adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Noyabr 2019 17:22
51609
MƏMLƏKƏT
A- A+

Niyə qadınlar zorakılığa məruz qalır? - SORĞU

 

Artıq nəinki bizim cəmiyyətdə eləcə də bütün dünyada qadın zorakılığı, qadınların mühakiməsiz, məhkəməsiz faciəli şəkildə öldürülməsi adi hala çevrilib. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Adalet.az bildirir ki,Məlumatlara əsasən, hər il dünyada 1200-ə yaxın qadın öz partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir.

 

Adalet.az bildirir ki, son dövrlərdə "Qadın zorakılığı” qlobal problemlərdən biri olduğu üçün BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü kimi qeyd olunur. Qadın və qızlara qarşı zorakılıq artıq pandemiya xarakteri aldığındanvəziyyət kəskin dərəcədə dözülməz həddə çatıb. Bəli bütün dünyada qadına qarşızorkılığın ən iyrənc şəkildə həyata keçirilməsi və ictimailəşdirilməsi buna sübutdur. Bu halyuxarıda qeyd etdiyimiz kimi Azərbaycandan da yan ötməyib. Çünki elə bir həftə yoxdur ki, həmin həftəboyu qadına qarşı cinayət işlədilməsin, qadınlar qətlə yetirilməsin. Ötən gün Abşeron rayonunda baş verən qətl hadisəsində başı kəsilərək qətlə yetirilən Aytən Fərzəliyeva növbəti qurbanlardan biridir.

Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə ictimaiyyətə açıqlamasında bildirib ki, Aytən Fərzəliyeva bir müddət birliyin sığınacağında yaşayıb: "Onun qeyri-rəsmi nikahdan bir övladı olub.Fikrimcə, bu, çoxdan yarım qalan bir ailənin yekunu idi. 2014-cü ildə 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər.

Anası və bacısı özünü binadan atanda Aytənin həyatına təhlükə olduğu üçün onu bizim sığınacağa yerləşdiriblər. Atası onları ölüm həddinə çatdırdığı üçün dörd il müddətinə azadlıqdan məhrum olub”.

Təbiiki, polis və prokurorluq orqanları hərəkətə keçib. Cinayətdə şübhəli şəxs qismində tutulan, mərhumun qardaşı Babək Fərzəliyev qısqanclıq zəminində bacısı A.Fərzəliyevanı qəsdən öldürdüyünü etiraf edib. Qeyd edək ki, A.Fərzəliyeva doqquz aylıq uşaq anası olub.

Mövqelər, səbəblər...

Niyə qadınlar zorakılığa məruz qalır?Qadınlara qarşı olan bu aqressivliyin səbəbi nədir?Bu sorğu ilə jurnalistlərimizə müracət etdik. Maraqlı cavabları oxucularımıza təqdim edirik:

Vüsal Qarayev-Talk TV-nin icraçı direktoru:"Savadsızlıq, dar dünya görüşü, məntiqsiz, mənasız mental dəyərlərə kor-koranə bağlılıq! Valideyinlərin üzərinə böyük məsuliyyət, iş düşür bu məsələdə. Mənim bu cəmiyyətə verə biləcəyim ən böyük xeyir isə, qızımı öz hüquqlarını bilən, qoruyan, sırf qadın olduğu üçün özünü kimdənsə, kimlərdənsə əksik görməyən, şəxsiyyətini kimsəyə əzdirtməyən, özünü maddi-mənəvi təmin edən, kimdənsə əsla aslı olmayan, "filanəkslər nə deyər" saçmalığından uzaq, güclü, sərbəst, azad, savadlı şəxsiyyət kimi yetişdirmək ola bilər. Bunun üçün əlimdən nə gəlir edəcəm. Hər bir valideyin qız övladını savadlı, öz hüquqlarını bilən, güclü, azad şəxsiyyət kimi yetişdirməlidir. Eləcə də oğlan övladlarını elə yütişdirməliyik ki, sırf cinslərinə görə özlərini qadınlardan üstün görməsinlər. Oğlan övladlarını qadınlara qarşı sayqılı yetişdirməliyik. Hökumət də bu yöndə bilgiləndirmə aparmalıdır. Sistemdə problem var ümumilikdə. Bu yöndə ciddi işlər görülməlidir...."

 

