adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Noyabr 2019 10:01
20527
GÜNDƏM
A- A+

Azərbaycanda səfərdə olmuş erməni jurnalist yazır ki...

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı mübadiləsinin baş tutmasında yenə də xüsusi canfəşanlıq göstərdi. Deyim ki, onu yaxşı tanıyıram. Ən azı 20 ildir ki, bu vəzifəni daşıyır. Bütün bu illər ərzində də bu kimi xırda-para işlərlə başını qatıb. Əslində onluq da bir iş yoxdur. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir işə yaramır. Bu yaramazlıq da Anjey Kaspşikin fəaliyyətində bütün çılpaqlığı ilə öz əksini tapıb.

Bu görüşün baş tutmasının əsas təşəbbüskarı isə Rusiyadır. Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin "vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.
Ümumiyyətlə, bu kimi görüşlər "etimad atmosferi” yaradırmı? Mən özüm də ATƏT-in xətti ilə 2000-ci ildə Ermənistanda və Dağlıq Qarabağda olmuşam. "Yeni Musavat”da həmin səfərlə bağlı 3 səhifəlik yazı ilə çıxış etmişəm. Azərbaycanda bu kimi səfərləri süngü ilə qarşılayanlar çoxdur. Mənsə bu kimi mübadilələrə ideoloji müharibənin tərkib hissəsi kimi baxıram. Düşünürəm ki, biz bu müstəvidə daha çox işlər görə bilərik. Ona da əminəm ki, Qarabağ məsələsinin hər iki ölkədə gündəmdə qalması son dərəcə önəmlidir.

Ancaq bu dəfə baş tutan səfərdə xoşa gəlməyən bir məqam vardı. Qarabağdakı separatçı rejimi təmsil edən jurnalist də Bakıya təşrif buyurmuşdu. Söhbət Dağlıq Qarabağda yayımlanan "İctimai Televiziya”sının əməkdaşı Edqar Elbakyandan gedir. Kiməsə xırda görünə biləcək bu məsələyə erməni tərəfi xüsusi məna verir.

Bakıda səfərdə olan erməni jurnalistləri arasında "Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan da olub. Onun qələmə aldığı səfər təəssüratlarında vurğuladığım məqam xüsusi ilə qabarıq görünür.

Erməni jurnalist yazır ki, erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri baş tutdu. Cəmi bir ay əvvəl bu, qeyri-mümkün görünürdü.

İngilisdilli "Mediamaks”da gedən məqalədə jurnalist bu səfərin "özünəməxsus” məqamlarından yazır və vurğulayır ki, Artsaxı təmsil edən bir jurnalist Azərbaycana ilk dəfə səfər edib: "Onun səfəri Ermənistan Xarici İşlər Nazirliyinin vasitəçiliyi və dəstəyi olmadan Artsax Xarici İşlər Nazirliyi tərəfindən təşkil edildi... Artsax Xarici İşlər Nazirliyi ATƏT vasitəsilə birbaşa Azərbaycan hakimiyyəti ilə əlaqə saxladı və səfərin detallarını müzakirə etdi”...

"Səfərlə bağlı təşkilatı məsələləri Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən deyil, Prezident Aparatı işçiləri tərəfindən təşkil olunmuşdur”,- jurnalist belə yazır.

"Təhlükəsizliyimizi Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin 12 üzvü təmin etdirdi. Üçümüzün həyatı və rifahı üçün real bir təhlükə olub-olmadığını deyə bilmərəm, amma getdiyimiz hər yerdə geniş çiyinli kişilərin əhatəsində olmaq qəribə görünürdü. Yerli insanların da diqqətini çəkirdi”.

Daha sonra jurnalist iki suala cavab tapmağa çalışır:

1) Azərbaycan müharibəyə, yoxsa sülhə hazırlaşır?

2) Azərbaycan cəmiyyəti Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün hansı güzəştlərə hazırdır?

İlk suala cavab ala bilmədim. Təəssüratım belədir ki, sadə Azərbaycan vətəndaşları, elə ermənilər də yenidən müharibənin başlamasını istəmirlər və münaqişənin sülh yolu ilə həllinin gec-tez tapılacağına ümid edirlər. Hökumətin təbliğatı azərbaycanlıları inandırıb ki, Ermənistanın və Artsaxın iqtisadi vəziyyəti getdikcə pisləşir və ermənilər bir neçə il sonra Azərbaycandan kömək almaq üçün yalvaracaqlar.

