adalet.az header logo
  • Bakı 13°C
18 Noyabr 2019 18:12
8385
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: HAVA ŞƏRAİTİ YAĞIŞLI OLANDA...

Havaların əlverişsiz keçdiyi günlərdə, yəni yağışlar yağanda və yolar sürüşkən olanda yol-nəqliyyat hadisələri üçün münbit şərait yaranır. Və heç kəsə sirr deyil ki, bu cür mürəkkəb şəraitində qəzaların baş verməsi qaçılmaz olur. Bir həftə bundan öncə ölkəmizdə havaların dəyişməsi respublikanın avtomibil yollarında, eləcə də şəhərdaxili istiqamətlərdə qəzaların sayının artmasına gətirib çıxarıb. Təbii ki, bu qəzalar zamanı adi günlərdə olduğundan daha çox insan vəfat edib və bununla yanaşı, xəsarət alanlar da çoxalıb.

Əlbəttə, qəzaların baş verməsinin bir çox səbəbləri var. Bu səbəblər də zaman-zaman yol polisi və eləcə də digər adiyyəti qurumlar tərəfindən təhlil edilir, araşdırmalar aparılır və mövcud problemləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər gerçəkləşdirilir. Qəzaların baş verməsinin ən başlıca səbəbləri nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, hava şəraitinin mürəkkəb keçməsi və bununla yanaşı, bəzi istiqamətlərdə yolların lazımi standartlara cavab verməməsidir.



Göstərdiyimiz faktlarla bərabər, sürücülərin sükan araxasında yuxulaması, yolun sağı boş olduğu halda, solu ilə avtomobilləri idarə etməsi, tez-tez güzgüyə baxmadan manevrlərə meyllilik baş verə biləcək qəzaların yaranmasında önəmli rol oynayır. Üstəlik də yolların gecə saatlarında yaxşı işıqlandırılmaması və piyadaların da yeraltı və yerüstü keçidlərdən, o cümlədən təyin olunmuş yerlərdən keçməməsi ölümlə nəticələnən hadisələrin baş verməsinə təkan yaradır.

Bütün bu göstərdiyimiz problemlər və məsələlər mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təhlil edilir, araşdırılır və qabaqlayıcı tədbirlərin həyata keçirilıməsi üçün ciddi addımlar atılır. Demək olar ki, respublikanın avtomobil yollarında Yol Patrul Xidməti Alayının bütün tağımları bu dediyimiz məsələləri sutkanın 24 saatını diqqət mərkəzində saxlayırlar. Həftənin şənbə-bazar günləri bir qayda olaraq kobud qayda pozuntuları ilə əlaqədar bütün tağımlar xidmət apardıqları respublika əhəmiyyətli avtomobil yolunda reyd və yoxlamalar keçirirlər.



Belə reyd və yoxlamalar Yol Patrul Xidməti Alayının 6-cı tağımında da davamlı olaraq gerçəkləşdirilir. Təbii ki, ilk növbədə hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkəti qaydalarına sürücülərin əməl etməsi diqqət mərkəzində saxlanılır. Tağım əməkdaşları xidmət apardıqları avtomobil yolunun Qobustan, Sahil, Sanqaçal və Ələt istiqamətində hərəkət iştirakçılarının maarifləndirilməsi üçün vaxtaşarı olaraq tədbirlər həyata keçirir. Çünki heç kəsə sirr deyil ki, bu adını çəkdiyimiz yaşayış sahələrində çoxlu sayda məktəblər, uşaq bağçaları və şirkətlər fəaliyyət göstərir. Və çox vaxt da həmin kollektivlərdə olan piyadalar yolu keçərkən təyin olunmuş yerdən yox, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçməyə çalışırlar. Və bu da bəzi hallarda piyadaların vurulması ilə nəticələnir.



Göstərdiyimiz problemi aradan qaldırmaq üçün Yol Patrul Xidməti Alayının 6-cı tağımının baş inspektoru, polis baş leytenantı Rəşad Ağayevlə reyd zamanı görüşüb bəzi məsələlərə aydınlıq gətirməsini xahiş etdik. Öncədən onu qeyd edək ki, Rəşad Ağayev gəncdir, idmançıdır və boksla məşğuldur. Təbii ki, gənclərin irəli çəkilməsi və yüksək vəzifəyə təyin edilməsi çox yaxşı nümunədir. Rəşad Ağayevi də neçə illərdir tanıyıram. Çox mədəni, savadlı və tərbiyəli bir polis zabitidir. O, bizimlə söhbətində piyadalarla bağlı görülmüş və görüləcək tədbirlərdən söhbət açdı. Dedi ki, davamlı olaraq əməkdaşlarımızdan polis karitanı Bakir Həsənov və eləcə də digər əməkdaşlarımız Qobustan, Sahil, Sanqaçal və Ələt qəsəbələrindəki məktəblərdə, müəssisələrdə olur, orda hərəkət iştirakçıları ilə maarifləndirici söhbətlər aparırlar. Bu söhbətlər də piyadalarla bağlı yaranacaq problemləri və təhlükəni vaxtında aradan qaldırır. Eyni zamanda, məktəblilərə əməkdaşlarımız tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici bukletlər də paylanılıb. Şagirdlərin və müəllimlərin görüş zamanı əməkdaşlarımıza ünvanladığı suallar ətraflı cavablandırılıb.

