adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
26 Noyabr 2019 13:21
124234
MƏDƏNİYYƏT
A- A+

"Silsilətün-nəsəbi Səfəviyyə" Azərbaycan tarixinin qaynağı kimi

İstinad vermək vacibdir: Bayramlı Z. H. "Silsiletün-Nesebi Safeviye” eseri Azerbaycan tarihinin kaynağı gibi // Yeni Türkiye. Azerbaycan özel sayısı – II. Ankara, 2019, sayı 108, s. 97-105

Anahtar kelimeler: Erdebil, Şeyh Zahid, Safiyüddin Erdebilî, Seyid, Sultan

İncelemiş olduğumuz kaynakta Şeyh Safiyüddin Erdebilî, atalarının ve seleflerinin, Şeyh Zahid Gilani ve seleflerinin dini ve ideolojik faaliyetleri, XIII yüzyılın başlarında Gürcüler tarafından Azerbaycan kentlerine düzenlenen seferler, Altın Orda hanı Cani bey ve Amir Timur'un Safevî şeyhlerine verdikleri vakıflara ait bilgiler, dönemin diğer kaynakları ve araştırmalardan elde edilen olgular ile karşılaştırmalı olarak analiz edildi ve tarihsel gerçekleri ortaya çıkarmaya ceht gösterildi. Şeyh Zahid Geylani’nin haleflerinin onaylanmasına ilişkin 1559'da Şah I Tahmasp tarafından kararname verilmişdir. Erdebil’deki Şeyh Safi Türbesi'nin mülküne Şeyh Abdal Zahidi Pirzade'nin atanması hakkında ise 1600'üncü ilde Şah Abbas ferman vermiştir.

Key words: Ardabil, Sheikh Zahid, Sheikh Safi ad-Din, Seyid, sheikh, sultan

The source examines on the religious and ideological activities of Sheikh Safiyüddin Ardabili, his ancestors and predecessors, Sheikh Zahid Gilani and his predecessors, the campaigns organized by Georgians to Azerbaijani cities at the beginning of the XIII century, the information they gave to the Safavid sheikhs of the Golden Horde Han and Tamerlane. Sources and researches analyses these facts comparatively with the facts obtained, and they were encouraged to reveal historical facts. In 1559, Shah I Tahmasp issued a decree on the approval of Sheikh Zahid Gilani's successors. Shah Abbas issued a decree on the assignment of Sheikh Abdal Zahidi Pirzade to the property of Sheikh Safi Tomb in Ardabil province in 1600.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi Səfəvilərin ulu babası Şeyx Səfiəddin İshaqın mənəvi rəhbəri olmuş sufi-dərviş şeyxi Zahid Gilani nəslindəndir. Şeyx Hüseynin atası Şeyx Abdal Zahidi I Şah Abbasın (1587-1629) dövründə bir müddət Ərdəbildə Şeyx Səfi məqbərəsinin mütəvəllisi olmuşdur. Şeyx Hüseyn də gənc yaşlarında Şah sarayında qulluqda olmuşdur. O özünün "Silsilətün-nəsəbi Səfəviyyə" adlı əsərini ömürünün son illərində yazmış və Şah Süleymana (1666-1694) ithaf etmişdir.

Əsərin əlyazma nüsxələrindən birini İranda dövlət qulluğunda olmuş və 1911-ci ildə tutduğu vəzifədən istefa edən Albert Hauntum Şindler əldə edərək İngiltərəyə aparmışdır(13, s.4). Məşhur ingilis şərqşünası Eduard Braun onun kitabxanasından bir çox əlyazmalarla yanaşı "Silsilətün-nəsəbi Səfəviyyə"ni də satın almışdır. Eduard Braun "İran ədəbiyyatı tarixi" adlı əsərində yazır ki, "Silsilətün-nəsəbi Səfəviyyə" əsəri qiymətli bioqrafik məlumatlarla zəngindir. Mən çox şanslıyam ki, keçmişdə Albert Hauntum Şindlerə məxsus olan "Silsilətün-nəsəbi Səfəviyyə" əsərinin sürəti A.C.Elisin comərdliyi nəticəsində mənim əlyazmalar arxivimə daxil olmuşdur. Eduard Braun əsəri h.1343 (1924)-cü ildə Berlində öz vəsaiti hesabına çap etdirmişdir.

"Silsilətün-nəsəbi Səfəviyyə"nin əsas elmi dəyəri əsərdə ilk Səfəvi şeyxlərinin təsərrüfat fəaliyyətləri, Əmir Teymurun 1402-ci il Kiçik Asiya və Suriyadan gətirdiyi əsirləri Şeyx Xoca Əlinin xahişi ilə azad etməsi, I Şah Abbasın Şeyx Abdal Zahidi Ərdəbil məzarının vəqf əmlakına mütəvəlli təyin etməsinə dair materiallar və Əmir Teymurun Şeyx Xoca Əliyə verdiyi övlad vəqfi, Şeyx Sultan Heydər, I Şah Təhmasib və I Şah Abbasın Şeyx Zahid Gilani nəslinin övlad vəqflərinə aid yazdıqları vəsiqə və fərmanların olması ilə səciyyəvidir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi "Silsilətün-nəsəbi Səfəviyyə” adlı əsərində XIII- XVII əsrlərdəki məşhur dərvişlər, şeyxlər, din və irfan sahibləri, onların kəlamları haqqındakı məlumatları tarixi və dini-fəlsəfi mövzuda yazılmış kitabları, xüsusilə də Şeyx Sədrəddinin tövsiyəsi ilə Təvəkkül ibni Bəzzazın 1358-ci ildə yazıb tamamladığı "Səffətüs-səfa"nı oxuduğundan, həm də onlardan bəhrələndiyindən xəbər verir. "Səfvətü-səfa”nın XV-XVII yüzillərdə köçürülmüş əlyazma nüxsələrinə Səfəvi sülaləsinin "ilahi şahlıq haqlarını”, yəni hakimiyyətlərinin legitimliyini əsaslandırmaq üçün nəsillərinin Əli ibn Əbu Taliblə bağlayan şəcərə cədvəli əlavə edilmişdir. Görkəmli tarixçilərdən V.V.Bartold, O.Əfəndiyev, F.Sümər, "Səfvətüs-səfan"ın elmi-tənqidi mətnini onun XV yuzilliyə aid köçürmə nüxsəsi əsasında hazırlayıb Təbrizdə çap etdirən Q.T Məcd və hətta Əhməd Kəsvəri də Səfəvilərin əcdadlarının seyidliklə bağlı olmadığını yazmışlar. Sözsüz ki, "Səfvətüs-səfa” nın sonrakı köçürmə nüxsələrinə belə bir nəsil şəcərəsini dini-ideoloji, siyasi məqsədlərlə əlavə edilmişdi.

