çox fırıldaqları həzm eləmirəm...”

Şərq ölkələrində baş verənlərə təəssüf edirdi Rafiq. Bir də deyirdi ki, niyə Qərb ölkələri çiçəklənir, amma İslam ölkələrinin çoxu acından ölür?

Rafiqin bəzi fikirləri ziddiyətli olsa da özü konfliktə meylli adam deyildi. Səmimiliyi, saflığı, həlimliyi, təmkini danışığından, davranışından bəlli olurdu.

Yaralandığı gün...

Yazılarına olduğu qədər də həkimlik sənətinə çox məsuliyyətli və ciddi yanaşırdı. Baxın, bu adam görün nə qədər doğru - dürüst, vicdanlı adam idi ki, ağır yaralandığı gecə işlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçün icazə alıb.

Rafiq Tağı on bir il Moskvada yaşamışdı. Dediyinə görə, Moskva mühiti onu azad düşünməyə öyrətmişdi. Amma özünün dediyi kimi, Azərbaycana gələndən sonra yazılarına etiraz dalğası təbəqə-təbəqə olurdu. "Məsələn. elə yazım olur ki, siyası təbəqə qoşulur. Elə yazım da olur dini, bəzən də ziyalı təbəqə qoşulur.”

Ölümünə sevinənlər də vardı.

Təssüf ki, 8 il əvvəl Rafiqin ölümünə sevinənlər də vardı... Yazıçı Seyran Səxavət haqlı olaraq deyirdi ki, "Rafiq Tağının ölümünə sevinənlər, görünür, ondan xeyli əvvəl ölüblər, sadəcə elə-belə fiziki cəhətdən mövcuddurlar”.

Yazıçı, millət vəkili Aqil Abbas təssüflə deyirdi:

- Ən böyük ateist Mirzə Fətəli Axundovu, dini fanatizmi tənqid edən Mirzə Cəlili, Sabiri öldürmədilər. Özü də dinin ən yayğın vaxtında... Ancaq 21-ci əsrdə hansısa açıq fikirlərinə görə Rafiq Tağını öldürdülər... Görün biz hardan-haraya gəlmişik. Cəhalət daha da artır. Buna qarşı da dövlət qurumları mübarizə aparmalıdır... Bizdə yalançı dindarlıq, yalançı vətənpərvərlik və başqa "pərvər”lik var. Rafiq Tağı bu mənada çox aydın adam idi. Dini qəbul etməyə bilərdi, kəskin yazıları ola bilərdi, ancaq buna öldürməklə cavab vermək olmazdı.

Yaradıcılığa şeirlə başlamışdı

Mən məktəbli ikən Rafiqi rayon qəzetində dərc olunan yazılarından tanıyırdım. Bədii yaradıçılığa şeirlə başlamışdı. İlk şeirləri 19 yaşında "Çağırış” qəzetində dərc olunmuşdu. Şeirlərində bulaqları su dolu sərincə, daşları dağ çayının yumruqlarına, kəhraba zəmilərdə başını aşağı dikən sünbülləri həyalı, utancaq gözəllərə bənzədən Rafiq Tağınin özü də çox abırlı, el arasında deyildiyi kimi, başıaşağı, qızdan- gəlindən həyalı İNSAN idi.

70-ci illərdə "Çağırış”ın şənbə səhifəsində "Novruz Xoşbəxt kopmleksi” adında maraqlı bir yazısı dərc olunmuşdu. Düzü, belə "fağır” adamın qələmindən sərt yazı çıxmasını çoxu gözləmirdi. İllər keçdi, mən də Novruz Xoşbəxt haqqında esse yazdım. Bəzən xarici görünüşü şair olanın daxili şair olmur. Bəzən də əksinə.... Rafiqin və sonralar mənim obrazını yartmağa çalışdığım əyalət şairi Novruz müəllim həm daxilən, həm zahirən şair idi . Rafiq də "Novruz Xoşbəxt kombleksi”nə fəlsəfi aspektdən yanşmışdı. Əslində sovet dönəmində belə təxəllüs götürən şairlərin heç biri xoşbəxt deyildi...

Rafiqlə Bakıda dəfələrlə görüşüb, həmsöhbər olmuşduq. Mən onun heç vaxt hündürdən danışan, ya da küçədə gedərkən dönüb qız-gəlinə baxdlğını görmədim. Belələri ailəyə də sədaqətli olur, dosta da, Vətənə də, elə SÖZƏ də...

Rafiq sözün təəssübünü çəkən qələm sahibi idı...

"Bəşəriyyətin xilası, tərəqqisi üçün həbsə düşmək olar..”

deyirdi Rafiq. Bir dəfə məndən soruşdu ki, sən heç həbsxana həyatı yaşamısan? Dedim, yox. Dedi: Rəhmətlik Mamed haqqında qəzetdə dərc olunmuş yazının bir parçasını oxudum. Maraqlı üslub seçibsən... Axıracan belə davam etsən yaxşı olar...” Söhbət mənim o vaxt həbsxanada dünyasını dəyişmiş Masallı Mamedə həsr etdiyim "Novruz elegiyası”dan gedirdi.

Müsahibələrinin birində " həbsxana insan üçün, xüsusən də yazar üçün necə bir yerdir?- sualına gülümsünə - gülümsünə belə cavab vermişdi: "Pis yer deyil... Mən hərdən həkim yoldaşlarıma deyirəm ki, hərənizin üç-dörd ay orda yatmağınız pis olmazdı. Məsələn, xırda oğurluq-filan eləyib düşün ora. O mənada ki, həyat təkcə komfort yaşamaqdan ibarət deyil. Elə olsa, insan çox zəif olar. Düzdü, ora heç kim gedib elə-belə düşmür, amma ordakıların heç də hamısı cani deyil. Pozitiv şeylərə görə də həbsxanaya düşmək olar. Məsələn, hansısa ideologiya uğrunda...”

Rafiqin bəxti gətirmədi.

Onun yas mərasiminə sevimli sənətkarımız, mərhum xalq artisi İlham Əsgərovla birlikdə getmişdik. O vaxtdan ta bu günəcən haqqında həmişə nəsə yazmaq istəmişəm. Hər dəfə də düşünmüşəm ki, Rafiq kimi qələm sahibini elə onun öz fikirləri ilə təqdim etmək daha yaxşıdır. Deyirdi bizim "Azərbaycan insanı öz talantlı və nəcibliyi ilə ciddidir. Axtarsan, korrupsionerimiz də ciddidir, canimiz də: milli dəyər daşıyıcılarıdır...”

Rafiqin həbsinə və ölümünə "səbəb olan” fikirləri bu gün bir çoxları da deyir. Əksəriyyəti şiə olan xalqın heysiyyatına toxunan, türkü aşağılayan, onun tarixi şəxsiyyətlərini, ŞEYXÜLİSLAMINI təhqir edənlər arasında hətta millət vəkilləri də var. Amma onların heç biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) məsuliyyətə cəlb olunmur.

Bu mənada özünü ölümünə fətva verən İranın 7 din xadimindən Allaha yaxın bilən və bədəninin yeddi yerindən bıçaqlanan Rafiq Tağının bəxti də gətirməmişdi. Hər dəfə onun müəmmalı ölümü barədə düşünəndə yadıma Masallının digər bəxtsiz və istedadlı qələm əhli Böyükxan PƏRVİZİN bu misraları düşür:

"Yenə haxlımı öldürən, yenə günahkar ölənmi?”

Hər ikisinin ruhuna ehtiramla,

Nurəddin ƏDİLOĞLU.

23.11.2019