adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Heç Falkao elə hərəkət edər?! - Ulucay Akif Yazır

16295 | 2019-11-19 16:49
"Qalatasaray" uzun hay-küydən sonra birtəhər Fransanın "Monako" klubundan kolumbiyalı futbol ulduzu Radamel Falkaonu transfer etdi.

Komandanın azarkeşləri 40 gün, 40 gecə toy-bayram etdilər. Artıq hesablamalara da başlamışdılar:

- Türkiyə çempionatında azı 40 qol vuracaq!
- Çempionlar Liqasında 10 dənədən aşağı qol vurmayacaq!
- "Real Madrid"ə nə az, nə çox, düz 6 qol!
- "Fenerbahçe"-yə ilk oyunda azı 3 qol!
- Hər oyun minimum 2 qol!

Bəs sonra nə oldu?

Falkao gəldi. 2-3 həftə heç oyunlara çıxmadı, dedilər hələ komandaya öyrəşməyib, sonra 3-4 oyuna saldılar. O oyunlardan birində bəxtəxuda 1 qol vurdu. Top rəqib müdafiəçiyə dəyib qol oldu.

Elə Qalatasaraylı oyunçular təzəcə sevinməyə başlamışdılar ki, o biri oyunlarda qol vura bilməyən hücumçunun zədələndiyini dedilər. O zədələnmək bu zədələnmək. O vaxtdan Falkaonu yaşıl meydanda görən olmayıb.

Bir ara komandanın həkimləri dedilər ki, bəs Falkaodan daha pis vəziyyətdə olan oyunçular var, onlar meydana çıxırlar, oynayırlar, amma Falkao istəmir.

Sonra Falkaonun məşhur Nüsrətin restoranında videosu yayıldı. Qəti düşünməyin ki Falkao kefdədir, bütün günü ziyafətlərdədir. Qətiyyən!

Siz heç bilirsiniz Falkao niyə Galatasarayın oyunlarına çıxmır?!

Əvvəla onu deyim ki, Falkaonun "Qalatasaray"dakı illik maaşı, bonusları saymasaq 5 milyon avrodur. Müqaviləsi də 2+1 illikdi. Hələ 3 milyon avro da "imza pulu" ödəyiblər.

Falkaonun müqaviləsində belə bir maddə də varmış. Əgər "Galatasaray" Çempionlar Liqasında qrup mərhələsini keçsə, komanda "Monako"ya 1.5 milyon avro bonus pul ödəməli olacaqdı.

İndi siz özünüz mənə deyin. Sizcə pulun tapılmadığı bir vaxtda Falkao komandasına qarşı belə bir hərəkət edər?

Falkao "Qalatasaray"ı o qədər sevir ki, komandasını "rasxod"a salmaq istəmir! O bilir ki komandasının elə imkanı yoxdu! Yoxsa əlbəttə Falkao oyuna çıxsaydı, hər iki oyunda Real Madridə ən azı "6" qol vurardı!

Sizcə Falkao komandasının puluna qıyar?! Axı Falkao o pulların nə əziyyətlə qazanıldığını çox yaxşı bilir.

"Qalatasaray" elə Monakoya verdiyi pulu Falkaoya verər, o da gedər Nüsrətin yanında ət yeyər də!

Dəhşətsiniz e, vallah!

TƏQVİM / ARXİV