adalet.az header logo
  • Bakı 7°C
21 Noyabr 2019 09:00
44284
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: “ANA KÜR” MTK-nın SƏDRİ QANUNLARI SAYA SALMIR

Bu gün ölkəmizdə çox böyük islahatlar həyata keçirilir. Çünki cənab prezident İlham Əliyev bu islahatlara artıq xeyli vaxtdır ki, start verib. Ölkədə gedən köklü dəyişikliklər və islahatlar çox təəssüf ki, bəzi qüvvələrin ürəyincə deyil və onlar hər vəchlə prezidentin islahatına kölgə salmaq istəyir, bu işə badalaq vurmağa can atırlar. Amma gecdir. Çünki prezidentin həyata keçirdiyi bu islahat xalq tərəfindən böyük dəstək qazanıb və davam etməkdədir.

Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, mən bu xalqın bir nömrəli xidmətçisiyəm. Və o, dediyinə də həmişə sadiq qalıb. Əfsuslar olsun ki, bir çox məmurlar və icra orqanlarının nümayəndələri xalqa xidmət etmir, öz maraqlarını güdür və hətta onların müraciətlərinə belə əhəmiyyət vermirlər. Hətta cənab prezident onu da deyib ki, məmurlar xalqın müraciətlərinə cavab verməli, kabinetdən çıxmalı, onlarla görüşməlidirlər.

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin ”D” massivi, 13 nönmrəli binada yaşayan 22 sakini bir aya yaxındır ki, "Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin ağacları qırması və orda iki 16 mərtəbəli bina ucaltması ilə bağlı bir çox nazirliklərə və hüquq-mühafizə orqanlarına müraciıət ediblər. Çox təəssüf ki, icra orqanları 144 ailənin səsini eşitmədi, MTK sədrinin qanunsuz hərəkətlərinə göz yumdular. Əgər onlar, yəni icra orqanları camaatın müraciətinə vaxtında cavab versəydilər, 80-ə yaxın ağacın qırılmasının qarşısı alınar, özündənrazı MTK sədrinin hərəkəti dayandırılardı.

Hansı ki, ölkə prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərin baş planına və memarlıq üslubuna xələl gətirən tikintilər barəsində konkret göstəriş verdi. Cənab prezident dedi ki, 9 mərtəbəli binanın qarşısında 16 mərtəbəli bina inşa etmək köhnə binanı gün işığına həsrət qoyur. Elə Günəşli sakinləri də məhz binalarının belə durumda olduqlarını bildiriblər. Binanın qarşısında iki il bundan əvvəl yüksəkmərtəbəli mənzil inşa edilib. İndi də arxa tərəfdə "Ana Kür” MTK iki 16 mərtəbəli mənzil inşa edir. Eldar Əzizov çox ədalətli və prinsipial başçıdır. Çünki o, məktəbin yanında bir neçə il bundan əvvəl tikilməsi üçün sərəncam verilmiş yüksək mərtəbəli binanın inşasını saxlatdırdı. Elə camaat da bu inamla yeni icra başçısından kömək istəyir. Çünki aşağı icra orqanları bu məsələyə göz yumurlar. Onların yuxarı orqanlara ünvanladığı müraciəti şikayət etdikləri Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfovun üstünə göndərirlər. Hansı ki, bələdiyyə sədri bu qanunsuz əməllərə göz yummağı bir yana, onların əl-qol açmasına şərait yaradır.

Noyabrın 11-dən ölkə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xətai rayonunda ağac əkərkən Suraxanının Yeni Günəşli yaşayış sahəsinin "D” massivindəki 13 nömrəli binanın arxasında sakinlərin 30 il bundan əvvəl əkdiyi 80-ə yaxın ağac "Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin sədrliyi ilə iki günün içərisində kəsilib məhv edildi. Həmin ağaclar gündüz saatlarında "Kamaz” markalı maşına yığıldı. Dəmir qapı da bağlandı ki, ağacların aparılmasını sakinlər görməsinlər. Hansı ki, ağac kəsən mişarın səsindən binada durmaq mümkün deyildi. Əvvəl ağacları kəsdilər, sonra da onun izini itirmək üçün kötüklərini çıxardılar. Yuxarı mərtəbədəki sakinlər həmin anları video görüntü ilə çəkiblər. Həmin görüntünü çəkən 13 yaşlı məktəbli Əli adlı uşaq bu səhnəyə tab gətirməyib hönkür-hönkür ağlayıb. O deyib ki, babamın 30 il əvvəl əkdiyi və bəslədiyi ağacları bir göz qırpımında "uf” demədən kəsdilər.

Təbii ki, "Ana Kür” MTK-ya kimsə "qorxma” deməsə, bir neçə saatın içərisində onlar cəsarət edib 80-ə yaxın ağacı kəsib doğramaz. Deyilənlərə görə, onların arxasında çox böyük bir havadarları var. Görünür, bu havadarlara arxayın olanlar bəd əməllərini həyata keçirməkdən və ölkədə gedən islahatlara badalaq atmaqdan çəkinmirlər. Amma onları inşallah çəkindirən tapılar.

Ölkə prezidenti cənab İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətinin başçıları təyin olunmaları ilə bağlı qəbul edərkən deyib: "Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı ciddi problem görmürüəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməllər törədirsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir”.

Məhz 13 nömrəli binanın sakinləri də heç kimdən səs çıxmayandan sonra cənab prezidentdən kömək istəyir, 80-ə yaxın ağacı qırıb 16 mərtəbəli bina tikmək istəyən MTK sədri Vahid Abdullayevin və onun dəstəsinin məsuliyyətə cəlb edilməsini xahiş edir. Ağacların qırılması və qanunsuz iş görülməsi həm də cinayət məsuliyyəti deməkdir. Və bu cinayət məsuliyyətindən və havadarların kim olmasındam asılı olmayaraq, heç kim yayına bilməz. Çünki cənab prezident də qeyd edib ki, həmin adamlar cəzasını alacaqdır.