adalet.az header logo
  • Bakı 7°C
18 Noyabr 2019 09:35
22188
ƏDƏBİYYAT
A- A+

BİR ŞAİRİ ÖLDÜRDÜLƏR, BİR ÖLKƏNİN ORTASINDA, ÖLKƏ BİLMƏDİ, BİLMƏDİ…

Bu misralar çox vaxtsız aramızdan gedən şair Eldar Baxışa aiddi. Məhəmməd Hadiyə həsr eləmişdi. Elə özünün də başına gəldi. Eldar Baxışı da öldürdülər, ölkə bilmədi, bilmədi.

Dünən tələbə yoldaşım Şamxal Rüstəmin ölüm xəbərini eşidəndə nədənsə Eldar Baxışın bu misraları yadıma düşdü. Yox, Şamxal Rüstəmi heç kim öldürmədi, özü öldü. Daha dəqiq desək, «təkcə Nevski küçəsindən əlli qızın qoxusu olan canına» özü qıydı.

Hamıya dedi «belə qəmli dayanma», amma həmişə özünün gözlərindən qəm tökülürdü.

Hamı Şəmkirə Şamxor deyəndə və rəsmi olaraq Şamxor adlananda o, hələ tələbə vaxtından mətbuatda «Şanxay Şəmkirli» imzası ilə tanınırdı. Sonra Şamxal Rüstəm elədi.

Çox istedadlı şair idi və istedadını da öz əlləri ilə boğdu. Təbii ki, bu işdə dostlarının da «zəhmətini» danmaq olmaz.

Həcvləri dillər əzbəri idi, bütün yaradıcı adamlar onun həcvlərindən qorxurdular.

Bir dəfə bir qəzetin müxbiri onun xətrinə dəydi, gülümsəyib qayıtdı ki, elə eləyərəm qayıdanda səni redaksiyada ansambl qarşılayar. Həmin müxbir də yalvardı ki, mən ölüm, mənlə işin olmasın, bir qonaqlıq məndə.

Danışığı da duz idi.

Heyf sənə, Şamxal.

Adətən belə bir söz var, ölüm sevinməsin qoy. Yox, qoy ölüm sevinsin ki, Şamxal kimi bir oğulu basdı bağrına.


Aqil ABBAS