Səfəvilərin tarixinə həsr edilmiş XV-XVII yüzillərin qaynaqlarında dəfələrlə Şah İsmayılın sələflərinin "türk piri", "türk gənci" adlandırılması onların soyca seyidliklə bağlı olmadıqlarının və Azərbaycanın köklü türk ailəsindən olduqlarını bəlli göstərici olub Əbülqasım Həmzə də daxil olmaqla şəcərə cəlvəlinin də onlara aid olmasını inkar etmək olmaz. Mirzə Abbaslı da dövrün mötəbər mənbələrindən əldə etdiyi faktlara istinad edərək Səfəvilərn soyu və şəcərəsi haqqında yazır: "Şah İsmayıl Xətai öz mənşəyi etibarı ilə ən köklü azərbaycanlı ailəsindəndir. Ərdəbilin şəhəryanı kəndlərindən olan Kəhrəlandan (Kəlxorandan) Şah İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin və on altıncı babası Qızıldörk (Zərinkulah) Firuzşahın qəbrləri bu gün də yerli əhalinin ziyarətgahıdır".

Şеyх Hüsеyn bin Şеyх Аbdаl Zаhidi Şеyх Səfiəddinin sоy şəcərəsindən sоnrа оnun yеddinci bаbаsı Firuzşаh Zərrinkülаhın həyаt və fəаliyyətini təsvir еtmişdir. Müəllif yаzır ki, İbrаhim Ədhəmin İrаndа pаdşаh оlаn övlаdı Ərdəbil vilаyəti və оnun ətrаf bölgələrini Firuzşаh Zərrinkülаhа vеrmişdi. Firuzşаh vаr-dövlət, zəngin sərvət sаhibi və həm də gözəl nаtiq idi. Аilə-uşаğı, хidmətçiləri, mаl-qаrаsı çох оlduğundаn Gilаnın gеniş оtаqlаrı оlаn və Rəngin də аdlаnаn Kənаr bişе (Kənаrmеşə) bölgəsinə köçüb bir müddət оrаdа yаşаmışdı. Oğlu Əvəzin isə Ərdəbilin Isfərəncаn kəndində məskun оlduğu bildirilir.

Mənbədə İbrahim Ədhəmin İranda padşah olan oğlu tərəfindən Ərdəbil və onun ətraf bölgələrinin Firuzşah Zərinkülaha verilməsi haqqındakı məlumat tarixi gerçəklikləri özündə əks etdirmir. Əvvəla ona görə ki, İran VII əsrin birinci yarısında ərəblər tərəfindən işğal edilmiş və 651-ci ildə Sasani imperiyası süquta uğramışdır. İran bu vaxtdan etibarən X əsrin 30-40-cı illərinə qədər Xilafətə tabe olub ərəb xəlifələri tərəfindən təyin edilən canişinlər idarə edirdilər. İkincisi isə N.Musalı "Tarixi-i alamara-yi Abbasi”adlı əsərin Azərbaycan dilinə tərcüməsində İbrahim Ədhəm və onun övladları haqqında yazdığı şərhdə göstərdiyi kimi, İbrahim Ədhəm Bəlx hakimləri nəslindən olub VIII əsrdə yaşamış və onun xələflərindən heç biri hökmdar olmamışdır(8, s.44). Bu səbəbdən Səfəvi mənbələrindən VIII əsrdə İranda şahlığın olması, İbrahim Ədhəmin İranda şah olan oğlunun Firuzşah Zərinkülah Ərdəbil vilayətinə hakim təyin etməsi haqqındakı məlumatlar doğru deyildir.

"Silsilətün-nəsəbi Səfəviyyə”də Firuzşah Zərrinkülah və və onun Şeyx Səfiəddinə qədərki xələflərinin dini və irfani fəaliyyətlərinə aid qısa məlumat verilmiş və onların Ərdəbilin ətraf bölgələrində heyvandarlıqla yanaşı əkinçiliklik təssərüfatı ilə məşğul olduqları göstərilmişdir. Müəllif XI - XV əsrə və eyni zamanda Səfəvi sülaləsinin hakimiyyəti (XVI –XVII əsrlər) dövrünün ictimai-siyasi hadisələrinə də yeri gəldikcə toxunmuşdur ki, bunlar real tarixi faktlara söykənir. Gürcülərin qаrət məqsədi ilə Аzərbаycаnа təşkil еtdikləri yürüşlərdən bəhs еdən müəllif yаzır ki, Ərdəbilin Kəlхоrаn kəndində əkinçilik təsərrüfаtı ilə məşğul оlаn Səlаhəddin Rəşid vəfаt еtdikdən sоnrа оğlu Qütbəddin Əbdülbаği zаmаnındа gürcü qоşunu Ərdəbilə hücum еdib burаdа çох dəhşətli qətl və qаrət törətmişdilər. Bu vахt Ərdəbildə bir nеçə min müsəlmаn şəhid olmuşdu. Gürcülərin qorxusundan Qübtəddin ailəsini və bir aylıq oğlu Əminəddin Cəbrayılı da götürüb Ərdəbilə gəlir və onları burada bir evin zirzəmisində gizlədir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi gürcülərin Ərdəbilə yürüşü, törətdikləri qətil və qarətləri, Qübtəddin və onun ailəsinin başına gələn fəlakətləri Təvəkkül ibn Bəzzazın "Səfvətüs-səfa" əsərindən müxtəsər şəkildə əxs etmişdir. Ancaq "Səfvətüs-səfa"da Qübtəddinin adı Qübtəddin Əbu Bəkr kimi qeydə alınmışdır. Təvəkkül ibn Bəzzaz Ərdəbildə gürcülərlə savaşda bir neə min müsəlmanın şəhid olduğunu, Qübtəddin Əbu Bəkrin boynundan yaralandığını, müalicə alaraq sağaldığını, nəvəsi Şeyx Səfiəddin anadan olduqda yaşadığını yazır.

