adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2019 09:42
17144
MƏMLƏKƏT
A- A+

Sumqayıtda 70 illik yubiley coşqusu - FOTO

Noyabrın 19-da Sumqayıtın əsas meydanında, Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirildi.

Tədbirdə yüzlərlə şəhər sakini, şəhərin ictimai şəxsləri, hərbiçilər iştirak etdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən hazırlıq tədbirləri çərçivəsində şəhərin küçə və prospektləri, park və xiyabanları, Dövlət Dram Teatrının binası, Dənizkənarı Bulvar, Heydər Əliyev parkı xüsusi işıq effektləri ilə bəzədilmişdi. Eyni zamanda şəhəri küçələrində Azərbaycan bayraqları, "Sumqayıt-70" yazılı lövhələr asılmışdı. Şəhər əsl bayram ab-havası ilə bir coşqu yaşayırdı.

Sakinlər jurnalistlərlə söhbətlərində bildirdilər ki, mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə fəxr edirlər.

Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, veteranlar, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Almanıyanın, Ukraynanın, Çinin şəhərlərinin nümayəndə heyətləri də yer almışdı.



Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi ilə başladı. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olundu. Eyni zamanda xüsusi təyinatlılar tərəfindən əlbəyaxa döyüş fəndlərini nümayiş etdirildi.

Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam etdirildi. Tribuna önündən keçən hrə müəssisə və təşkilat kollektivi işlərinə uyğun xüsusi forma geyinib, əllərində Azərbaycan bayraqları, güllər tutmuşdular.

Sumqayıt sakini Rafiq Məmmədov bildirdi ki, son illərdə şəhərdə görülən işlərdən razıdırlar:

"Şəhərdə görülən işlər hər kəsə məlumdur. Burada yaşayan sakinlər bilirlər ki, şəhərdə bir neçə il öncə parklar, dəniz kənarı, bulvar ərazisi yararsız vəziyyətdə idi. Zakir Fərəcov Sumqayıta icra başçısı təyin edildikdən sonra bütün qeyd etdiyim ərazilər abadlaşdırıldı. Yadımdadır ki, biz Sumqayıtda uşaqları yay aylarında dənizə apara bilmirdik. Çünki dənizə iri borularla kanalizasiya suları axıdılırdı. Başçı gəldikdən sonra bütün dəniz sahili abadlaşdırıldı. Bu yay, ötən yay rahatlıqla uşaqlarını dənizə aparmışıq. Eyni zamanda bu gün Sumqayıtın bulvar ərazisi, ”Göyərçin" parkı deyilən yer heç də Bakı bulvarından geri qalmır. Oradakı abadlıq, burada da var. Yağış yağanda siz Sumqayıtın mərkəzi küçələri ilə gedə bilməzdiniz. Çünki hər yer suyun içərisində qalırdı. Səki ilə avtomobil yolu eyni hündürlükdə idi. İndi isə bu problem də öz həllini tapıb. Sumqayıtda son illər xeyli sayda müəssisələr də yaradılıb. Buradakı paradda onların bir qismi iştirak edirdilər və özünüz gördünüz. 10 il öncə ağ-qara şəhəri xatırladan Sumqayıt, bu gün artıq işıqlı bir mərkəzi şəhərə çevrilib".



Sakin Kamran İbrahimov bildirdi ki, son zamanlar Sumqayıtda mərkəzdən kənarda yerləşən yaşayış binalarının damları, zirzəmiləri düzəldilib, təmizlənib:

"Əvvəllər hansı binanın yanından keçirdinsə, pis qoxu ətrafı bürüyürdü. Çünki binaların zirzəmiləri suyun içərisində olurdu. Artıq bu problem də öz həllini demək olar ki, tapıb. Mən birinci mərtəbədə qalıram. Yay aylarında binanın girişində o qədər ağcaqanad olurdu ki, qapını açıb, evə girə bilmirdik. Çünki zirzəmi su içərisində idi, çirkaba həşəratlar yığışırdı. Sonuncu mərtəbədə yaşayanlar da binanın damındakı problemlərdən əziyyət çəkirdilər. Artıq belə bir problemimiz yoxdur. Şəhərin küçələri genişləndirilib, əraziləri abadlaşdırılır. Bizim məhəllədə tez-tez maşınlardan oğurluq edirdilər. Çünki gecələr binanın önü işıqlandırılmırdı. Bu barədə icra hakimiyyətinə ərizə yazdıq, səhəri günü bu işlə məşğul oldular. Binanın həyəti işıqlandırıldı, ara yolları abadlaşdırıldı. Yəni keçirilən bu parad, insanların bura qatılması heç də görüşün xatirinə deyil. Doğrudan da ciddi bir dəyişiklik baş verir və hər kəs də bunun fərqindədir. Sumqayıtda ”Şərq bazarı" kimi tanınan ərazisi sökülən zaman bəzi narazılıqlar var idi. Lakin sonradan həmin ərazi abadlaşdırıldı, orada müasir standartlara cavab verən obyektlər inşa edildi. Doğrudan da "Şərq bazarı” ərazisi köhnəliyi, natəmizliyi ilə şəhərin mərkəzində heç də xoş görünmürdü. Bütün Sumqayıt sakinlərini bu gün münasibətilə təbrik edirəm".



Məlumat verilib ki, 1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür: "Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib. Sumqayıt artıq Azərbaycan sənayesinin inkişafında mühüm yer tutur. Xəzərin sahilində salınan bu şəhər son 15 ildə prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza ataraq, öz simasını dəyişib, gözəl, rahat və yaraşıqlı bir şəhərə çevrilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda təkcə şəhərmiqyaslı deyil, regional əhəmiyyətli layihələr həyata keçirilir. Bu gün Sumqayıt müasir trendlərlə uzlaşan sənaye klasterlər şəbəkəsinə malik ölkəmizin inkişaf etmiş məkanıdır.

İnkişaf hədəfləri daha işıqlı sabaha, daha nurlu gələcəyə hesablanan Sumqayıt özünün şanlı yubileyini böyük ruh yüksəkliyi ilə qarşılayır",-deyə baş tutan tədbirdə bildirilib.

Məlumat üçün onu da bildirək ki, Sumqayıt inzibati rayonu Xəzər dənizi qərb sahili boyunca duzənlik sahədə yerləşir. İnzibati rayon ərazisi Abşeron yarımadası ərazisinin 9495 hektarını təşkil edir.