adalet.az header logo
  • Bakı 16°C
20 Noyabr 2019 13:56
14927
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: MƏNZİLLƏR QIZMIR...

Noyabrın 15-dən "Azəristiliktəchizat” Bakıda və eləcə də digər yerlərdə binalara istilik verməlidir. İnsaf naminə deyək ki, ayın 15-dən sonra bir çox binalar istiliklə təchiz edilib. Bir ara da söz-söhbət gəzdi ki, bəs "Azəristiliktəchizat”ın "Azərqaz”a borcu olduğuna görə, bu məsələlər bir müddət ləngiyə bilər, binalara istilik gec verilər. Həm "Azəristiliktəchizat”ın, həm də "Azərqaz”ın məsul şəxsləri bildirdilər ki, arada yaranmış borcun əhali üçün heç bir çətinliyi olmayacaq. Bu məsələlər hər iki qurum arasında öz həllini tapacaqdır.

Amma söhbət heç də istiliyin verilməməsindən getmir. Axı bayaq dedik, əksər binalara istilik verilir, buna söz ola bilməz. Ancaq camaatın sözü onadır ki, bu istilik çox zəifdir və mənzilləri qızdırmır. Xüsusən də betondan tikilmiş evləri bu zəif istilik heç cürə isidə bilmir ki, bilmir.

Çox uzağa getməyək. Elə Suraxanı rayonun, Yeni Günəşli yaşayış sahəsinin "D” massivindəki 13, 12, 16,17 və 18 nömrəli binaların sakinləri ilə söhbət eləmək hər şeyə aydınlıq gətirər. Bir sakin olaraq mənim özüm də 13 nömrəli binada yaşayıram. Düzdür, ayın 15 və 16-sı bizim binaya istilik verilmədi və onda da qonşularımız bərk dilxor oldular. Ancaq 17-si gündüz saatlarında mənzillərdəki istilik sisteminin ilıq olduğunu gördük. Bəli, düz eşitdiniz, isti yox, məhz ilıq. Və bu ilıq istiliklə də beton evlər çox çətin ki, qızsın.

13-cü binanın sakinlərindən Mehdi, Tahirə, Şəfiqə və eləcə də digərləri bildirirlər ki, noyabrın 17-də binamıza istilik veriləndə çox sevindik. Sevindik ki, tay elektrik sobalarından istifadə etmərik. Amma həmin günlər, lap bu gün də görürük ki, bu istilik çox zəifdir. Mənzillərimizi qızdırmaq bilmir ki, bilmir. Və yenidən məcbur olub elektrik sobalarını işə salmışıq. Düzdür, havalar o qədər soyuq keçməsə də, amma bizim evlər beton olduğu üçün çox çətinliklə qızır. Yəni mənzillərimizə verilən bu aşağı təyqizli istiliklə çox çətin ki, otaqlarımız isinsin.

Təbii ki, binalara və mənzillərə istilik normal təyziqdə verilməyəndə orda yaşayan insanlar soyuqdəymədən xəstələnirlər. Xüsusən də immuniteti zəif olduğuna görə, qocalar və uşaqlar daha tez müxtəlif virusa yoluxurlar. Bu isə o deməkdir ki, hələ payızdır belədir, gör qış gələndə havalar necə soyuq olacaq.

13-cü binanın sakinləri onu da deyirlər ki, bizim yaxınlığımızda, daha doğrusu, 12-ci binanın həyətində müasir tələblərə cavab verən qazanxana tikilib. Ötən il soyuq havalarda insaf naminə deyək ki, o qazanxana çox yaxşı işlədi, mənzillərimizi yüksək təyziqli istiliklə təchiz etdi. Amma indi məəttəl qalmışıq ki, heç havalar soyuq da deyil, niyə mənzillərimizə normal təyziqdə istilik verilmir.

Biz "Azəristiliktəchizat”ın Suraxanı rayonundakı mövcud qazanxanasıyla əlaqə yaratdıq. Ordan bildirdilər ki, hava şəraitinə uyğun mənzillərə istilik verilir. Hava bir az soyuyan kimi təyziqi artıracaq və mənzilləri yüksək istiliklə təmin edəcəyik. Qazanxananın sutkanın 24 saatı ərzində güclü rejimdə işləməsi üçün heç bir problemi yoxdur. Bizə qaz da verirlər və digər məsələlər də öz həllini tapıb. Sadəcə olaraq, biz müəyyən rejimə uyğun çalışırıq.

Təbii ki, "Azəristiliktəchizat”dan verilən bu cavab heç də sakinləri razı salmır. Heç olmasa gündüz deyil, axşam saatlarında istiliyin təyziqini artırmaq olar. Axı Günəşli digər yaşayış sahələrinə nisbətən soyuq olan yerdi. Aydındır ki, belə bir şəraiti də nəzərə almamaq müəyyən problemlərin yaranmasına gətirib çıxarır və sakinlər arasında haqlı olaraq giley-güzar yaradır.

Əlbəttə, bir çox abonentlər əvvəllər istifadə etdikləri istiliyin pulunu tam ödəməyiblər. Ataların çox gözəl bir

məsəli var: "Yüz dəfə İmam üçün ağlayanda, bir dəfə də Yezid üçün ağlamaq lazımdır”. Əgər abonent fasiləsiz olaraq yüksək təyziqdə istilik arzulayırsa, onda zəhmət çəkib əvvəlki illərdə istifadə elədiyi istiliyin də pulunu ödəməyə borcludu.

Sirr deyil ki, elə bu gün bir çoxları, lap elə bizim yaşadığımız 13 nömrəli binada bir çox sakinlər əvvəl işlətdikləri istiliyin pulunu ödəməyiblər. Bax, burda qurunun oduna yaş da yanır. Yəni hər hansı bir abonent davamlı olaraq işlətdiyi istiliyin pulunu ödəyirsə, o da binadakı bəzi səhlənkar abonentlərin məsuliyyətsizliyinin əziyyətini çəkməli olur.

Hər halda, "Azəristiliktəchizat” mənzillərə verilən istiliyin təyziqini çox yox, bir qədər artırsa, pis olmaz. Bununla həm mənzillər qızar, həm də abonentlər elektrik sobalarından istifadə edib əlavə xərcə düşməzlər. Heç şübhəsiz bir neçə gündən sonra mənzillərdə istiliyin təyziqi adiyyəti qurumlar tərəfindən qaldırılar.