"Silsilətün-nəsəbi Səfəviyyə”də Gürcüstan kafirlərinin təxminən h.606-cı ildən (m.1204) hücum edib Azərbaycanın bir çox şəhərlərində xeyli müsaəlman əhalini şəhid etdikləri, Ərədbil şəhərini də xarabaya çevirdikləri qeyd edilmişdir. Gürcü qarətçilərinin Azərbaycana XIII əsrin əvvələrindəki yürüşlərini hərtərəfli araşdırmış Z.M.Bünyadovun hadisələr haqqında yazdıqalraına görə Azərbaycan Atəbəylər dövlətinin sultanı Qızıl Arslandan (1186-1191) sonra hakimiyyətə keçmiş Əbu Bəkr (1191-1210) içki düşgünü olduğundan ölkənin idarəçiliyi başlı-başına buraxılmışdı. Onun belə bir durumundan istifadə edən gürcülər 1204, 1205, 1211-ci illərdə Azərbaycana qarət məqsədi ilə yürüş etmişdilər. Onların sonuncu yürüşündə Ərdəbil şəhəri də ciddi zərər çəkmişdi.

Seyid Hüseyn bin Şeyx Abdal Zahidi əsərində Şeyx Səfiəddin haqqında daha müfəssəl məlumat vermişdir. O, yazır ki, həzrəti Şеyх Səfiəddin Bəni Аbbаsi хüləfаsının sоn günlərində h.650-ci (m.1252) ildə аnаdаn оlmuşdu. Şeyx Səfiəddin gəncliyində Ərdəbildə ciddi təhsil alaraq yüksək bilik sahibi olsa da, bir çox dini və irfani suallara cavab tapa bilmədiyinə görə kamil ustad axtarışında olub, mənəvi aləmin çətinliklərini dərk edərək yüksək mərtəbə və ali dərəcəyə çatmaq istəyirdi. O, bu niyyətlə Şiraza gedərək görkəmli Azərbaycan alimi Şihabəddin Sührəvərdinin (1145-1234) şagirdi olmuş və soyca türk olan, dövrünün görkəmli irfan sahibi Şeyx Nəcibəddin Bozquşun yanında təhsilini davam etmək istəyinə düşür. «Silsilətün-nəsəbi» də göstərilir ki, onun Məhəmməd adlı qardaşı vaxtilə Şiraz və Hörümüzə ticarət üçün getmiş həmin məntəqələr arasında isti səmum küləyinə dözməyərək vəfat etmişdir. Digər qardaşı Səlahəddin Rəşid də bu diyara ticarət məqsədi ilə getmiş, Şirazda anbardar Xacə Nurəddinin qızı ilə evlənmiş, var-dövlət sahibi və Şirazda kətxuda olmuş, bir daha vətəninə qayıtmamışdır. Şeyx Səfiəddinin Şiraza getmək istəyinin əsas məqsədi yuxarıda qeyd edilən olsa da, onun bu şəhərə getməkdə həm də qardaşı ilə görüşmək və onu Ərdəbilə qaytarmaq məqsədi də vardı. Anasından qardaşını geri gətirmək adı ilə razılıq alan Şeyx Səfiəddin Şiraza yola düşür. Ancaq o, bura çatdıqda, artıq Şeyx Nəcibəddin Bozquş vəfat etmişdir. Qardaşı ilə görüşən Şeyx Səfiəddin Şirazın din və ifran sahibləri olan dərvişləri ilə də həmsöhbət olub məqsədini onlara anlatdıqda, onlar məsləhət görürlər ki, Əmir Abdullahın yanına gedib halını ona anlatsın. Təkcə "Silsilətün-nəsəbi Səfəviyyə"də deyil, dövrün digər mənbələrində də Əmir Abdullanın ona "türk piri" deyə müraciət edərək istiqamət verməsi haqqında məlumat verilir. "Şeyx Səfi təzkirə"sində göstərilir ki, "...ol çağ Şeyxə (Şeyx Səfiəddinə) "türk piri" derlərdi".

Zamanın sufi-saliki Şeyx Səfiəddinin sahib olduğu məqam və halı öyrənən Əmir Abdulla təsəvvüf yolunda onun suallarına Şirazda cavab verəcək və bağlı qapıları onun üzərinə açacaq bir irfan sahibi olmadığını nəzərə alaraq ona bəyan edir: ,, Ey türk piri, nə şərq, nə də qərb aləmində heç kim sənin hal və vaqiətini həll edə bilməz. Belə bir şəxs Şeyx Zahiddən (1218-1301) savayı yoxdur”.

"Silsilətün-nəsəbi Səfəviyyə”də göstərilir ki, Şeyx Səfiəddin, Əmir Abdullaya Şeyx Zahidi nə tanıdığını, nə də yerini bilmədiyini söylədikdə, Əmir Abdulla ona deyir ki, Şeyx Zahidin xanəgahı sizin vilayətin yaxınlığındakı Gilanda Xəzər sahilindədir.

Şeyx Səfiəddin Ərdəbilə qayıtdıqdan sonra dörd il burada qalaraq ibadətlə məşğul olmuş, əcdadalarının qəbrini dəfələrlə ziyarət etmişdir. Nəhayət anasından icazə alıb Kəlxoranlı düyü alveri ilə məşğul olan tacir Məhəmməd İbrahimlə Gilana yola düşür.

