ARAZIN O TAYINDAN BU TAYA BAXMAQ DAHA DƏHŞƏTLiDi

AQİL ABBAS
54960 | 2011-08-04 10:23
2 ildən sonra 200 il olacaq. 200 il! Bilmirəm o Ginnesdi, nədi, onun rekordlar kitabına düşmüşük, ya yox, amma onu bilirəm ki, Tanrının ən dözümlü və səbrli xalqıyıq! 200 ildi Arazın bu tayından o tayına tamarzı-tamarzı baxırıq, amma millət ağzını dirəyib ayrılıq yanğısını, təşnəsini söndürmək üçün üçcə qurtum içsə quruda biləcək bir çayı keçə bilmir.
   
   Rəhmətlik Şahmar Əkbərzadənin bir şeri var. Arazın bu tayında dayanıb əlini uzatsa çatacaq o taya baxır, amma çırmanıb keçə biləcəyi bu çayı keçə bilmir. Gün əyilir, şairin kölgəsi uzanıb Arazı keçir. Şahmar da yana-yana yazır:
   
   Kölgəm qeyrətli imiş özümdən mənim!
   
   Siz Astara çayının sahili ilə getmisinizmi? Mən getmişəm. Gözlə görmək gərək: bu tayla o tayın ağaclarının budaqları çayın ortasında bir-birlərinə sarmaşıblar.
   
   Nə isə...
   
   Mənim yazımın mövzusu nə Arazdı, nə Astara, nə də o tay-bu tay.
   
   Arazdı da axır, ya bir gün keçəcəyik, ya da içib qurudacayıq!
   
   Dəqiq yadımdan çıxıb neçənci il idi, 82-mi, 83-mü, nə isə, şair Vaqif Bayatlı Odərlə Naxçıvana, dostumuz Əhməd Qəşəmoğlunun toyuna gedirdik. Naxçıvana getmək üçün milisdən icazə kağızı ala bilmədiyimizdən bələdçiyə bir ətək pul verdik ki, bizi sərhədçilərdən gizlədib Naxçıvana çatdırsın...
   
   ... Gəl indi cavanları inandır ki, nəinki Naxçıvana, hətta İmişliyə getmək üçün də icazə almalıydın, müsibətə baxın ey...
   
   Sağ olsun, bizi gizlədə-gizlədə Naxçıvana çatdırdı.
   
   Səhərədək gözümü yummadım. Gecə, qaranlıq, gözüm Arazdaydı, o taydaydı. Arazı da, o tayı da ilk dəfə görürdüm.
   
   - Vaqif, Vaqif bax, pəncərəni açıb hoppansaq Arazın o tayına düşərik.
   
   İki gün qaldıq. Bir gün Əhmədin indiyədək gördüyüm toylardan fərqli, qədim Naxçıvan elinin özəllikləri ilə dolu qeyri-adi toyunda. Bir gün də Əhmədlə birlikdə Arazın sahilində oturub o taya baxdıq, baxdıq. Az qala üstündən 30 il keçir, nə o tay yadımdan çıxır, nə də sahildə oturub o taya baxanda keçirdiyim hisslər.
   
   O hissləri bu yaxınlarda bir də keçirtdim. Ondan da ağrılı, ondan da acılı, xanımımdan utanıb hisslərimi nə qədər gizlətməyə çalışsam da, mümkün olmadı. Amma gördüm ki, mən Arazın sahilində dayanıb necə baxıramsa, o da elə baxır...
   
   Yox, bu taydan o taya baxmırdıq...
   
   Ürəyimizə Məmməd Arazın yurdunu, doğulduğu kəndi, evi ziyarət eləmək düşmüşdü. Bir səhər dedim, getdik ey!
   
   Biləsuvarı keçdik, Araz boyu üzü Naxçıvana. Elə bil Arazın bu tayı ilə üzü Cəbrayıla gedirsən. Kəndlərin adları da eyni, adamlar da eyni, ləhcələr də eyni. Deyəcəksiz burda nə var eyni xalqdı də! Doğrudan da eyni xalqdı! İran pulunu tanımadığımdan sonra başa düşdüm ki, mənə otuz manat atıblar...
   
   Amma adamın Allahı olar. O taydakı Biləsuvarda bir nəfərdən xahiş etdim ki, məni Naxçıvan yoluna çıxarsın. Maşına oturub məni Naxçıvan yoluna çıxartdı, düşəndə dedi ki, qardaş, bir dəqiqə dayan. Getdi və əlində xeyli sərinləşdirici içki gətirdi:
   
   - Götürün, uzaq yoldu, lazımınız olar.
   
   O taydakı Horadüzümüzdən bu taydakı Horadüzümüzdə dalğalanan son bayrağımıza baxıb keçdik...
   
   ... Yandırılmış, dağıdılmış, yerlə-yeksan olmuş viranə kəndlərimiz, neçə illərdi əkinçi-biçinçi əlinə həsrət qaldığından erkəkləmiş torpaqlar...
   
   - Bax, bax, ora Şükürbəylidi, Tehrangilin kəndi...
   
   Bir dəfə də Mehman Cavadoğlu ilə sərhədçilərdən gizlənə-gizlənə dostumuz Tehran Vəliyevin toyuna gəlmişdik Şükürbəyliyə. Tehrangilin həyətindən daşı atırdıq Arazın o tayına düşürdü...
   
   - Bax, bax, o da Mərcanlıdı, Vaqif Bayatlıgilin kəndi...
   
   Dayanmışdıq Şahmar Əkbərzadənin kölgəsinin keçdiyi Arazın sahilində... Həsrətlə, ağrıyla, acıyla əlimiz çatacaq qədər yaxın olan bu taya baxırdıq...
   
   Otuz il əvvəl Naxçıvanda bu taydan o taya baxanda keçirtdiyim hissləri yenidən yaşadım. Və ondan da dəhşətli!
   
   Bəli, 200 ildi həsrətlə bu taydan o taya baxırıq, indi də 18 ildi o taydan bu taya baxırıq. Dünyanın heç bir milləti belə bir faciə yaşamayıb! Allah axırını xeyir eləsin! Və Allah bu millətin (o taylı-bu taylı milləti nəzərdə tuturam) dözümünü və səbrini əlindən alsın!
   
   Bizim bu səbrimizdən nə qoradan halva bişər, nə də tut yarpağından atlaz olar!
   
   
   
   

TƏQVİM / ARXİV