adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2019 10:56
34552
ƏDƏBİYYAT
A- A+

Əbədiyyət üfüqündə doğan günəş,- Nəsimi

Hər birimizə məlumdur ki, 2019-cu il Nəsimi ili elan olundu və il boyunca bu mövzu üzərində yüzlərlə elmi və bədii əsər, esse və məqalə yazıldı."Məndə sığar iki cahan”,- bu kəlamın fəlsəfəsi kainatı bir daha fəth etdi.Müxtəlif fikirlər,düşüncələr bir-birini əvəzlədi, hətta təkziblər də oldu, razılıqlar da... Deyə bilərəm ki,xalqımızın görkəmli ziyalıları, elm adamları, yazıçı və sairlər, rəssamlar və bəstəkarlar Nəsimi dühasına olan ehtiramını yaradıcı zövqlə xarakterizə etdi.Altı yüz ildir ki, öz məsləkindən dönməyərək dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz əqidəsindən dönməyən bu mərd insan haqqında hamı öz qələminin məhsulunu ortaya qoydu və qoymaqdadır.

Gəlin biraz da bu irsin bizim psixologiyamızda necə vüsət alqığına nəzər salaq.İnsan olaraq hər birimiz mənəvi dünyamızı humanistik dəyərlərlə bəzəyirik.Mənəviyyat bizim daxili dünyamızdır.Hamiya məlumdur ki, Nəsimi yaradıcığının əsas qayəsi, hikmət və fəlsəfədən ibarətdir.Nəsimi Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirimizin özülünü qoymuş, söz sənətimizi forma və məzmunca zənginləşdirmiş, özündən sonrakı nəsillər üçün ədəbi irs qoyub getmişdir. Yaradıcılığa sevgi dolu şeirlərlə başlayan Nəsimi sonralar dövrünün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin əsasını qoymuşdur. Zərrədə günəş axtararaq varlığın bir vücuddan yarandığını deyən Nəsimi insanları gözəl və çirkin olaraq ikiyə bölmür, milli ayrıseçkilik axtarmırdı. Könül tərbiyəsi və gözəlliyini insan ömrünün qayəsi sayan şair şеirlərində insana, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm еtməklə insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf еtmişdir. Onun lirik qəhrəmanı düşünən və duyan kamil insan idi. O insan ki, nəfs yolunu deyil, ali bir eşq yolunu tutaraq kamala çatır, haqqa qovuşur.Haqqı özündə taparaq həqiqəti, gerçəkliyi duyur. Beytdə dediyi kimi:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,

Həq mənəm, həq məndədir, həq söylərəm.

Gör bu əsrarı nə müğləq söylərəm,

Sadiqəm qövlümdə, səddəq söylərəm.

Nəsimi şair və mütəfəkkir kimi öz zamanının ən qabaqcıl, mütərəqqi simalarından idi. Onun zəngin bədii irsi də, mənalı həyatı və faciəli aqibəti də böyük tarixi əhəmiyyətə malikdir. Nəsimi bir insanpərvər kimi, insan dostu kimi əsrlər arxasından irəliyə, gələcəyə baxırdı. Onun gözəl fikirləri, xoş arzuları, böyük sənət əsəri olan şeirləri bu gün daha yüksək qiymətləndirilir.Nəsimi humanizminin başlıca fərqləndirici cəhətini müəyyən etmək lazım gəlsəydi, yəqin ki, bunun yüksək istedadlı, təbiətdəki harmoniyaya və insan gözəlliyinə vurğun olan və insan mənəviyyatının tərbiyəsi prosesində onun oynaya biləcəyi müstəsna rolu qiymətləndirmək qabiliyyətinə malik olan böyük bir şairin humanizmi olduğu fikri üzərində dayanılardı. Nəsimi bir şair kimi əvəzedilməzdir. İzəddin Həsənoğlu, Qazi Bürhanəddin ilə yanaşı Nəsimi də anadilli poeziyamızın yüksək zirvəsində durur və məhz ona görə Azərbaycan ədəbiyyatının çoxəsrlik humanist ənənələrini öz əsərlərində yaşadıb, davam və inkişaf etdirib. Müasir ədəbi prosesin fəlsəfi yükü Nəsimi poeziyasından qidalanıb.

Şairin humanizminin özəlliyi onun insana böyük məhəbbət duyğuları ilə yoğrulmasıdır. Məhz bu cəhətinə görə Nəsimi özündən əvvəlki Azərbaycan poeziyasının birbaşa varisi kimi çıxış edərək ona qədər irəli sürülmüş bədii-obrazlı düşüncələri, əldə edilmiş poetik nailiyyətləri daha da inkişaf etdirir. Bununla da biz sübut edirik ki, Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış bir şəxsiyyətdir.Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı "Ənəl-həq” deyən insanın möhtəşəm üsyanı idi.Cəmiyyətdə kamil insanlar nə qədər çox olarsa, bu, həqiqətin, azadlığın, ədalətin təntənəsinə rəvac verər. Bütün bunları ümumiləşdirən Nəsimi yazırdı:

Ey Nəsimi, sən həqi bil, həqqə iqrar eylə kim,

Çünki insanü bəşərsən, həq deyən insan mənəm!

Humanist sənətkar olan Nəsimi insanlarda düzlüyü, doğruçuluğu vacib şərt sayırdı. Hər cür saxtakarlığın, süniliyin əleyhinə çıxan şair əyri dil sahiblərini, yəni könlündəki düşüncələri ilə danışığındakı sözləri bir-biri ilə uyğun gəlməyən riyakarları daima tənqid edirdi.

Dil bazarçısı yalandır, varmazam bazarına,

Gerçək olmaz əgridil, inanmazam iqrarına.

Sadiq oldur, dilini könlü ilə bireyləyə,

Əgri dildən nəsnə gəlməz, durmuşam inkarına.

Nəsimi irsində milli, bəşəri və humanist ideyalarcox geniş təbliğ olunurdu.Nəsimi Azərbaycan ədəbiyyatı və ictimai fikri qarşısındakı böyük xidmətləri ilə ölməzlik qazanmış qüdrətli sənətkardır və bütün dünya bu reallığı bir daha bilməlidir k, İmadəddin Nəsimi cahana və zamana sığmayan, əbədiyaşar Azərbaycan şairidir.

Quba