Mənbələrdə göstərilir ki, Şeyx Zahidin iki ailəsi vardı ki, onlardan biri dərya sahilində Siyavrudda digəri isə Hilyekəranda idi. Şeyx Səfiəddin Gilana gəldikdə o, Hilyekəranda idi. Şeyx Zahid Gilanın mübarək hüzuruna gəlib onun tərəfindən qəbul olunmaq şərəfinə nail olmuşdu ki, bu zaman onun 25 yaşı, Şeyx Zahidin isə 60 yaşı vardı. O, görkəmli mürşidin yanında iyirmi beş il xidmət etmiş, sufiliyin nəzəri əsaslarını ondan yüksək səviyyədə öyrənə bilmişdi. Bu barədə İsgəndər bəy Münşi yazır ki, Şeyx Səfiəddin mücahidlikdə və zahidlikdə çox tərəqqi edir və onun feyz mənbəyi olan batinində ilahi sirlərinin nuru parlayır. Şeyx Zahid özünün pak qızı Fatiməni də ona verir.

"Silsilətün-nəsəbi Səfəviyyə”nin Şeyx Səfiəddinin ailəsi haqqındakı bəhsdə onun beş oğlu olduğu göstərilir. Onun Şeyx Məhiyəddin adlı oğlu Bibi Fatimədən anadan olmuş və Şeyxin sağlığında vəfat etmişdi. Qəbri onun künbəzinin üst tərəfindədir. Şeyx Səfiəddindən sonra dörd oğlu qalmışdı ki, onlardan ikisi Şeyx Zahidin qızından doğulmuş Şeyx Sədrəddin və Şeyx Əbusəiddir. Şeyxin digər iki oğlu Əxi Süleyman Kəlxoranın qızından olan Şeyx Əlaəddin və Şeyx Şərəfəddindir. Onun ikinci qadınından bir qızı da vardı ki, Şeyx Şəmsəddin ibn Şeyx Zahid Gilaniyə ərə vermişdi.

Seyid Hüseyn bin Murtəza Hüseyni Astrabadi Şeyx Səfiəddin İshaqın övladları haqqındakı məlumatda Şeyx Məhiyəddin bin Şeyx Səfiəddinin adı çəkilmir və Şeyx Səfiəddinin yuxarıda adları qeyd edilən sonrakı dörd oğlu ilə yanaşı iki digər oğlunun da olmasına işarə edilir. Həm də iki qızı haqqında da məlumat verilir. Müəllif yazır ki, Şeyx Səfiəddinin Şeyx Zahidin qızı Fatimə xatundan Şeyx Sədrəddin Musa və Şeyx Əbu Səid adlı oğlu və Cəmilə bəyim adlı qızı vardı. Əxi Süleyman Kəlxoraninin qızından isə Şeyx Səfiəddinin Seyid Ələddin, Seyid Şərəfəddin adlı iki oğlu, Əsmət bəyim adlı qızı anadan olmuşdur. Əsmət bəyim Şeyx Zahidin oğlu Şeyx Şəmisəddinə ərə verilmişdir. Şeyx Zahidin sələfləri həmin qadından anadan olmuşdular. Şeyx Səfiəddin İshaqın Şeyx Sdərəddindən sonra anadan olan üç oğlu tez vəfat etmişdilər. Deyilənə görə Şeyxin Əxi süleymanın qızından Seyid Rəfiəddin Mənsur və Seyid Məhiyəddin Məhəmməd adlı oğulları da olmuşdur. Şeyx Səfiəddin İshaq m. 1334-cü ildə Həcc ziyarətindən qyıtdıqdan on iki gün sonra Ərdəbildə dünyasını dəyişərək burada dəfn edilir. Onun vəfatından yeddi gün sonra ömür-gün yoldaşı Bibi fatimə də vəfat edir.

Şeyx Hüseyn ibn Şeyx Abdal Zahidinin sözlərinə görə Şeyx Səfiəddin İshaq sağlığında xələflərindən özünə naib təyin etidyi Şeyx Sədrəddin qısa müddət ərzində çox ciddi çalışaraq ağır zəhmətlə kamil ustad mərtəbəsinə yüksəlmişdi. Ərdəbil vilayətindən olan Mövlanə Şəmsəddin deyir ki, Marağa – Təbriz yolu ilə üç ay ərzində Həzrəti şeyxin ziyarətinə gələn talebanların (zərvar və müridlərin) sayı 30 min nəfər olmuşdu. İsgəndər bəy Münşi isə yazır ki, Şeyx Sədrəddinin səadət qapısı hörmətli şahların və əyanların müraciət etdiyi yer oldu. Moğol əmirləri (Elxanilər) və əyanları irşad xəzinələrinin sahiblərinə böyük etiqad bəsləyirdilər. Şeyx Sədrəddin zamanının hökmdarları, talebanları yanında deyil, xalqın yoxsul zümrələri arasında daha çox böyük nüfuz sahibi olmuşdu. Bunun əsas səbəbi onun Şeyx Səfi türbəsinin məlum və məlum olmayan (nəzir, bəxşiş) gəlirlərdən yoxsullara yardım edilməsi haqqında sərəncamlar verməsi ilə əlaqədar idi. Seyid Cəmaləddin rəhmətüllah yoxsullara, yolçulara yemək verilməsi üzrə məmur olduğu zaman bir gün ərzində fəqirlərə min qoyun qızardılıb yemək verilmiş və dərviş xəlvətxanalarına da min ədəd çörək göndərildiyi də qeydə alınmışdır.

Şeyx Sədrədinin Şeyx Zahid vəfat etdikdən (m.1300) dörd il sonra h.704-cü ildə (m.1304) anadan olmuş və h.794 (1392)-cü ildə vəfat etmişdir. O, əlli doqquz il irşad və dini rəhbər olmuşdu. Səfəvilərin mötəbər tarixi abidəsi onun əsəridir. Bu mötəbər Şeyx Səfi məqbərə komleksi on ilə tikdirilib başa çatdırılmışdı.

Şeyx Sədərddinin müridlərinin xalq içərisində təsiri çox artmış, onlar sufilik ideyasını Azərbaycan hüdudlarından kənarda da yayaraq məhşurlaşırdılar. "Silsilətün-nəsəbi Səfəviyyə”də göstərilir ki, Şeyx Sədrəddinin zamanında onun talebanları (müridləri) çox yüksək məqama sahib olmuşdular ki, onlardan biri də Seyid Şah Qasım Ənvər (1355-1434)olub, o, sonralar İraq və Xorasanda da çox məhşurlaşmışdı.

