adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Noyabr 2019 16:53
17712
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ... YAĞIŞ DAMIR...

50 nömrəli marşrutda hərəkət edən 90 RU 241 nömrəli avtobusun salonuna yağış yağırdı


Bu sözləri eşidən oxucu heç də təəccüblənməsin. Nə eşidibsə, düz eşidib. Axı, biz evin damından, digər örtüklərdən yağış damdığını görmüşük. Amma buna heç vaxt təəccüblənməmişik. Ən azından ona görə ki, evin, mənzilin damından yağış damar da...

Amma noyabrın 21-də səhər saat 09:30-da Yeni Günəşlidən metronun "Neftçilər” stansiyasına gedən 90 RU 241 nömrəli avtobusda bunun da şahidi olduq. Elə yerimizi təzəcə rahatlayıb oturmuşduq ki, bir də gördük başımıza yağış damcısı düşür. Düşündük ki, yəqin pəncərə açıqdır və yağış da oradan salona düşür. Ancaq pəncərəyə baxanda gördük ki, bütün pəncərələr kimi avtobusun bizim yanımızdakı pəncərəsi də tamamilə bağlıdır.

Birdən qabaqda oturan sərnişin də bərk narahat oldu. O gənc olduğu üçün başına papaq qoymamışdı. Elə yağış da onun başına damırdı. Digər sərnişinlər də özlərini rahat hiss eləmirdilər. Çünki onlar da bu yağışın avtobusun salonuna və üstlərinə damdığını görürdülər.

Sanki avtobusda bir özbaşınalıq, bir xaos yaranmışdı. Salondakılar havanın soyuqluğundan yox, içəri daman yağışdan qorxurdu. Hərçənd ki, ortatutmlu avtobusun istilik sistemi də işləmirdi. Ümumiyyətlə, bu marşrutda hərəkət edən ortatutumlu avtobusların əksəriyyətində qışın oğlan çağında da istilik sistemi işləmir. Və bu ortatutmlu avtobuslar da texniki cəhətdən nasaz olduqları üçün tez-tez sıradan çıxır və yarıyolda qalır. Və biz bu avtobuslarla qışın soyuğunda, yayın istisində yollarda çox qalmışıq. Yenə yayda birtəhər dözmək olur. Amma vay o günə ki, küləkli günə düşəsən, hava da soyuq ola. Bax, onda şaxta adamı qılınc kimi kəsir.

Yağış daman avtobus axır ki, gəlib metronun "Xalqlar dostluğu” stansiyasına çatdı. Sərnişinlər də gedişhaqqını ödəyib düşəndə sürücüyə iradlarını bildirdilər:

- Xəbərin var, avtobusun salonuna yağış yağır ey! Ordan gələnə kimi əməlli-başlı islandıq. Sürücü irad tutanların birinə dinmədi, birinə cavab vermədi, birini də yola verdi. Axırda səbri tükənib dedi:

- Ay başınıza dönüm, xəbərim var ey, elə o yağış mənim də başıma yağır da. Amma mən neyniyim, məcburam ki, bir tikə çörək üçün sükan arxasında əyləşim və işləyim.

Sürücünün bu etirafından sonra tay heç kim ona bir söz demədi. Guya desəydilər nə olacaqdı?! Avtobusun damından yağış salona yağırsa, bunu sürücü yox, onun məxsus olduğu şirkətin rəhbəri təmir elətdirməlidir.

Biz də bu nöqsanları və çatışmazlıqları 50 nömrəli marşrutun sahibinin diqqətinə çatdırırıq. Deyirik bəlkə sərnişinlərin bu haqlı narazılıqları həll edilə, yağış daman avtobuslar ya təmir olunar, ya da təmirə yaramırsa onu xəttən çıxarıb başqa avtobusları istismara buraxalar. İnşallah, görək bu məsələlər nə vaxt öz həllini tapar?!