iTMiŞ VƏ iTiRiLMiŞ AğDƏRƏ RAYONU

AQİL ABBAS
74493 | 2011-08-09 12:26
Bu günlərdə Statistika Komitəsinin ölkəmizdəki əhalinin sayı və milliyyəti ilə bağlı məlumatı dərc olunmuşdu. Və bundan bir neçə gün sonra isə Dağlıq Qarabağdakı azərbaycanlı əhalinin sayı göstərilmişdi.
   
   Mən mütəxəssis deyiləm və Statistika Komitəsinin mütəxəssisləri də yəqin ki, işlərinin ustasıdırlar. Amma elə müəyyən məsələlər var ki, onu Statistika Komitəsinin nəzərinə çatdırmağı özümə borc bilirəm.
   
   Hələ Ağdərə rayonundan başlayaq. Ağdərə Dağlıq Qarabağda ən böyük əraziyə malik rayondu. Əhalisi də başqa rayonlardan nisbətən çoxdu.
   
   1992-ci ildə erməni silahlı qüvvələrinin əsas qərargahlarından biri yerləşən Ağdərə rayonu işğalçılardan azad olundu. Təkcə rayon mərkəzi yox, eləcə də kəndləri. Çox təəssüf ki, AXCP hakimiyyətinin səriştəsizliyi ucbatından həmin rayon bir rayon kimi ləğv edildi, həm ərazisi, həm də əhalisi Ağdam, Tərtər və Kəlbəcər arasında bölüşdürüldü. Çox səhv və düşünülməmiş bir addım idi.
   
   Bu rayonun yenidən bərpa olunması üçün müxtəlif vaxtlarda mətbuatda məsələ qaldırmışam. Həm də təkcə Ağdərənin yox, eyni zamanda Xankəndinin də bərpa olunması məsələsini qaldırmışam.
   
   Niyə indiyədək Xankəndinin dövlət strukturları bərpa olunmayıb, təəccüblüdür. Əhalisinin sayı 7-8 mini keçməyən digər rayonların dövlət strukturları fəaliyyət göstərdiyi halda, 15 mindən çox azərbaycanlının yaşadığı Xankəndinin dövlət strukturları hələ də yoxdu. İndi xankəndli bədbəxt adi bir sənəd üçün hara müraciət eləyir, problemi olanda kimə deyir, evlənəndə kəbini kimə kəsdirir, dalaşanda hansı məhkəməyə müraciət edir, uşağı doğulanda "metirkanı" hardan alır? Xankəndlilərin bu və ya digər problemləri ilə hansı dövlət strukturları məşğul olur? Bu, tamamilə ayrı bir yazının mövzusudu, mövzuya qayıdarıq.
   
   İtmiş və itirilmiş Ağdərə rayonu. Bu rayon üç yerə parçalandı. İnişil hörmətli Arif Rəhimzadə Milli Məclisdə AXCP-nin səriştəsizliyi ucbatından Ağdərə rayonunun ləğv olunması məsələsini qaldırdı. Bu məsələdə mən və digər deputatlar da hörmətli Arif müəllimə dəstək verdik. Və Ağdərə rayonunun yenidən bərpa olunması ilə bağlı məsələ qaldırdıq. Milli Məclisdən kənarda da Arif müəllimlə bu barədə söhbətlərimiz olub, çox güman ki, bu məsələ müsbət həll olunacaq. Amma bu məsələ nə qədər tez həllini tapsa daha yaxşı olar, çünki Dağlıq Qarabağla bağlı məsələlər kəskinləşir. Rayonun bərpası Azərbaycan üçün bütün mənalarda sərfəlidir.
   
   Ağdərəlilər də dəfələrlə yuxarı orqanlara, eyni zamanda Milli Məclisə rayonlarının bərpası üçün müraciət ediblər.
   
   Əvvəla, qeyd edim ki, Ağdərədə 15 mindən artıq azərbaycanlı yaşayırdı. Bu 18 il ərzində də nə qədər doğub törəyiblər, bunu yəqin heç Statistika Komitəsi də bilmir. Çünki bu 18 ildə doğulanlar ağdərəli deyillər, ağdamlı, kəlbəcərli, tərtərlidirlər.
   
   Amma Statistika Komitəsi bir balaca əziyyət çəksə ağdərəlilərin dəqiq siyahısını çıxara bilər.
   
