adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2019 16:00
69567
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir əsrlik şanlı tarixi...

1919-20-ci illərdə Bakı Kişi Müəllimlər Seminariyası,1920-25-ci illərdə Bakı Qadın Müəllimləri Seminariyası,1925-26-cı illərdə Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası,1926-30-cu illərdə Bakı Müttəhid Pedaqoji Texnikomu,1930-36-cı illərdə Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikomu,1936-38-ci illərdə M.Ə.Sabir adına Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikomu,1938-68-ci illərdə M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi,1968-ci ildən M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi,1991-ci ilin dekabrından M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikomu,1999-cu ildən isə Azərbaycan Pedaqoji Kolleci- yarandığı 1919-cu ilin yanvarından bu günədək keçdiyi 100 illik tarixi yolda adları dəyişsə də amalı heç dəyişmədi. Təhsilimizin ilk qaranquşlarından biri, bu zəka və ülviyyət məbədində həmişə müəllim hazırlandı. Xalqımızın maarifi yolunda səmərəli fəaliyyət göstərən 100 yaşlı bu qocaman təhsil müəssisəsi Azərbaycan üçün 20-ci əsrdə elm, sənət və mədəniyyət xadimləri, pedaqoji kadrların hazırlanmasında mühüm rol oynadı və bu gün – 21-ci əsrdə də özünəməxsus tarixi ənənələrini sədaqətlə davam etdirir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir əsrlik şanlı tarixini səhifələyək.

1918-ci ilmayın 28-də xalqımız tarixi haqqına – istiqlalına qovuşdu, öz milli dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Milli hökumət qısamüddətli fəaliyyəti dövründə ölkədə elm və mədəniyyətin inkişafı, xalqın savadlanması, maariflənməsi üçün də geniş yollar açdı.Cümhuriyyət xalq maarifini milli zəmində – yeni əsasda, dünya təhsilinə uyğun təşkil etməyə xüsusi önəm verdiyindən Xalq Maarif Komissarlığı yaradılması haqqında qərar qəbul etdi. Komissarlıqda tezliklə ümumi icbari təhsillə bağlı layihə hazırlandı. Kənd və şəhərlərdə məktəblər açıldı, lakin milli kadrların çatışmazlığı ortaya çıxdı. Yeni məktəblərdə dərs deyən müəllimlər yox idi. Bu səbəbdən də milli məktəblər üçün müəllim hazırlanmsı daha mühüm vəzifəyə çevrildi. O vaxt respublikada təhsil ocaqları üçün kadr hazırlayan seminariya, texnikom və institutlar barmaqla sayılacaq qədər az idi. Qafqazda yerləşən müəllim seminariyaları və institutları üzrə 1871-ci ildən 1914-cü ilədək, yəni, 43 ildə cəmi 262 azərbaycanlı müəllim hazırlanmışdı. Xalq Maarif Komissarlığı, 1879-cu ildən fəaliyyət göstərən Zaqafqaziya – Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Qazax rayonuna köçürülməsini təklif etdi. 1918-ci ilin sentyabrında tatar şöbəsi Qazağa köçürülərək böyük pedaqoq Firudun bəy Köçərlinin səyi ilə həmin ilin noyabrından fəaliyyətə başladı və beləliklə, müəllim hazırlayan seminariyaya çevrildi.

1921-ci ildə yenidən təşkil olunan bu məktəb keçmiş Kommunist, indiki İstiqlal küçəsində, Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Qori Müəllimlər Seminariyasının məzunu olan Pənah Qasımov təlim-tərbiyə işlərini qaydaya salmaq məqsədilə ilk növbədə ətrafına mütərəqqi ideyalı, demokratik fikirli pedaqoqları topladı. 1922-23-cü illərdə məktəbin ilk buraxılışı oldu. İlk buraxılışda məzunların sayı 9 nəfər olsa da, sonrakı illərdə bu say artdı. Belə ki, məktəbi ikinci buraxılışda - 24, üçüncü buraxılışda - 28, dördüncü buraxılışda isə 56 gənc bitirdi.

20-ci əsrin əvvəllərində məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda açdığı ilk rus-müsəlman qız məktəbi Azərbaycanda qadın təhsilinin inkişafında böyük rol oynadı. Azərbaycanın ilk maarifpərvər qadınları: Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Səkinə xanım Axundzadə müəllimlik fəaliyyətinə burada başladılar.

1920-ci ildə Bakıda köhnə Marinskaya Qız Gimnaziyasının binasında ilk Darülmüəllimat yaradıldı. Onun müdiri ilk ziyalı qadınlarımızdan olan Mədinə xanım Qiyasbəyli, tədris işləri üzrə müavin isə Gövhər xanım Qayıbova təyin olundu. Bu nümunəvi pedaqoji məktəbdə 120 nəfər qızın artıq öz Ana dilində təhsil alması həm də Azərbaycan qadınının həyatında böyük mədəni inqilab idi...

