adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Noyabr 2019 12:53
9537
GÜNDƏM
A- A+

Alim: “Şuşaya aid fotonu 5-15 adam, müğənni şəklini isə 10 min nəfər bəyənir”

"Tarixi, dərsliyi gərək alim, bilən adam yazsın. Özfəaliyyətlə kitab yazmazlar. Bu işi konkret dövrü bilən adama tapşırmaq lazımdır. Müxtəlif dərsliklərdə tarixi faktların təhrifinə rast gəlinib. Bu səhvlərin haradan qaynaqlandığını bilmirəm, amma hər halda, kitabın üzərində müəllifin adı yazılır. Müəllifə də kitabın necə yazılmalı olduğunu demək lazımdır. Bax problem bundadır”.

Adalet.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında tarix elmləri doktoru, araşdırmaçı-alim Nəsiman Yaqublu deyib. O, tarixi faktların müxtəlif kitablarda təhrif olunmasına münasibət bildirib.

O, həmçinin, insanlara sistemli şəkildə vətənpərvərlik duyğuları aşılamağı diqqətə çatdırıb:

"Hər kəs bunu özü müəyyənləşdirməlidir ki, hansı tarixi gün onun üçün daha əhəmiyyətlidir. Məsələn, mənim üçün 28 may Respublika Günü gözəl bir gündür, əsl vətənpərvərlik günüdür. Onu böyük bayram hesab edirəm. Başqa bir adam digər tarixi günü bayram hesab edirsə, bu da onun öz fikridir. Vətənpərvərlik süni şəkildə insanların beyninə yeridilməməlidir. Hər günü də bayram günü kimi də qeyd etmək olmaz. Dünya ölkələrində də belədir. Bizdə belə bir yanlış fikir var ki, hər günü ya oturub bayram, ya da yas etməliyik. Bəs ara günlər,iş günləri necə olsun? Elə məhz ona görə də ümumxalq yas və ya bayram günləri qeyd edilir. Hər günü xüsusi bir gün kimi qeyd etmək insanlarda işgüzarlığı, iş intizamını pozur. Vətənpərvərlik isə hansısa bir günü qeyd etməklə ölçülmür. O, böyük bir sistemdir. Kiçik yaşlardan başlayaraq vətəndaş kimi formalaşana qədər bu sistemi fərdə təlqin etsək, nəticədə vətənpərvər insan kimi böyüyər”.

Tarixçi qeyd edir ki, sosial şəbəkələrdə tarixi məlumatlara, önəmli faktlara kütləvi münasibət göstərilmir. Adi müğənninin özəl həyatı tarixdən üstün tutulur:

"Bayrağımızın tarixi haqqında ilk geniş məqaləni 10 il əvvəl rus-Azərbaycan dilində mən yazmışam. Məqalənin də adı belədir: "Üç rəngli bayrağımızın mənası”. "9 noyabr Bayraq Günü”-də o məqaləni facebook səhifəsində həm rus, həm Azərbaycan dilində paylaşdım. 60-70 nəfərdən artıq adam oxumadı. Amma hansısa bir müğənninin həyat tərzini facebookda paylaşanda 2000-3000 min adam girib oxuyur, bəyənir. Yəni insanlarımız lazımı faktları oxumur, mütaliə etmir. Problem bundandır. Görünür, ciddi fikirləşməliyik ki, insanlarımızın bu məsələlərə sevgi ilə yanaşması üçün necə edək. Şuşanın bir şəklini paylasanız, görəcəksiniz ki, 10-15 adam baxır, bəyənir. Sonra bir müğənnidən elə-belə adi nəsə paylaşsanız 10 min adam bəyənəcək. Durum bu gündədir. Ona görə də bu kompleks şəkildə həll olunmalıdır. Vətənpərvərlik, vətəni sevmək, Qarabağ, digər problemlər sistemli şəkildə tədris olunmalıdır. Televiziyada bir dənə də olsun Qarabağ, Cümhuriyyət, onun qurucuları haqqında veriliş yoxdur. Bununla necə vətənpərvərlik təlqin etmək olar ki?”