Bakıda və digər böyük şəhərlərdə həyat olduqca hərəkətlidir və sabit gəlir mənbəyi olan bu insanlar hərbi qələbə naminə bütün bunları qurban vermək istəmirlər. Heç qələbəyə də elə bir təminatları da yoxdur. Digər tərəfdən, Azərbaycanda hərbi ritorika Ermənistandan daha güclüdür və cəmiyyət hərbi əməliyyatların başlayacağını gözləyir. Təəssüf ki, küçələrdə yerli sakinlərlə danışa bilmədik, buna baxmayaraq, deyə bilərəm ki, hökumətin səylərinə baxmayaraq ermənilərə olan nifrət və aqressiv münasibət Azərbaycanda kritik həddə deyil.

Güzəşt etməyə mümkün olan hazırlığa gəlincə, heç bir yaxşı xəbər verə bilmərəm. Artsaxın de-yure müstəqil olması fikri azərbaycanlıları dəli edir. Jurnalistlər, cəmiyyətin adi üzvlərini və vəzifəli şəxslər bu məsələ ilə bağlı eyni cür düşünürlər. Artsaxdakı həyat barədə obyektiv təsəvvürü olmayan Bakı qəribə mif və əfsanələrə söykənir. Mümkün güzəştlər barədə soruşduqda deyirdilər ki, Azərbaycanın daxilindəki Artsax üçün "ən yüksək səviyyədə özünü idarəetmə hüququ" verə bilərik. Artsaxın öz polis və təhlükəsizlik qüvvələrinə sahib olmaq hüququnu da qəbul edirik. Ora böyük sərmayələr qoymağa hazırıq. Orada sosial proqramlar həyata keçirməyi vəd edirdilər. Hətta yolların asfaltlanması və əsaslı tikinti aparılmasını təklif edirdilər. Ancaq onlar bilmirlər ki, Artsaxda artıq bu işlər çoxdan görülüb...

Aşağıdakı fikrə isə xüsusi diqqət yetirmək gərəkir: "Artsax "İctimai Televiziya”sının əməkdaşı azərbaycanlılara soruşdu ki, əgər Almaniya Azərbaycan iqtisadiyyatına investisiya qoymağa və burada fabriklər tikməyə söz verərsə, sizin ölkə Almaniyanın bir hissəsi olmağa razılıq verərmi”.

Məqalənin sonunda erməni jurnalist yazır ki, digər erməni jurnalistlərinə də belə səfərlərə çıxmasına şərait yaratmaq lazımdır. Elə Azərbaycan jurnalistlərinin də Artsaxa gəlişi çox yaxşıdır: "Əmin ola bilərsiniz ki, hər belə bir ziyarət qarşı tərəfdə Artsaxın Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyinə inamın möhkəmlənməsinə kömək edir. Ən azı, Ermənistan və Artsaxa səfər edən üç azərbaycanlı jurnalist bu həqiqəti ürəklərinin dərinliyində etiraf edirlər”.

Gördüyünüz kimi, erməni tərəfi "İctimai Televiziya” əməkdaşının Bakıya səfərini az qala Dağlıq Qarabağın "dövlət müstəqilliyi”nin Azərbaycan tərəfindən rəsmən tanınması kimi təqdim etməyə çalışır...

Mən Ermənistan və Dağlıq Qarabağ haqqında ingilis və almandilli mətbuatda gedən yazıları da izləyirəm. Bu kimi yazıların bəzilərini tərcümə edərək "Yeni Müsavat”ın oxucularının diqqətinə də çatdırmışam. Ümumi mənzərə acınacaqlıdır. İstər Ermənistanda, istərsə də Dağlıq Qarabağda əhalinin böyük bir hissəsi səfalət içində yaşayır. Qərb jurnalistləri də bu barədə çox yazıblar. O da aydındır ki, Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan və Azərbaycanın əli ilə beynəlxalq layihələrdən kənarda qalan Ermənistanın yaxın gələcəkdə iqtisadiyyatında hər hansı canlanmanın olması ehtimalı belə mövcud deyil. Ara-sıra bu həqiqəti Ermənistan mətbuatı da etiraf edir.

Ona da əminəm ki, biz iki ölkə arasında gedən ideoloji müharibədən qətiyyən çəkinməli deyilik. Əksinə, biz bu müharibənin daha da alovlanmasına çalışmalıyıq. Diqqət etdinizmi, erməni jurnalisti yazır ki, Azərbaycanda insanlar müharibənin yenidən alovlanacağını gözləyirlər. İkinci önəmli məqam, sosial mövqeyindən asılı olmayaraq Azərbaycanda hər kəs Dağliq Qarabağla bağlı eyni düşüncədədir. Məncə, bu iki məqamın etirafı erməni xalqına çox şey deyir...


Elbəyi Həsənli, Sürix