XIV yüzilin 30-40-cı illərində Hülakular dövləti parçalanıb dağıldıqda Azərbaycanda hakimiyyəti çobanilər sülaləsi ələ keçirmişdi. Çobanlı Məlik Əşrəf (1344-1356)əhalini soyub talayır və onun zülmündən cana gələnlər vətənlərini tərk edirdilər. Onlar Azərbaycandakı əhalinin acınacaqlı vəziyyətini Canı bəyə çatdırdıqda o, mütəəsir olmuşdu. O, tezliklə hərəkətə keçib Azərbaycanın Şirvan vilayətinə daxil oldu. Təbrizi tutub Məlik Əşrəfi ələ keçirib edam etdirdi. Şeyx Sədrəddin Canı bəy tərəfindən ehtiramla qarşılanmış və o, Şeyxə bildirmişdi ki, mənim bu vilayətdə qalmaq fikrim yoxdur. Sizə və müridlərinizə aid olan daşınmaz əmlak (torpaq, tikili) düzgün qeydə alınıb mənə gətirilsin ki, onlar yenidən sənədləşdirilsin və qaydaya salınsın. Şeyx Ərdəbilə yola düşüb padşahın göstərişi ilə müridlərin mürəxxəs edərək Ərdəbil vilayəti, Darolmərz, Muğana və sair mahallara göndərdi ki, yerlərdə hansı əmlak ki, onlara aiddir sənədləşdirsinlər və Şeyx onları padşaha çatdırsın. Müridlər bütün bunlar barədə düzgün tumar hazırladılar və müqəddəs Astanaya çatdırdılar. Ancaq Canıbəy ölkəsində baş verən hadisələrlə bağlı ləngimədən yola düşdüyünə görə Şeyx onunla bir daha görşə bilmədi və bu səbəbdən də onun imzası ilə soyurqal barədə hökmü ala bilmədi.

Şeyx Sədrəddin Həcc ziyarətindən geri qayıtdıqdan sonra oğlu ariflər sultanı, sufi-saleklərin dəlili Xoca Əlini özünə xələf və naib təyin edib, səccadəni də, müqəddəs məzara rəhbərliyi də ona də verir Xoca Əli atasından sonra otuz səkkiz il Darülirşada başçılıq etmiş və h.830-cu ildə(m.1437) vəfat etmişdi. Şeyx Hüseyn ibn Abdal Zahidinin də əsərində Səfəvilər dövrünün bir sıra məxəzlərində olduğu kimi Xacə Əlinin Əmir Teymurla Amu və Dizful çayları kənarında görüşməsi, Əmir Teymurun 1402-ci ildə Anqara döyüşündən qalibiyyətlə döndükdə Ərdəbilə gəlməsi və burada Xoca Əli ilə üçüncü görüşündə ona bir piyalə zəhər verib sınamaq istəməsinə aid hekayət də əks edilmişdir. Möcüzə səciyyəli hekayətdə göstərilir ki, zəhər Xoca Əliyə təsir etmədiyinə görə Əmir Teymur onun kəramətinə inanıb etiqad etmiş və Rum vilayətindən gətirdiyi əsirləri də Şeyxin xahişi ilə azad etmişdir. Mənbədə göstərilir ki, həzrət Şeyx də onları azad etdi və indi rumlu sufiləri adı ilə məşhur olanlar onlardır.

Bu hekayətlərdə möcüzə səciyyəli eizodların əksinə olaraq "Əmir Teymurun vəsiyyətləri"ndə göstərilir: "Hansı məmləkəti zəbt elədimsə, həmin məmləkətin abırlı, etibarlı adamlarını əziz tutdum, seyidlərinə, üləmalarına, fazilləriə və şeyxlərinə təzim elədim, sayqı göstərdim, onlara soyurqal, vəzifə verib məvacib təyin etdim" (6, s.92). Buradan belə bir nəticə hasil olur ki, Xoca Əli Səfəvi sufi-dərviş cəmiyyətinin başçısı olaraq təkcə Azərbaycan deyil, onun hüdudlarından kənarda da nüfuz sahibi olaraq tanındığını görə Əmir Teymur Ərdəbilə gəlmiş və onunla görüşüb istəklərini də yerinə yetirmişdir. Əmir Teymurun Qeysərlə (Osmanlı sultanı) müharibədə ona təslim olan dörd minlik Rum əsgərini azad etməsi sözsüz ki, Xoca Əlinin xahişi ilə yerinə yetirilmişdir və "...seyidlərə...şeyxlərə...soyurqal verib, nəvacib təyin etdim" deməsi isə Səfəvi Şeyxlərinə vəqflər bağışlamasının tarixi gerçəklik olmasından xəbər verir. "Silsilətün-nəsəbi Səfəviyyə"də də qeyd edilir ki, Teymur xan öz pulu ilə Təlvar, Qızılüzən, İsfahan, Həmədan və qeyri yerlərdən kənd, əkin sahələri alıb həzrət Sultan Xacə əlinin kişi övladlarına vəqfi övlad verdi. Ancaq bağışlanan bu vəqflərin sənədini Teymur xanın hakimiyyətinin sonuna qədər əldə edə bilmədiklərinə görə faktiki olaraq bu vəqflərin gəliri Şeyxin xələflərinə verilmirdi. Bu sənədi qızılbaşlar Bəlx yaxınlığında bir kənddən tapıb I Şah Abbasa verdilər. Şah Abbas göstəriş verdi ki, qəbalə yazılsın və bu əmlakdan onların əvvəlki sahiblərinə heç bir məbləğ çatmasın.

"Silsilətün-nəsəbi Səfəviyyə"də Şeyx Xoca Əlinin ailəsi haqqındakı məlumata görə onun üç oğlu olmuşdu. Mənbədə göstərilir ki, Şeyx Cəfər adlı böyük oğlu çox elmli və bilikli olub, fəzilətdə və bilikdə onun səviyyəsində səfəvilərdə heç kim yoxudu. Övladları Hacı Kəlbə xan, Qasım xan, Bağır xan, İbrahim xan, Süleyman xan, Murad xan, Bayram xan olub, onlara Şeyx Cəfəri deyirdilər. Şeyx Xoca Əlinin ikinci oğlu Əbdülrəhmanın övladları isə Mir İbrahimi ünvanı ilə tanınırlar. Onun üçüncü oğlu İbrahim Şeyxşah olub, o, atasının naibi və canişini idi. Onun nəzmdə çox gözəl təbi olduğunu qeyd edən Şeyx Hüseyn əsərinə qəzəllərindən nümunələr daxil etmişdir.

