YUNUS OğUZUN "ƏMiR TEYMUR"U

AQİL ABBAS
48862 | 2011-06-14 00:24
Son illər öz tarixi əsərləri ilə ("Atilla", "Nadir şah", "Təhmasib") geniş oxucu kütləsinin rəğbətini qazanmış Yunus Oğuzun "Əmir Teymur" romanı da mənə elə gəlir ki, əvvəlki əsərləri kimi maraqla qarşılanacaq.
   
   Əmir Teymur haqqında neçə-neçə roman yazılıb, pyes yazılıb, film çəkilib, elmi-tarixi araşdırmalar aparılıb. Yəni demək olar ki, tarix Əmir Teymurun hər addımına bələddi. Belə bir tam açıq olan şəxsiyyət haqqında roman yazmaq o qədər də asan deyil.
   
   Mən də Əmir Teymuru sevdiyimə görə onun haqqında Azərbaycan və rus dillərində nə qədər bədii, elmi materiallar varsa, demək olar ki, hamısı ilə tanışam. Və Yunus Oğuzun "Əmir Teymur"unu oxumağa başlayanda da fikirləşirdim ki, təzə bir şey tapmayacam.
   
   Amma kitab məni aldı apardı. Əvvəl Yunusun xətrinə oxumağa başlasam da, sonradan əsərin özü məni kitabdan ayırmağa qoymadı.
   
   Yunus Əmir Teymuru təkcə bir sərkərdə kimi deyil, həm də bir insan kimi, bir ata kimi, bir türk kimi, İslam dünyasının bir hamisi kimi və içində həmişə böyük bir mərhəmət olan hökmdar kimi təqdim etməyi bacarıb.
   
   Yunus Əmirin Hindistan yürüşünü və Hindistanı fəth etməsini daha çox qabardıb. Görünür, Yunus bununla Əmir Teymurun böyük İsgəndərdən də güclü və qüdrətli bir sərkərdə olduğunu önə çıxarmaq istəyib və nail də olub. Əsərdən görünür ki, Yunus həmin dövrü çox ciddi öyrənib, etnoqrafiyanı, toponimləri, həmin dövrün ab-havasını, insanların danışıq tərzini və həmin dövrdə dünyada baş verən hadisələri ustalıqla qələmə alıb.
   
   Xüsusilə də avropalıların və Roma Papasının türkləri məhv etmək üçün qurduqları planları aça bilib. Türk xaqanlarını bir-birləri ilə vuruşdurmaq üçün hansı üsullara əl atdıqlarını göstərə bilib.
   
   Cavan vaxtı bir şeir yazmışdım. Yadımdan çıxıb, amma bir-iki bəndini görüm xatırlaya bilirəmmi? Hə!
   
   
   
   Tariximə bir ləkədi Çaldıran
   
   Şah İsmayıl!
   
   Sultan Səlim!
   
   Gücüm çatsa
   
   Ruhunuzu döyərdim!
   
   Türk qanıydı, tökülən qan,
   
   axan qan!
   
   Bu millətin dərdinə bax,
   
   sən Allah!
   
   Türk qanını
   
   Türk axıtdı,
   
   Ey vallah!
   
   
   
   Bəli, avropalıların şeytanlığı nəticəsində həmişə türk qanını türk axıdıb. Elə bu gün də belədi. Avropalıların şeytanlığı hesabına qanımızı axıtmasaq da, bir göyün altına yığıla bilmirik.
   
   Yunus Oğuz da bunu göstərməyə çalışıb.
   
   Yunus Oğuzun tarixi romanlarında bir yorucu cəhət var, çox təəssüf ki, bu əsərdə də bundan qaça bilməyib. Qırx bulağın gözündəki daşı götürür və bir çaya axıtmaq istəyir və həmin bulaqların suyunu dada bilmirsən, adlarını yadda saxlaya bilmirsən. Bilmirəm Yunus Oğuz özü bu bulaqların adlarını yadında saxlaya bilirmi? Bu iradımı söhbətlərimizdə demişəm. Çox istərdim ki, "Əmir Teymur"un ikinci kitabında Yunus bəy buna bir fikir versin.
   
   Və bir də öz əsərinə uyur və özünün danışıq tərzini obrazların dilinə gətirir. Düzdür, bu çox deyil, amma hər halda olmasa yaxşıdı.
   
   Bir iradım da var. Birinci kitab belə adlanır: "Əmir Teymur- Zirvəyə doğru". Bir oxucu kimi mənə elə gəlir ki, kitabın bir adı olmalıdı - o da "Əmir Teymur".
   
   Oxuculara məsləhət görərdim ki, bu kitabı oxusunlar. Təəssüf etməyəcəklər.
   
   
   
   

TƏQVİM / ARXİV