adalet.az header logo
  • Bakı 20°C
15 Noyabr 2019 11:29
15782
SİYASƏT
A- A+

Tahir Rzayev: “İslahatlar dövlətin inkişafına, xalqın rifahına böyük töhfələr verəcək”

"Azərbaycanda kadr islahatları, eləcə də struktur dəyişikliklərinin aparılması istiqamətində addımlar çox mühümdür. Bacarıqlı, qabiliyyətli, Vətənini sevən insanların vəzifələrə cəlb edilməsi, dövlət idarəçilik sisteminin yenidən qurulması baxımından vacibdir”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, kadr islahatların aparılması həm də vətəndaşların problemlərinin həlli istiqamətində mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni icra başçılarını qəbul edərkən ilk növbədə onların hansı fəaliyyətlə məşğul olacaqlarını və onlarda əsas tələblərin nə olduğunu vurğuladı. Ölkə başçısı qeyd etdi ki, vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək yerli icra məmurlarının vəzifəsi olmalıdır. Prezident həmçinin vurğuladı ki, ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Dövlət başçısı həmişə olduğu kimi bir daha bəyan etdi ki, siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaq. Eyni zamanda, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq. Bütün bunlar həm yeni təyin olunan məmurlar, həm də bundan sonar vəzifəyə təyinat alan insanlar üçün ciddi mesajdır”.

Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı yeni təyin etdiyi kadrlara insanlarla çox diqqətli rəftar etmək və daim vətəndaşlar arasında olmaq tapşırığı verib: "Prezident tərəfindən aparılan kadr islahatları çox uğurludur. Şübhə yox ki, islahatlar dövlətin inkişafına, xalqın rifahına böyük töhfələr verəcək. Dövlət başçısı qətiyyətlə vurğuladı ki, əgər vətəndaşın problemi varsa, dərhal onun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Hesab edirəm ki, ümumiyyətlə, kadrların əvəzlənməsi və müasir dünyagörüşlü gənclərin, eyni zamanda, peşəkar kadrların iş başına gətirilməsi çox önəmlidir”.