Rumiyyə Miraslan- Ayna.az: "Ümumiyyətlə cəmiyyət aqressivləşib. Səhər evdən çıxan insanların çöhrəsinə fikir verdikdə əksəriyyətində bunu aydın şəkildə görmək mümkündür. İşə tələsən, məktəbə gecikən və s. insanlar sanki zəhərini bir-birinin üzərinə tökməyə çalışır. Avtobus tıxaca düşür sürücüylə dalaşırıq, metro gecikir, havasızlıq yaşanır sərnişinlərlə mübahisə edirik. Həll edə bilmədiyimiz problemlərin hirsini bir-birimizə tökürük, leri dildə desək, eşşəyə gücümüz çatmır, palanı çırpırıq. Ailə daxilində şiddətlərin artması da belə problemlərdəndir. İlk növbədə kişi evə pul gətirə bilmir və ya az gətirir nəticədə mübahisə yaranır, dava düşür və kişidən gücsüz olan qadın döyülür, şiddətə məruz qalır. Deməyin ki, belə problemlər əvvəllər də olub, ancaq bu qədər şiddət olmayıb. Çünki indiki qadınlar bizim analarımız, nənələrimiz deyil. İndi, demək olar ki, bütün qadınlar, qızlar texnologiyanın ən yüksək imkanlarından istifadə edə bilirlər. İndi qadınlar tələb etməyi bacarırlar, ayaqlarını yorğanlarına görə uzatmağı onlardan tələb etməyin heç bir mahiyyəti yoxdur. Görürlər, gördükləri kimi geyinmək, gəzmək. yaşamaq istəyirlər və bunu qarşı tərəfdən, ərdən tələb edirlər. İndi qadınlar həm öz hüquqlarını dərk edirlər, aciz deyirlər, əksinə, lazım gələndə, kişilərdən daha güclüdürlər. Güclü qadını da hər kişi həzm edə bilmir. Ona görə də ailələrdə dava-dalaş çox olur. Təəssüflər olsun ki, bizdə hələ ki, boşanmaq mədəniyyəti yoxdur. Qadın boşanmaq istəyəndə ya ər başını kəsir, ya da qardaş və ya ata. Çünki zehniyyət dəyişməyib bizdə. Məhz bu zehniyyətlə mübarizə aparmaq lazımdır, qız övladına daha çox dəyər vermək lazımdır. Nə qədər ki, qız övladına ailədə artıq yükü kimi baxırıqsa, qadınların faicəvi ölümlərinin qarşısını ala bilməyəcəyik."

Elnurə Abuşova- Mövqe qəzeti: "Son zamanlar qadınlara qarşı zorakılıq təəssüf ki, pik həddə çatıb. Statistikaya görə ötən ay 13 qadın məişət zorakılığı zəmnində qətlə yetirilib. Artıq həyəcan siqnalı çalmaq vaxtıdı. Məncə ərlərin qətlə yetirdiyi səbəb sevgisiz ailələr, qardaşların bacını öldürməsinə səbəb ailədə şiddətlə böyüməsi və mal-mülk məsələsidir. Yani bütün hallarda düzgün olmayan ailə modelinin üstünlük təşkil etməsidir."

 
Seymur Verdizadə - Müstəqil jurnalist: Qadınlara qarşı zorakılıq nadanlıq əlamətidir. Yalnız cahil kişilər qadına əl qaldıra, ona qarşı şiddət tətbiq edə bilərlər. Qadın zərif cinsdir, onu sevmək, qayğısına qalmaq lazımdır.
 
Təəssüf ki, hamı bu cür düşünmür. Qadınlara qarşı şiddətin artması narahatlıq üçün əsas verir. Həyat yoldaşı tərıfindən qətlə yetirilən qadınların sayı ilbəil artır. Azərbaycanda kişiylə qadın mədəni şıkildə ayrıla bilmir. Boşanma prosesi çox vaxt dava-dalaşla, düşmənçiliklə müşayiət olunur. Cəmiyyət bir-birini sevməyən iki insanı eyni damın altında yaşamağa məcbur etməmılidir. Boşanmış qadına aşağılayıcı münasibət olmamalıdır. Toplum yollarını ayıran cütlüklərə qınayıcı nəzərlərlə baxmamalıdır. Münasibətlər kriminal müstəviyə çıxmadan aydınlaşmalıdır.
 
Qadın kişinin köləsi deyil. Kişinin öz xanımı ilə kölə kimi davranmaq hüququ yoxdur. Qadının kişidən iqtisadi asılılığına son qoyulmalıdır. Hər bir qadın öz ayaqları üstündə dayanmağı bacarmalıdır. Bunun üçün qız uşaqlarına yaxşı təhsil vermək, onların sənət öyrənməsinin qeydinə qalmaq lazımdır.

Eminquey Akif- Adalet.az: "Valideynlərin qızlarına dedikləri "o evdən sənin ancaq meyitin çıxa bilər” cümləsidi, burda təəccüblü heç nə görmürəm. Nə qədər ki, kor-koranə qurulacaq ailələr, nə qədər ki, ailə həyatı qurmağa həyatda yeganə xoşbəxtlik amili kimi baxacaqlar, nə qədər ki, nəsil davam etdirmək üçün evlənəcəklər, belə də olacaq. Nə qədər ki, adamlar müzakirələrini mübahisəyə çevirib, mübahisələrini də davaya, ölümə qədər sürükləyəcəklər, belə olacaq. Nə qədər ki, adamlar sivil şəkildə boşanmağı, ayrılmağı öyrənməyəcəklər, belə də olacaq. Nə qədər ki, televiziyalar, sosial şəbəkələr, saytlar sivil boşanmağı təbliğ etməyib, belə də olacaq. Bu gün küçədə bir-birinin başını kəsməyə hazır olan nə qədər adam var, ictimai nəqliyyatda, orda, burda.... Ümumiyyətlə, cəmiyyətdə böyük bir aqressiya var, bunu hamı müşahidə edir. Yəqin Qarabağda vuruşa bilməməyimizdən, erməni başını kəsib qisas ala bilməməyimizdən irəli gəlir ki, kişilərimiz baş kəsməyi artıq vərdişə çeviriblər. Artıq məmləkətdə gündə bir dəfə baş kəsməyənə pis baxırlar."

 

Əntiqə RƏŞİD