adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 10:46
10462
MƏMLƏKƏT
A- A+

FHN 233 binaya müsbət rəy verib

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

FHN-nin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 7 ay ərzində ümumi sahəsi 4 531 002 m2 olan 46651 mənzilli, ümumilikdə 893 girişli 233 binaya (kompleksə) dair müsbət rəy verilib.

Bildirilib ki, 218-i Bakı şəhəri, 8-i Abşeron rayonu, 1-i Sumqayıt şəhəri, 4-ü Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin bir qisminin iştirakı ilə 28, 30 oktyabr və 1 noyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində görüşlər keçirilib. Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, "Azərsu” ASC-nin, SOCAR "Azəriqaz” İB-nin və "Azərişıq” ASC-nin səlahiyyətli şəxslərinin iştirak etdikləri görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb.

Qeyd olunub ki, Fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.