   Onu da qeyd edim ki, Ağdərə rayonu Dağlıq Qarabağda yeganə rayondur ki, onun beş kəndi işğal altında deyil. Özü də kiçik kəndlər də deyillər. Ağdərə rayonunun dövlət strukturlarını bərpa edib həmin kəndlərin birində yerləşdirmək, Ağdamın işğal altında olmayan ərazilərində tikilən qəsəbələr kimi orda da qəsəbələr salıb və ya kəndləri bərpa edib ölkəyə səpələnmiş ağdərəlilərin 60-70 faizini xocavəndlilər, xocalılar kimi bir yerə yığmaq mümkündü.
   
   Statistika Komitəsi yazır ki, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayı 75 mindi. Bura Ağdərə rayonunun əhalisi də salınıbmı?! Axı, bu rayon yoxdu və yaxud da ağdərəli doğulmur axı.
   
   Dağlıq Qarabağda referendum söhbəti gedir. Olmadı elə, oldu belə, referendum oldu. Bu ağdərəlilər həmin referendumda iştirak edə biləcəklərmi?!
   
   O cümlədən göstərilir ki, Azərbaycanda 120 min erməni yaşayır, mötərizədə də yazılıb ki, Dağlıq Qarabağ Muxtar Vilayəti.
   
   Əvvəla, Dağlıq Qarabağda heç vaxt 120 min erməni yaşamayıb, onda ki indi ola. Dağlıq Qarabağda cəmi 80 minə yaxın erməni yaşayıb. Hələ Sovetlər dönəmində sirr deyildi ki, Dağlıq Qarabağdakı erməni əhalisinin sayını çox göstərmək üçün ermənilər müxtəlif üsullara əl atırdılar. Onlardan da biri ikili qeydiyyat məsələsi idi. Ermənistan qeydiyyatı olan erməniləri də saxta yolla Dağlıq Qarabağa qeydiyyata salırdılar. O cəhənnəm, onu araşdırmaq bizim imkanlarımız xaricindədi.
   
   Eləcə də Bakıda və Azərbaycanın digər şəhərlərində yaşayan minlərlə ermənilərin də Dağlıq Qarabağa qeydiyyatı vardı. Bunu araşdırmaq çətindi, amma mümkündü. İndiki texnika baxımından bunu eləmək olar. Onda ermənilərin bir iç üzü də açılar və məlum olar ki, hazırda heç Dağlıq Qarabağda 60-70 min də erməni yoxdu. Erməni bu dəqiqə heç Yerevanın özündə tapılmır, onda ki heç bir infrastrukturu olmayan, dünyaya çıxışı olmayan, yalnız ABŞ-ın və Avropa dövlətlərinin pulları hesabına yaşayan Dağlıq Qarabağda erməni tapıla.
   
   Bu məsələnin bir tərəfi. Keçək ikincisinə.
   
   Azərbaycanda 120 min erməninin yaşadığını və bunun da Dağlıq Qarabağın əhalisi olduğunu qeyd edir statistika.
   
   Bəs, Bakıda və digər şəhər və rayonlarda yaşayan 30 mindən artıq erməni niyə qeydiyyata alınmayıb? Yoxsa, bunlar dönüb azərbaycanlı oldular və ya özlərini sünnət elətdirdilər?
   
   Hər şeyi qoyduq qırağa. Axı dəfələrlə biz bəyan eləmişik, özü də yüksək səviyyədə, dövlət səviyyəsində ki, 30 min erməni gəlinimiz var.
   
   Heç uzağa getməyək. 2-3 il bundan əvvəl bir erməni qayıtdı Bakıya, evinə yığışan qaçqınları da bizim hörmətli məhkəmə tərəfindən bayıra atdırdı. Özü də bu birinci hadisə deyildi və qəzetlər də uzun müddət yazdı. Statistika Komitəsi onu nəzərə alıb, yoxsa yox?!
   
   Hər halda Statistika Komitəsi ciddi araşdırma aparmalıdı. Bu, onların işidi, vəzifəsidi və borcudu. Xüsusilə də Dağlıq Qarabağın əhalisi ilə bağlı.
   
   İtmiş və itirilmiş Ağdərə rayonu. Erməni işğalı nəticəsində Ağdərə rayonu itirilib.
   
   Və bizim də laqeydliyimiz ucbatından həm də Ağdərə rayonu itib.
   
   İnşallah, gec-tez itirilmiş torpaqlarımızı qaytaracağıq. Savaşlamı, sülhləmi - bunu zaman göstərəcək.
   
   Amma itmiş Ağdərə rayonunu bərpa etmək üçün nə savaş lazımdı, nə də sülh. Bir komissiyanın yaradılmasına və onun 4-5 aylıq fəaliyyəti üçün şərait yaradılmasına ehtiyac var, vəssalam.
   
   Hələ gec deyil.

TƏQVİM / ARXİV