Şeyxşah adı ilə məşhur olan Şeyx İbrahim ibn Sultan Xoca Əli atasından sonra on doqquz il Darülirşada rəhbərlik etmiş h. 851-ci ildə (m.1447) vəfat etmişdi. Onun böyük oğlu Şeyx Əbusəid Astananın kitabdarı (kitabxana müdiri), sonuncu oğlu Şeyx Cüneyd isə atasının naibi və Səfəvi sülaləsinin böyük şahlarının ulu babası olmuşdu.

İsgəndər bəy Münşi yazır ki, XV yüzilin 40-60-cı illərində Səfəvi təriqət piri Sultan Cüneydlə (1447-1460) zamanının Azərbaycan hökmdarı Mirzə Cahan şah Türkman (1435-1467) arasındakı münasibətə tarixi gerçəklikdən yanaşaraq yazır ki, Sultan Cüneydin müridlərinin çoxalmasını, var-dövlətinin artmasını Mirzə Cahan Şah dövləti üçün böyük təhlükə hesab etdiyindən onu üstüörtülü şəkildə Azərbaycanı tərk etməsinə məcbur edir. Sultan Cüneyd 1449-1456-cı illərdə Anadolu və Suriyanın şimalındakı Türkmən tayfaları arasında təbliğat aparıb tərəfdarlarının sayını artırdıqdan sonra Diyarbəkrə Bayandurlu ulus bəyi Həsən bəyin yanına gəlir. İsgəndər bəyin bu hadisələr haqqındakı məlumatından görünür ki, bu zaman Azərbaycan hökmdarı Baharlı Mirzə Cahanşahla (1435-1467) Bayandurlu Həsən bəy arasında düşmənçilik olduğundan Həsən bəyin Sultan Cüneyd kimi müttəfiqə ehtiyacı vardı. Şeyx Hüseyn bin Abdal Zahidinin sözlərinə görə Şeyx Cüneyd Diyarbəkrə qədəm qoyub oranı şərəfləndirdi. O vilayətin hakimi Həsən bəy həzrəti Şeyxi səmimiyyətlə qarşılayıb Xədicə bəyim adlı bacısını da ona ərə verdi. Şeyxin bu qadından asimandakı günəştək uca Sultan Heydər adlı oğlu anadon olmuşdu. Digər oğlu Xoca Məhəmməd olub, onun anası çərkəzlərə qarşı müqəddəs müharibədən gətirilən cariyədir. Xoca Məhəmmədin Xacə Nemət və Xacə Xan Əhməd adlı iki oğlu vardı. Xoca Nemət anası tərəfdən Səfəvi şahlarına qohum idi. Ağa Yusif Mirzə, Rəzi xan Mirzə, Abbas Mirzə onun övladlarıdır. Xacə xan Əhmədin isə Məsum bəy və Mahmud xan Mirzə adlı iki oğlu vardı. İsa xan qorçubaşı Məsum bəyin nəvəsidir.

Bayandurlu Həsən bəydən dəstək alan Sultan Cüneyd on min nəfər sufi ilə çərkəzlərə qarşı cihad məqsədilə Şirvana tərəf yola düşür. Şeyx Hüseyn bin Abdal Zahidini yazır ki, Şeyx Cüneyd Şirvanda o vilayətin münafiqlərinin əlində həlak olur. və Quru Yalda dəfn edilir. Səfəvilər dövrünün bir çox mənbələrində yazıldığına görə, Şirvanşah I Xəliulla (1417-1465) və Tabasaran hakiminin ordusu ilə mürşidi-kamil yolunda canlarından keçməyə hazır olan Sultan Cüneydin sufiləri Samur çayının sol sahilində Qıpçaq kəndi yaxınlığında qarşılaşmış və baş verən döyüşdə Sultan Cüneydin sufiləri məğlub olmuş, özü də bu savaşda öldürülmüşdü. İsgəndər bəy Münşi yazır ki, "Fütuhat-i Əmini" də o həzrətin cəsədinin sufiləri tətəfindən Darülirşada gətirilib müqəddəs baxçada dəfn edildiyi yazılmışdı. "Bu həqirə (İsgəndər bəy Münşiyə) məlum olduğuna görə isə həmişə bu ali sülalənin tərəfdarı olan Təbərsaran əhalisindən bir kəslər həzrətin mübarək cəsədini hərb meydanından çıxararaq Qubanın Qülhan mahalına aid olan Quryan kəndində bir yerdə dəfn etmişdilər". İsgəndər bəyin sözlərindən aydın olur ki, Samur çayı sahilindəki döyüşdə şəhid olan sufilər və onların piri Qubanın Qülhan kəndində indiki Qusar rayonunun Həzrə kəndində dəfn edilmişdilər.1544-cü ildə isə I Şah Təhmasib ulu babası Şeyx Cüneydin qəbri üstündə türbə tikdirmişdi.

İsgəndər bəy Münşi yazır ki, Sultan Cüneyd şəhid olduqdan sonra oğlu Sultan Heydər uca rütbəli atasının yerinə keçib "vilayət kürsüsünün" sultanı, irşad sarayının başçısı oldu. O, ata-babalarının ənənələrini davam etdirərək istədiyi şəhərlərə və məxluqa hökmranlıq etmək fikrində idi. O, zahiri və mənəvi səltənəti birləşdirərək batində Allaha itaət edənlərin və şeyxlərin göstərişi ilə gedib, zahirdə isə sultanlar kimi ağalıq taxtında otururdu. Şeyx Sultan Heydər məqəsdinə tam çatmaq uğrundakı sonuncu dini müharibədə h.893-cü ildə (m.488) şəhid olmuş və onun övladları həbs edilmiş və dörd il Şiraz vilayətində həbsxanada qalmışdılar. Həbsdən azad olduqda Sahibqran Şah İsmayıl Bahadır xan Gilana hicrət etmiş, digər qardaşları münafiqlərin əlində şəhid olmuşdular.

