adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Noyabr 2019 14:29
17319
ƏDƏBİYYAT
A- A+

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialında 13 noyabr 2019-cu il tarixdə görkəmli nasir, kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbirini açaraq görkəmli Azərbaycan yazıçısı və maarifçisi Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist və publisist olması ilə barabər həm də böyük dramaturq və nasir kimi tanınmasından, dünya publisistikası, dünya satirası tarixinin ən əlamətdar hadisələrindən biri olan, XX əsrin başlanğıcının əksər mütərəqqi, istedadlı qələm sahibinin əməkdaşlıq etdiyi "Molla Nəsrəddin” toplusundan və onun təsir dairəsindən danışmışdır.

Tədbirdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundovdan sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığının mühüm bir hissəsini təşkil edən dram əsərlərindən, onun pyeslərində yaşadığı dövrün real hadisələrini olduğu kimi təsvir etməsindən, adi ailə-məişət məsələlərini əyani və bədii şəkildə ustalıqla qələmə almasından bəhs etmişdir.



Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz Kürdəmir şəhər 6 saylı tam orta məktəbin məktəbin şagirdlərinə verilmişdir. Məktəblilər ədibin "Müsəlman”, "Tapmaca”, "Bizim obrazovannılar”, "Sizi deyib gəlmişəm” felyetonlarını, "Nə bilim”, "Şapkanı görəndə”, "Nağıl”, "Dedilər” satirik şeirlərini söyləmişlər.

Şagirdlərin "Ölülər”, "Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər tamaşaçıların alqışı ilə qarşılanmışdır.



Ədibin ən qiymətli "Ölülər”, "Danabaş kəndinin əhvalatları”, "Poçt qutusu” əsərləri əsasında çəkilmiş filmlərdən epizodların nümayişi yubiley tədbirini daha da rövnəqləndirdi.

Tədbirin sonunda Yaqut Bahadurqızı həmçinin Dövlətimizin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyəri vurğulayaraq, ölkə prezidentinin yazıçının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olmasını qeyd etmişdir.