adalet.az header logo
  • Bakı 7°C
22 Noyabr 2019 15:29
16882
MƏMLƏKƏT
A- A+

PREZİDENT QAYĞISININ MİSİLSİZ TÖHFƏLƏRİ VƏ NÜMUNƏVİ İDARƏÇİLİK MÖVQEYİ

"...Bütövlükdə Zaqatala rayonunda işlər çox yaxşı gedir, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Həm şəhərdə, həm kəndlərdə böyük quruculuq işləri aparılır. Bu Proqram bizə imkan verəcək ki, yaxın zamanlarda bütün əsas sosial və iqtisadi məsələlər öz həllini tapsın. Tikinti işləri davam edir, sakinlər bu işlərdə fəal iştirak edirlər...” 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zaqatala rayonu haqqında söylədiyi bu dəyərli fikirlər ölkəböyü aparılan böyük quruculuq işlərinin reallığını əks etdirən qürurverici nümunədir. Sosial-iqtisadi inkişafın ölkənin ən ucqar bölgələrini də əhatə etməsi, insanların rifah halının yüksəlməsi digər istiqamətlərə də işıq salır. Dövlət Proqramlarında qarşıya qoyulan vəzifələr, artıq hansısa köhnə bir binanın cari təmiri və ya hansısa qısa bir yolun çəkilişi kimi sadə məsələləri gündəmə gətirmir. İllərdir ki, ölkə boyu nəhəng işlər aparılır. Bu tərəqqi, bu yüksəliş Azərbaycan Respublikasının adi vətəndaşından tutmuş, onun rəhbərinə kimi sevinc bəxş edir. Ölkə Prezidenti İlham Əliyev istər paytaxt Bakıda, istərsə də regionlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərində ən sadə adamlarla bu sevinci bölüşür, Azərbaycan Respublikasının gələcəyinin daha gözəl olacağına inandığını bildirir. Hələ neçə il bundan əvvəl qeyri-neft sektorunun prioritet olacağını bildirən cənab Prezidentin aparılan siyasətin nəticəsi baxımından hansı səviyyədə qərarlaşması və inkişafı göz qabağındadır. Bu baxımdan da rəhbərin özünün də xeyli səfər etdiyi Zaqatala rayonunu nümunə göstərməsi təsadüfi deyil. Bütün bunlar bir növ Azərbaycan reallığının spektrini işıqlandırır.



Son illər həm də Zaqatalanın müntəzəmliklə mətbuat və televiziyanın diqqət mərkəzində olması da məntiqi nəticədir. Rayon göstərilən qayğı və diqqət, eyni zamanda nümunəvi idarəetmə sayəsində sürətli inkişafı ilə ciddi uğurlar qazanmaqdadır. "Ədalət” qəzeti olaraq biz də vaxtaşırı bu inkişafın gedişindən yazılar dərc edirik. Bəzən bu qədim və gözəl məkanın tarixi keçmişindən, bənzərsiz təbiətindən, ziyalılarından və sadə insanlarından da söz açırıq. Respublikamızın çox yerlərində inkişafın, fundamental müasirləşmənin şahidiyik. Ancaq cənab Prezidentin də vurğuladığı kimi Zaqatala gerçəkliyi, Zaqatala nümunəsi indi tamam başqa ovqat yaradır.



Vətənə, xalqa, ölkə rəhbərliyinə bütün mənalarda sədaqətli olmaq, şəxsi keyfiyyətləri ilə nümunə göstərmək hər bir vətəndaş, hər bir dövlət məmuru üçün şərəf məsələsidir. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəni bu mənada təkcə regionda deyil, respublikanın əksər yerlərində yaxşı tanıyırlar. Bu səmimi, təmkinli və ziyalı şəxsin keçdiyi ömür yolu da bunu bütün məqamlarında təsdiqləyir. Onun başçılıq etdiyi komanda əsl idarəetmə məktəbidir. Bütün günü rayon mərkəzinin, qəsəbə və kəndlərin həyatı, yaşamı ilə maraqlanmaq, işçiləri öz ukrasiyalarına görə səfərbər etmək, sakinlərlə görüşmək, vaxtın imkanı daxilində yerlərdə olmaq heç də asan məsələ deyil. Üstəlik o, cənab Prezidentin nümayəndəsi və rayon rəhbəri kimi, bütün məsələlərin operativ həllinə cavabdehlik daşıdığını hamıdan gözəl bilir.


Qəbullar, söhbətlər, kəndlərdə keçirilən səyyar görüşlər effektiv olduğundan razılıqla qarşılanır. Hər dəfə də cənab Prezidentə sonsuz minnətdarlıqlar ifadə olunur. Bu barədə söhbət düşərkən Mübariz müəllim öz fikirlərini, münasibətini çox gözəl şərh edir:



- Siz də bilirsiniz ki, Zaqatala rayonunun sakinləri bütün məsələlərə həssaslıqla yanaşırlar. Onlar Azərbaycanın, onun bir parçası olan gözəl Zaqatalanın son illər ərzində bu qədər inkişafına, uğurlarına ürəkdən sevinib fəxr etməklə, əlbəttə ki, həmişə cənab Prezidentin müstəsna qayğısının sevincini yaşayırlar. Bizim camaat iqtisadi yüksəliş və müasirləşdirmə qayğıları ilə yanaşı, o vaxtkı təbii fəlakət zamanı təcili rayona gəlib onlara arxa duran sevimli prezidentlərinin misilsiz qayğısını bəlkə də hər gün xatırlayır, ona dualar edirlər. Eyni zamanda rayondakı infrastruktur yenilikləri, rahat yollar, abad kənd və qəsəbələrin sanki bir şəhər görkəmi alması, Zaqatala şəhərinin modenn inkişafı dövlətimizin, şəxsən cənab Prezidentimizin müstəsna qayğı və diqqətinin töhfələridir. Bizim də borcumuz göstərilən bu qayğı və diqqətə, yüksək etimada layiqincə cavab verməkdir. Hamımızın vətən, xalq, ölkə rəhbərliyi qarşısında borcumuz fəaliyyətimizlə, normal həyat tərzimizlə yaşayıb çalışmaqdır...


Məzahir ƏHMƏDZADƏ