Sultan Heydərin şəhid olmasının səbəbləri, ailəsi və övladları haqqında İsgəndər bəy Münşinin əsərində daha ətraflı məlumat verilmişdi. Müəllif yazır ki, Sultan Heydər çərkəzlərə qarşı dini müharibə etmək məqsədilə hər tərəfə qasid göndərib silahlı sufilərini öz bayrağı altında toladıqda, Şirvanşah (Fərrux Yəsar) fikirləşdi ki, o, atasının qanını almaq və Şirvanı tutmaq istəyəcəkdi. Şirvanşah kürəkəni Bayandurlu Sultan Yaqubun (1478-1490) yanına qasidlər göndərib bildirdi ki, Sultan Heydər Şirvan vilayətini tutsa bununla kifayətlənməyəcək. Nəticədə Sultan Yaqub Şirvanşaha kömək məqsədilə Süleyman bəy Bicənoğlunun başçılığı altında dörd minlik Türkmən bölüyünü göndərdi. Bu zaman sultan Heydərin ordusu Dərbəndə çatmışdı. Oranın əhalisi Sultan Heydərin sufilərinə təcavüz etdiyinə görə o, qızılbaşlara Dərbəndi ələ keçirməyi əmr edir. Dərbənd uğrunda savaş zamanı artıq Şirvanşahın və Süleyman bəy Bicənoğlunun ordusunun Tabasarana çatdığını eşidən Sultan Heydər savaşı dayandırıb Tabasarana hərəkət edir. H. 893cü ildə (1488) burada baş verən döyüşdə Sultan Heydər şəhid oldu. Onun cəsədini Tabasaranda dəfn etdilər. Məşədixanım Nemətə görə müridləri ona Tabasaranda deyil, Beşbarmaq dağının arxasında gizl bir yerdə dəfn etmiş və Sultan Heydərin məzarı uzun müdddət gizli qalmışdır. Şah İsmayıl Səfəvinin Şirvan ərazisinə yürüşləri zamanı onun qəbri üzərində türbə tikdirmişdir. Sultan Heydərin şəhid olmasından iyirmi iki il sonra onun cəsədini Ərdəbilə gətirib əcdadlarının qəbrinin yanında dəfn etmişdilər.

Şeyx Hüseyn bin Şeyx Abdal zahidin sözlərinə görə Sultan Heydər dayısı Həsən padşahın Bəgi Ağa adlı qızı ilə evlənmişdi. "Tarix-i aləmara-yi Abbasi"də Həsən Padşah bacısı oğlu Sultan Heydərə verdiyi qızının Aləmşah bəyim adı ilə məşhur olduğu və Həlimə bəyim Ağa da deyildiyi qeyd edilmişdi. Bu qadından Sultan Heydərin Sultan Əli Mirzə, İsmayıl Mirzə və Sultan İbrahim Mirzə adlı üç oğlu vardı. İsgəndər bəy Münşi yazır ki, Həsən bəy Rumlunun sözlərinə görə Şah İsmayılın Seyid Mahmud Mirzə, Seyid Süleyman Mirzə və Seyid Davud Mirzə adlı qardaşları da olmuşdu. Lakin o, Sultan İbrahim Mirzənin adını çəkmir. İsgəndər bəy Münşi Seyid Mahmud Mirzənin Sultan Heydərin əvvəlki üç oğlunun Şirazın İstəxr qalasına aparıldığı zaman vəfat etdiyini, Seyid Süleyman Mirzənin isə Şah İsmayıl Xorasana hücum edərkən Təbrizdə törətdiyi ixtişaşda öldürüldüyünü, Sultan Əli padşah da istisna olmaqla, digərlərinin taleyindən xəbərsiz olduğunu yazır.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi I Şah İsmayıl, Şah Təhmasib, II Şah İsmayıl, Sultan Məhəmməd, I Şah Abbas, I Şah Səfi, II Şah Abbas, Sultan Süleyman haqqında bir neçə cümlədən ibarət bioqrafik məlumat verməklə kifayətlənir.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi Şah İsmayılın əemme isna əşəri (12 imam) məzhəbli olduğunu qeyd edərək yazır ki, o, h.892-ci ildə (1487) anadan olmuş, h. 907-ci ildə (m.1501) 13 yaşında hakimiyyətə kecmiş, 25 il hakimiyyətdə olmuş, h.930-cu ildə (m.1524) vəfat etmişdir. Şah İsmayılın fars və türkcə şeir yazması haqqında məlumat verən müəllif, onun türkcə yazdığı və əsərinin ideya məzmununa uyğun olan şeirlərindən parçalar da vermiş, həm də onları şərh etmişdir.

"Silsilətün-nəsəbi Səfəviyyə"də Şeyx Zahid Gilanın kəramətləri haqqında hekayətlər, Şeyx Səfiəddinin onun müridi olaraq ondan irfanın incəliklərini öyrənməsi, onların aralarındakı mürşid-mürid münasibətləri, Şeyx Səfiəddinin mürşidinin qızı Bibi Fatimə ilə evlənməsi, bir çox süfi şeyxləri haqqında da məlumat verilmişdir. Müəllifə görə Şeyx Zahid oğlu Şeyx Cəmaləddinin sufi təriqəti başçısı mərtəbəsinə layiq yaşa çatmasına baxmayaraq Şeyx Səfiəddini özünə canişin təyin edir. Müəllifin bu fikri doğru hesab edilərsə, onda Şeyx Səfiəddin İshaq Səfəvilər dövrünün mənbələrində "Səfəviyyə sufi-dərviş" təriqətinin deyil, "Zahidiyyə" təriqətinin piri kimi təqdim edilərdi. Ancaq dövrün bütün qaynaqlarında o, "Səfəviyyə sufi-dərviş" təriqətinin mürşidi-kamili kimi yazıya alınmışdı. səfəvilər dövrünün qaynaqlarında Şeyx Səfiəddinin həyat və fəaliyyəti haqqındakı materiallar sübut edir ki, o, mürşidi-kamili Şeyx Zahid Gilaninin yanında bütün zəhmətlərə qatlaşaraq təhsilini uğurla başa vurub, ondan xirqə alaraq yeni təriqət təsis etmək, sərbəst mürid hazırlamaq hüququnu əldə edə bilmişdi.

