Eldar Baxış: Bir şair öldürdüləri
Məhəmməd Hadiyə
Qərib nar əkər,nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz-yar olmaz:
Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar,saralmaz-saralmaz.
Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağ açıxar,
dağda qar olmaz-qar olmaz
*
Tək dedilər-təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.
Xallandı gül-butasında.
nər qarnında- qar tasında.
bir şairi öldürdülər
bir şəhərin ortasında, -
ölkə bilmədi-bilmədi.