Darülmüəllimatın 1925-ci ildə olan 1-ci buraxılışında 16 nəfər qız vəsiqə alaraq ilk dəfə orta pedaqoji təhsillə müəllimlik fəaliyyətinə başladı. 1926-cı il buraxılışında isə bu təhsil ocağını 40 nəfər qız bitirdi.

Maarif Komissarlığının qərarı ilə 1926-cı ilin sentyabrında bu iki məşhur təhsil ocağı – Darülmüəllimin və Darülmüəllimat birləşdirilərək, Bakı Müttəhid (Birləşmiş) Pedaqoji Texnikom kimi fəaliyyətə başladı. Qısa zaman ərzində respublikanın təhsil ocaqları arasında böyük nüfuz qazanan Birləşmiş Məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini isə Camo Cəbrayılbəyli idi.

1930-cu ildə seminariya Beynəlmiləl Pedaqoji Texnikum adlandırıldı.1936-cı ildə isə ona böyük demokrat-maarifçi, satirik şair Mirzə Ələkbər Sabirin adı verildi.Texnikom Azərbaycan məktəblərinin ibtidai sinifləri üçün rus dili müəllimi hazırlayan Sabir adına Rus Pedaqoji Məktəbi kimi 1968-ci ilə qədər fəaliyyətini davam etdirdi. 1953-54-cü dərs ilində pedaqoji məktəbin tədris sistemində dəyişiklik edildi. Yeddi illik təhsil əsasında 4 illik kadr hazırlığı əvəzinə orta təhsil bazasında 2 illik orta ixtisas təhsilinə keçirildi. 1991-ci ilin dekabrından M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikomu,1999-cu ildən isə Azərbaycan Pedaqoji Kolleci adlandırılan bu təhsil müəsissiəsi hələ ötən əsrin 20-ci illərinin əvvələrindənnəinki Azərbaycan, eləcə də türk və müsəlman respublikaları üçün kadrlar hazırlayıb. Görkəmli maarifçi Camo Cəbrayılbəyli xatirələrində yazır ki, Darülmüəllimində özbək, türkmən, tacik və dağıstanlı uşaqları da oxuyurdular. Bu, əslində tədris ocağının pedaqoji kollektivinin işinə və fəaliyyətinə böyük etimad, dərin inamın ifadəsi idi. Millətini elmsizlikdən xilas etmək uğrunda mübarizə aparan, ömrünü gəncliyin təhsili yolunda şam kimi əridən, "fitrətən, qəlbən müəllim” olan Abdula Şaiq, Hüseyn Cavid, dahi bəstəkarlar Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, görkəmli pedaqoqlar Azadbəy Əmirov, Şəfiqə xanım Əfəndizadə, Gövhər xanım Yusubova, Sara xanım Xuramoviç və bu kimi korifey sənət, mədəniyyət, ədəbiyyat xadimləri, məmləkətinin övladlarını savadlı görmək istəyəngözəl pedaqoqlar bu təhsil müəssisəsində çalışıblar. Onlar xalqın maariflənməsi, mədəni inkişafı yolunda yorulmadan xidmət göstəriblər. Və bu günümüz üçün zəngin və ibrətli irs qoyublar.

Məktəbin yetirmələri, fəxri məzunları sırasında da Azərbaycan elmini, musiqisini, ədəbiyyatını sevən insanlar olub. Akademiklərdən Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhmasib, professorlardan Əkrəm Cəfər, Mərdan Muradxanov, Fatma Süleymanova, Əli Sultanlı, 20-ci əsr Azərbaycan musiqisi və mədəniyyətinin inkişafında bəstəkar, dirijor kimi misilsiz xidmətləri olan Əfrasiyab Bədəlbəyli, SSRİ xalq artisti Niyazi, Səid Rüstəmov, yazıçı, alovlu publisist Mehdi Hüseyn, Əzizə Cəfərzadə, Sabit Rəhman, şairlərdən Mirvarid Dilbazi, Cabir Novruz, xalq rəssamı Salam Salamzadənin də taleyi bu təhsil ocağından keçib. Bu qədər fəxri məzunu olan məktəbin - xalqın maariflənməsi, tərəqqisi yolunda rolunu bir daha təsdiq edir.

Ölkəmizdə təhsilə, təhsil işçilərinə, müəllimə yüksək səviyyədə dövlət qayğısı, Prezident İlham Əliyevin təhsili prioritet istiqamətlərdən biri elan etməsi bu sahənin inkişafını daha da sürətləndirib.Təhsilə hərtərəfli dəstəyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Heydər Əliyev Fondu da yarandığı gündən ölkə təhsilinə böyük töhfələr verir. Fondun bu istiqamətdəki layihələrindən bütün təhsil işçiləri bəhrələnirlər. Ölkəmizdə təhsil sahəsinə dövlət qayğısı Kollecin fəaliyyətinə də birbaşa təsir göstərir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan Azərbaycan Dövlət Pedaqoji Kolleci indi də respublikanın müəllim hazırlayan yeganə baza mərkəzi sayılır.


Sevda Axundova,

ADPK-nın Sosial məsələlər və

icimaiyyətlə əlaqələr üzrə direktor müavini