Şeyx Hüseyn bin Şeyx Abdal Zahidi yazır ki, Şeyx Zahid Gilanın oğlu Şeyx Şəmsəddin vəfatından sonra onun Şeyx Hamid və Şeyx Möhyəddin adlı övladları Şeyx Sədrəddinin himayəsi altında yaşayırdılar. Şeyx Sədrəddin bu fani dünyadan əbədiyyata qovuşduqda Şeyx Şəmsəddinin xələfləri baş verən dəyişikliklər zamanı ta Şeyx Heydərə qədər gah yaxşı, gah da darlıq (yoxsulluq) içərisində yaşamışdılar. O, (Şeyx Heydər) onların əvvəlki halının öyrənilməsi haqqında göstəriş verdi. Onlara aid olan kiçik irsi mülkləri və vəqfi övladları haqqında Şeyx Heydər öz mübarək xətti ilə yeni fərman yazmışdı.

Və ondan sonra,şövkətin bayrağı, ali məkan padşah, tanrının kölgəsi, on iki imamçılıq məzhəbinin yayıcısı, pakların sonu, bəşəriyyətin xeyri cənab Şah İsmayıl Sultan Heydərin oğlunun zühurundan sonra, Şeyx Əbdül Vahabın və Şeyx Şərifin adına olan o cənabın əmlakı və soyurğalı haqqında müxtəlif qərarlar verilmişdir və həmçinin ədalətli, iqtidarlı və dünya padşahı Şah Təhmasıb- allahın onun dəlilini işıqlandırsın- ədalətli şahla həməsr olan Ağa Şeyxin adına olan soyurğal haqqında və əmlakın əfvi haqqında çeşidli fərmanlar ehsan buyurmuşlar və hətta o haqda fərmanda vurğulamışdır ki, hər zaman vergi məmurları onun sıyırğalında fərqli məsələ tapsalar da o cəhətdən etiraz etməsinlər.

Ancaq Şeyx Hüseyn bin Zahid Gilaninin göstərdiyi kimi I Şah Təhmasib vəfat edəndən sonra Səfəvi məmləkətində rahatsızlıq baş vermişdi ki, bu zahidilərdən də yan keçməmişdir. Şeyx Zahid Gilanin övladlarından Muğanda yaşayanların vəziyyətləri ağırlaşmışdı. "Zahidiyyə” dərvişləri dəfələrlə talan edilmiş və hətta bəziləri də şəhid olmuşdular. Şeyx Zahidin övladlarının Muğandakı vəqfləri ələ keçirilmiş və nəticədə onlar həddən artıq yoxsullaşmışdılar I Şah Abbasın h.1009-cu ilin rəbiüləvvəl (1600-cü il sentyabr) ayında verdiyi fərman əsasında Şeyx Abdal Zahidi Pirzadə Şeyx Səfiəddin məqbərəsinin vəqf əmlakına mütəvəlli təyin olunmuşdur.

Şeyh Hüseyin b. Şeyh Abdal Pirzade'nin "Silsilatün-nesebi-Safeviye", XIII-XVII. Yüzyıllarda Azerbaycan'da din-ideolojik hareketler, tasavvuf fikirleri ve öğreti tarihi konusundaki değerli çalışma kaynaklarından biridir. Kaynak ayrıca, Azerbaycan'ın sosyo-ekonomik ve politik tarihi hakkında bilgiler içermektedir. "Silsilatün-nesebi-Safeviye"deki dini-ideolojik, politik-tarihi bilgileri incelerken karşılaştırmalı analiz yaparak tarihi gerçekleri ortaya çıkarmak için İbn Bazzaz, Mir Yahya Kazvini, İskender Bey Münşi Türkman, Muhammed Yusuf Kazvini, Muhammed Tahir Vahid, Veli-kulu bin Davudlu Şamlı, Seyid Hüseyin bin Mürtaz ve Hüseyin Astrabad'ın eserleri de kullanılmıştır.

Qaynaqlar

1. Abbaslı M. Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə. Bakı, 1981.

2. Бартольд В.В. Сочинения. Том 2, Часть 1, Москва, 1963.

3. Browne E.G,A A literaray history of Perisa, 4-Vols, Vol-4, Modern Times (1560-1924), Cambridge, 1959.

4. Bünyadov Z.M Azərbaycan Atabəylər dövləti. Bakı, 1984.

5. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.

6. Əmir Teymurun vəsiyyətləri. Özbəkcədən çevirəni Məti Osmanoğlu, Bakı, 1991.

7. İbn Bəzzaz Ərdəbili. Səfvətüs-səfa. Nəşre Qulamrza Təbatəbai Məcd, Təbriz, 1373

8. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Farscadan tərcümənin, ön sözün, şərhlərin müəllifiləri: AMEA-nın muxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev, tarix elmləri namizədi Namiq Musalı, Bakı, 2009,

9. Məşədixanım N. Azərbaycanda pirlər. Bakı, 1992

10. Musalı N. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləmara-yi Şah İsmayıl” əsəri əsasında), Bakı, 2011.

11. Seyid Əhməd Kəsrəvi. Şeyx Səfi və təbareş. Tehran, 1324.

12. Seyid Hüseyn bin Murtəza Hüseyni Astrabadi. Tarix-i Soltani əz Şeyx Səfi ta Şah Səfi. Tehran, 1358.

13. Şeyx Hüseyn bin Şeyx Abdal Pizzadi Zahidi. Silsilətün-nəsəbi Səfəviyyə. Berlin, 1343.

14. Şeyx Səfi təzkirəsi (Səfvətüs-Səfanın XVI əsr türk tərcüməsi). Tərtibçilər və nəşrə hazırlayanlar: Filologiya elmlər doktoru Möhsün Nağısoylu, filologiya elmlər namizədi Sevər Cabbarlı, Bakı, 2010.


zabil_bayramlı@mail.ru