METYU BRAYZA, MiSiR MüƏLLiM VƏ TüKüRDüYüNü YALAYAN KILIçDAROğLU...

AQİL ABBAS
34894 | 2011-07-20 10:14
Bu günlərdə mətbuatda belə bir məlumat oxudum. Yəhudi kökənli bir azərbaycanlı şagird buraxılış imtahanı vermədiyinə görə attestat ala bilməyib. Buraxılış imtahanını niyə verə bilməyib? Heç demə, imtahan şənbə gününə düşüb və bildiyimiz kimi, yəhudilər də şənbə günü Allahın onlara buyurduğu kimi işləmirlər. Və yəhudi icmasının nümayəndələri bundan çox rəncidə olublar, təhsil nazirinə şikayət ediblər, təhsil naziri də təbii ki, bu şikayəti qəbul edə bilməz. Biz sivil bir dövlətdə yaşayırıq və ölkə də sivil qanunlarla idarə edilir, dini qanunlarla yox. Və təhsil naziri də hansısa bir şagirdin dini baxışlarına görə imtahan gününü dəyişə bilməzdi və nə də bir şagird üçün əlavə bir imtahan təşkil edə bilməzdi. Ən azı buna qanunlar yol verməz.
   
   Yəni burda təhsil naziri hörmətli Misir Mərdanovu günahlandırmaq haqsız olardı. Mən o şagirdin halına acıyıram və təəssüflənirəm ki, belə bir hadisə ilə üzləşib.
   
   Məsələnin başqa bir tərəfi də var.
   
   İcmanın nümayəndələri ABŞ-ın ölkəmizdəki böyük elçisi sayın Metyu Brayza ilə görüşüblər. Sayın Metyu Brayza bizim dostumuzdu, qardaşımızdı, yeznəmizdi, Qarabağ probleminin həlli yolunda da ATƏT-in bir həmsədri kimi çox çaba göstərib və bizim ona borcumuz çoxdu, minnətdarıq. Xoş sözlərdən sonra gələk mətləbə.
   
   Sayın Metyu Brayza icmanın nümayəndələrinin şikayətini dinləyib və deyib ki, təhsil naziri hörmətli Misir Mərdanovla danışar. Qəribədir, elə deyilmi? Sayın Metyu Brayza hörmətli Misir Mərdanovla nə danışa bilər? Sayın Metyu Brayzanın təhsil nazirinin işinə müdaxilə etmək hüququ varmı? Tutalım əziz dostumuz, qardaşımız və yeznəmiz olduğuna görə sayın Metyu Brayzanı hörmətli Misir Mərdanov dinlədi. Onda nə tədbir görəcək, qanunlarımı pozacaq? Özü saxta diplomların əleyhinə mübarizə apardığına görə sayın Metyu Brayzanın xahişi ilə kiməsə saxta attestat verəcək?
   
   Bilmirəm, sayın Metyu Brayza hörmətli Misir müəllimlə danışdı, ya yox.
   
   Təsəvvür edin, ABŞ-da bir azərbaycanlı şagirdin başına belə bir iş gəlib. Onun ailəsi, ya da bizim ordakı diasporumuz gedirlər Avropanın hansısa özündənrazı ölkələrindən birinin (deyək Farer adalarının, ya da olsun Andorra, Lixtenşteyn də ola bilər) səfirinin yanına, səfir də deyir ki, narahat olma, mən bu dəqiqə ABŞ-ın təhsil nazirinə zəng edib danışaram. Maraqlıdır, elə deyilmi?
   
   Bir məsələ də var. Həmin icmanın nümayəndələri niyə İsrailin ölkəmizdəki böyük elçiliyinə deyil, məhz ABŞ-ın böyük elçiliyinə müraciət ediblər?
   
   Sonda. Hörmətli Misir müəllimdən xahiş edirik ki, bu məsələni yoluna qoysun, yoxsa ABŞ-ın xətrinə dəyər. Sonra bunun razborkasından çıxa bilmərik.
   
   Xanım Hillari Klintona bir məsələ ilə bağlı söylədiklərini oxuyub təəccübləndim.
   
   Bu günlərdə xanım Klinton Türkiyəyə gəlmişdi və Türkiyənin siyasi liderləri də onunla görüşmək üçün növbəyə durmuşdu. Təkcə MHP-nin başqanı Dövlət Baxçalıdan başqa. O, xanım Klintonun dəvətini rədd edərək görüşdən imtina etmişdi.
   
   Türk mediasındakı xanım Klintonun səfəri ilə bağlı yazılardan belə bir nəticə də hasil eləmək olur ki, ABŞ Türkiyəni Qarabağdan vaz keçməyə məcbur etmək niyyətindədir. Türkiyənin yumurtasını dişinə vuran ABŞ inanır ki, belə təzyiqlərlə qardaşlarımızı yora bilər və fikrindən döndərə bilər. Amma onu unudur ki, elə məsələlər var ki, onu yüz faiz səslə hakimiyyətdə olan iqtidar da həll edə bilməz, çünki türk milləti millətinin istəmədiyini ona məcbur edən iqtidarı Egey dənizinin soyuq sularına atar.
   
   Qayıdaq Kılıçdaroğluna. Xanım Klintonla Kılıçdaroğlunun görüşündə də Sürix protokollarının (Türkiyə ilə Ermənistanın qardaşlaşması) ratifikasiya məsələsi gündəmə gəlib. Xanım Klinton deyib ki, müxalifət bu protokolların ratifikasiyasına mane olur.
   
   Görün Kılıçdaroğlu nə deyir: "Xanım Klinton bildirdi ki, hakimiyyət təmsilçiləri ilə görüşündə ona Sürix protokollarının ratifikasiyasına müxalifətin imkan vermədiyini deyiblər. O bizdən soruşdu ki, nəyə görə bu protokolların ratifikasiyasına imkan vermirik. Mən isə cavab verdim ki, hökumətin günahı müxalifətin üstünə qoymaq cəhdləri məntiqsizdir. Çünki AKP Parlamentdə mütləq çoxluğa malikdir. Və istədiyi vaxt protokolları ratifikasiya edə bilər".
   
   Bərəkallah Kılıçdaroğluna.
   
   Sayın Ərdoğan bir daha sübut etdi ki, o, Kılıçdaroğludan bir yox, bir neçə dəfə böyük siyasətçidir, Kılıçdaroğlu siyasətdə hələ ilk okulu bitirməyib.
   
   Sayın Ərdoğan ABŞ-ın təzyiqlərinə sinə gərmək üçün müxalifətdən əslində dəstək istəyib. Yəni biz istəsək də müxalifət Qarabağ məsələsi çözülməyənə qədər buna imkan verməz.
   
   Nənə müxalifətin lideri də xanım Klintonun önünə Qarabağ məsələsinin çözülməsini qoya biləcəyi halda belə cavab verib. Yəni demək istəyib ki, iqtidar özü istəmir və iqtidarı tək qoyub. Partiyasının mənafeyini millətin mənafeyindən üstün tutaraq, belə demək mümkünsə, sayın Ərdoğanı çuğullayıb, yəni satıb.
   
   Kamal bəy bu kamalla Türkiyəni yönətmək arzusundadı?
   
   CHP yemin etməyəndə sayın Ərdoğan bir qədər etik çərçivədən çıxaraq demişdi ki, tükürdüklərini yalayacaq. Böylə də oldu, Kılıçdaroğlu tükürdüyünü yaladı.
   
   Böylə-böylə işlər...

TƏQVİM / ARXİV