Polis baş leytenantı Rəşad Ağayev onu da bildirdi ki, xidmət apardıqları ərazidə müxtəlif xarici şirkətlər də var. Onlarla da görüşlər keçirib və şəxsən mənim özüm maarifləndirici söhbətlər aparıram. Bu cür söhbətlərin və maarifləndirici işlərin aparılması ümumi işimizə müsbət təsir göstərir. Polis baş leytenantı bir faktı da qeyd etdi ki, görülmüş tədbirlərə baxmayaraq, bir çox piyadalar yerüstü, yeraltı keçidlərdən və təyin olunmuş yerlərdən keçmirlər. Reyd zamanı biz bu cür piyadaları aşkar edir, onlar barəsində inzibati protokol tərtib edirik. Tağımın əməkdaşları mütəmadi olaraq Bakı-Qazax avtomobil yolunun daha təhlükəli yerlərində gündüz və sutkanın qaranlıq saatlarında xidməti daha da gücləndirirlər. Xüsusən də havalar yağışlı və yaşmurlu olanda bu cür təhlükəli yerlərə 6-cı tağımın əlavə naryadları göndərilir. Bu naryadlar isə mürəkkəb hava şəraitində mövcud təhlükəni aradan qaldırır, sürücüləri saxlayaraq öz tövsiyələrini verir və diqqətli olmalarını məsləhət görürlər.



Havalar yağışlı və yağmurlu olanda nəqliyyat vasitələrinin idarə olunması bir qədər də çətinləşir. Hidrometroloqların verdiyi məlumata görə, havalar kəskin dəyişəcək, güclü yaşış, bəzi dağlıq rayonlara sulu qar və qar yağacaqdır. Təbii ki, bu cür mürəkkəb hava şəraitində avtomobilləri idarə etmək daha da mürəkkəbləşəcək. Ona görə də 6-cı tağımın komandiri, polis mayoru Aqil Məmmədov bildirir ki, Bakı-Qazax avtomobil yolunda hərəkət edən sürücülər mənzil başına gedərkən daha diqqətli və məsuliyyətli olsunlar. Yağışlı havada hər bir sürücü sürət həddinə əməl etməli, ara məsafəsi saxlamalı, tez-tez yolun sağı və soluna keçməməlidir.

Aydındır ki, mürəkkəb hava şəraitində baş verə biləcək qəzaların qarşısını almaq üçün yol polisi gücləndirilmiş iş rejimində çalışır. Başqa sözlə demiş olsaq, yol polisi öz missiyasını belə hava şəraitində 24 saat məsuliyyətlə icra edir. Hətta sürücülərə texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamağı məsləhət görür. Əgər nəqliyyat vasitəsində texniki problem yaranarsa, hərəkət zamanı yol polisi bu cür sürücülərin idarə etdiyi avtomobilləri yolun hərəkət hissəsindən çıxarır və təhlükəsiz yerə aparır.

Üstəlik də bir çox sürücülər stasionar postda mürəkkəb hava şəraitində saxlanılaraq onlara tövsiyələr verilir. Əgər sürücünün səhhətində problem yaranıbsa və o, yuxulayırsa, bunun üçün də stasionar postlarda lazımi şərait yaradılıb. Bir sözlə, yol polisi hərəkətin təhlükəsizliyini təmin etmək üçün mürəkkəb hava şəraitində bütün qabaqlayıcı tədbirləri görür. Sadəcə olaraq, sürücülər də qarlı, yağışlı hava şəraitini nəzərə almalı, yol polisinin tövsiyələrinə əməl etməli və bu cür durumda texniki cəhətdən nasaz avtobillərin sükanı arxasında əyləşməməlidirlər.

Reyddə iştirak edirdilər: Aqil MƏMMƏDOV - Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, polis mayoru; Rəşad AĞAYEV- 6-cı tağımın baş inspektoru, polis baş leytenantı; Elçin ORUCOV - 6-cı tağımın baş inspektoru, polis kaptanı; Qalib RZAYEV - 6-cı tağımın baş inspektoru, polis kapitanı; İlham QURBANOV - 6-cı tağımın baş inspektoru, polis leytenantı; Xəyyam MUSTAFAYEV - 6-cı tağımın inspektoru, baş serjantı; Faiq QİSMƏTOĞLU -"Ədalət"in əməkdaşı