adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Noyabr 2019 10:00
16528
GÜNDƏM
A- A+

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

Mirzə Cəlilin nəticəsi Polşada tapıldı və ölkəyə dəvət edildi, ictimaiyyət tərəfindən də bu xoş qarşılandı. Amma bir az qalmaqal oldu – kim tapıb Mirzə Cəlilin nəticəsini?Əslində burda o qədər də böyük səs-küyə səbəb olacaq məsələ yoxdu. Çünki hər iki tərəf haqlıdı. Akademik İsa Həbilbbəyli vaxtilə bu nəsli araşdırıb, müəyyən nəticələr əldə etmişdi. Vaxtilə deyəndə, hələ 28 il bundan qabaq.

Amma bu nəslin davamçılarını tapan, ünvanına gedib çıxan və müsahibə alan jurnalist Hafiz Əhmədov olub. Və sonradan İsa müəllim də Hafiz bəylə əlaqə saxlayıb, ünvanı dəqiqləşdirib, yenidən bu məsələyə girişib və nəticədə nəslin davamçılarını Bakıya dəvət edib. Və Hafiz bəyə də buna görə təşəkkürünü bildirib.

Amma əslinə qalsa İsa müəllimdən də, Hafizdən də çox-çox əvvəl həmin nəsli 1988-ci ildə AzTV-nin «Dalğa» proqramı arayıb-axtarıb üzə çıxarmışdı və bu barədə də maraqlı veriliş getmişdi efirə. Həmidə xanımın nəvəsi professor Minə Davatdarova həmin verilişdə nəslin fotoşəkillərini də göstərmişdi, Həmidə xanımın oğlu Ənvər haqqında da geniş məlumat vermişdi. Müharibə illərində niyə İrana gedib və orda Vanda adlı polyak bir qadınla evlənib, İrandan da Polşaya üz tutub. Amma bundan əvvəl Ənvar bəy Bakıda Məhin Dadipur adlı bir xanımla evlənib və İrana da onunla gedib. Həmin xanım da İran inqilabçılarındanıymış. Və Ənvər bəyin həmin xanımla evlənib İrana getməsində yəqin ki, bir siyasət də vardı, çünki həmin vaxt İranda hadisələr başlamışdı və azərbaycanlıların inqilabı gözlənilirdi. Sonra 1943-cü ildə birinci xanımından ayrılıb polyak xanımla evlənib və köçüb gedib Polşaya.

Və bu gün Azərbaycana gələn nəticələr də Ənvər bəyin nəvələridi.

Bu məsələyə daha dəqiq aydınlığı İlqar Əlfioğlu da gətirə bilər, çünki həmin dövrdə «Dalğa»nın redaktorlarından biri idi.

Yəqin ki, biz bütün arxivlərimizə laqeyd olduğumuz kimi, «Dalğa»nın həmin verilişi də laqeydlik üzündən AzTV-nin arxivində çətin tapıla.

Qaldı onların Cavanşir soyadını götürmələrinə, Cavanşir nəslinin İran şahlarına qohumluqları var.

Onu da qeyd edək ki, Həmidə xanımın nəvəsi Minə Davatdarovanın adı bibisinin adıdı, o bibisinin ki intihar etmişdi və onun da nəsli indi Amerikada yaşayır.

Bu barədə Həmidə xanımın xatirələrində var.