adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Noyabr 2019 10:02
33099
SİYASƏT
A- A+

ƏLİ İNSANOVUN PARTİYASI YARANMAMIŞ DAĞILIR

Əsrin əvvəllərində Rusiyada Savinkov familiyalı məşhur bir siyasətçi olub, hakimiyyətə can atırmış, amma alınmayıb. Lenin ona do gəlib, o da çıxıb gedib Avropaya, başlayıb Rusiyanın əleyhinə kampaniya aparmağa. Hökumət görür zəhlələrini çox tökür, xüsusi xidmət orqanları xaricdə yığışıblar onun başına, inandırıblar ki, qayıtsın Moskvaya, xalq onu çox sevir. Elə qatardan düşən kimi milyonlar onu qarşılayacaq, yeni bir inqilab olacaq və hakimiyyətə gələcək. Hətta Rusiyanın daxilində də onun təşkilatlarını yaradıblar. Qəzetlər onun haqqında yazıb göylərə qaldırmışdılar.

O da gəlib. Həqiqətən vağzalda babat qarşılayıblar, ən bahalı restoranların birində ziyafət təşkil ediblər, sağlığına ayaq üstə içiblər, sonra da qolunu qandallayıb aparıblar həbsxanaya, altı aydan sonra da güllələyiblər.

Azərbaycanda da belə savinkovlar olub, bu barədə ötənlərdə yazmışam, təkrar etmək istəmirəm.

İndi Əli İnsanov da həbsxanada olanda elə bilirdi ki, ayağını bayıra qoyan kimi ən azı bütün ermənistanlılar yığışacaq onun başına, o da inqilab edəcək. Amma alınmadı.

Getdi vaxtilə faşist adlandırdıqları ilə bir masa arxasında əyləşdi, amma yenə alınmadı.

Və nəhayət, partiya yaratmaq təşəbbüsündə bulundu, 15 nəfərdən ibarət təşkilat komitəsinin iclasını keçirdi. Vaxtilə iqtidarda olub, sonra iqtidardan inciyənləri topladı ətrafına. Partiyaya da çox maraqlı bir ad qoydu: Haqq və Ədalət Partiyası. Dərhal da partiyanın adı lağlağıya çevrildi, mətbuatda və sosial şəbəkədə partiya ilə məzələnməyə başladılar.

Arxasınca 15 nəfərdən ibarət təşkilat komitəsinin üzvlərindən ikisi bildirdilər ki, onlar belə bir partiya təşəbbüsündə bulunmayıblar, adlarından istifadə edirlər.

Qaldılar 13 nəfər, nəhs rəqəm. Əslində Azərbaycandakı partiyaların çoxu şirkətdi və partiya sədrləri də özlərini şirkət sahibi kimi aparırlar. Pis deyil, alababat da dolanırlar.

Yeni şirkət də açmaq çox çətin olduğundan Əli İnsanovun yaratdığı partiya çətin ki bu bazara girə bilə.

Analitik şöbə