adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2019 17:17
45462
GÜNDƏM
A- A+

ŞƏRƏFLİ ÖMÜR SAHİBİ – ADİL MİNBAŞI

Bütöv ömrü xeyirxahlığın, mərdliyin, müdrikliyin, ziyaylılığın təcəssümü olan, yüksək insani keyfiyyətləri ilə təkcə doğulub boya-başa çatdığı Cəbrayılına deyil, bütöv Azərbaycana yalnız şərəf gətirən bir İNSANIN – Adil Minbaşının 70 illik yubileyi tarixinin şahidi olmaq nəsib oldu bizə. Şükürlər olsun!

Adillə dostluğumuz az qala 60 illik tarixə malikdir. Onun bütün yüksək fərdi keyfiyyətlərinə öz xüsusiyyətlərim qədər bələdəm və bu baxımdan, yuxarıda sadalananlar onların cüzi bir hissəsidir. Elə yeri gəlmişkən, Adil Minbaşının dəyəri barəsində ölkəmizin tarixində xüsusi yeri olan, milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin onun barəsində dediyi fikirlərini Adil şəxsiyyətinin ümumiləşmiş dəyəri kimi qəbul etmək olar: "Adil bəy, sənin həyatın, hayata baxışın, mənəviyyatın bir müdrik insan ömrü yaşadığını göstərir. Dədə-babalarının həqiqi varisi kimi qan yaddaşı ilə axıb gələn ağlın, ləyaqətin, vüqarın, nəslən gələn bəy əxlaqın səni seçilən simalardan birinə çevirmişdir... Adil Minbaşıyevi inkar etmək, onu qəbul etməmək olmaz”.

Yetmiş illik şərəfli ömrün keçən hissəsinə ötəri nəzər salmaq istərdim, baxmayaraq ki, bu, bir çoxları üçün artıq məlumdur.

Adil Nadir oğlu Minbaşı 1949-cu il noyabrın 10-da Cəbrayıl qəsəbəsiundə dünyaya göz açmışdır. Ali təhsilli hüquqşünasdır, 1969-cu ildən respublikanın Ədliyyə Nazirliyi sistemində çalışmışdır. 1972-ci ilə qədər rayon məhkəmələrində və Ali Məhkəmədə məhkəmə iclas katibi, 1975-ci ilədək Cəbrayıl rayon Dövlət Natoriat Kontorunda notarius, 1982-ci ilədək Sumqayıt şəhər hüquq məsləhətxanassında vəkil, Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasında müdir işləmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1989-1992-ci illərdə Azərbaycan Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini olmuş, 1993-1996-cı illərdə Ədliyyə Nazirliyində idarə rəisi, 1996-2000-ci illərdə "Yüs Serviz” hüquq firmasının baş direktoru, sonuncu müddətdən 2003-cü ilədək Mərkəzi Seçki Komissiyasının üzvü işləmişdir. O, Baş ədliyyə müşaviri rütbəsinə malikdir.


Ömrünün yeddinci onilliyini tamamlamış bu alicənab insanın o qədər də hamar olmayan, əziyyət, çətinlik, mübarizələrlə dolu, eyni zamanda olduqca dəyərli həyat yolu Adil müəllimin kamil bir şəxsiyyət kimi formalaşmasına özünün müsbət təsirini göstərmişdir. Və bu gün mübağiləsiz demək olar ki, yüksək mənəvi, əxlaqi, intellektual səviyyəyə, alicənablığa, mədəniyyət və davranışa, son dərəcə həssas qəlbə malik olan Adil Minbaşı özünün mükəmməl insani xüsusiyyətləri ilə ətrafındakıların əksərinə örnək ola biləcək bir şəxsiyyətdir. Heç şübhəsiz, bu yüksək insani keyfiyyətlər onun ləyaqətli soykökünə mənsubluğundan irəli gələn bir amildir. Atalarımız əbəs yerə deməyiblər ki, ot kökü üstündə bitər. O, təkcə Cəbrayılda yox, bütöv Qarabağda tanınmış, sanballı, hörmət-izzət sahibi olmuş İskəndər bəyin nəvəsidir. Onu tanıdığım bu uzun illər ərzində harada olmasıından, hansı vəzifə tutmasından asılı olmayaraq hər zaman Adil Minbaşının imkansız, yardıma ehtiyaclı insanların yanında olduğunun, onlara dayaq durduğunun canlı şahidiyəm. Hətta heç tanımadığı, onunla heç bir əlaqəsi olmayan adamlara kömək etdiyi, yardım əlini uzatdığı saysız-hesabsız halları görmüşəm. Bu hallar Ermənistanın işğalı nəticəsində ev-eşiyindən, var-yoxundan məhrum olmuş insanlarımızın ona çoxsaylı müraciətləri ilə bağlı getdikcə artırdı. Bunlardan kiminsə yaddan çıxmaması üçün o, hətta onları siyahıya almışdı. Adil müəllimin yardımından sonra onların sevincdən xoşbəxt və kövrək anlarını da çox müşahidə eləmişəm, baxmayaraq ki, o, heç vaxt bunu aşkarda eləməyib.

Adil Minbaşının Vətənə, xalqına olan dərin sevgisi, onun əsl vətəndaş mövqeyi, doğma topaqlarımızın şərəfini hər şeydən üstün tutması onun əməli fəaliyyətində hər zaman özünü büruzə vermişdir. Azərbaycan cəmiyyətinin həyatında baş verən hər hansı taleyüklü proses onun diqqətindən kənarda qala bilməz və o, bunları düzgün qiymətləndirməyi bacaran, milli problemlərdən özünəməxsus uzaqgörənliklə çıxış yollarını müəyyənləşdirə bilən bir şəxsdir. İstər keçmiş sovet quruluşunun süqutu, istər xalq hərəkatı, istər Ermənistan-Azərbaycan münaqişəsi, istərsə də ölkəmizə aidiyyəti olan hər hansı ictimai-siyasi hadisəyə fəal, prinsipial və düzgün münasibət, qətiyyət və cəsarət nümayişi A.Minbaşını başqalarından fərqləndirən cəhətlərdəndir.


Çoxlarına artıq bəlli olan ibratəmiz bir hadisəni təkrar xatırlatmaq istəyirəm. Ermənistan-Azərbaycan münaqişəsinin ilkin dövrlərində Adil Minbaşının Xanlar rayon məhkəməsinin sədri vəzifəsində işlədiyi zamanlar Ermənistandan qovulmuş qaçqın soydaşlarımızın ailələrindən bir qrupu bu rayonu tərk etmiş ermənilərin evlərində yerləşdirilmişdi. Moskvanın istənilən göstərişinə müticəsinə itaət edən respublika Kommunist Partiyası Mərkəzi Komitəsi həmin ailələri məskulaşdıqları evlərdən çıxarmaq göstərişini vermişdi, rayon partiya komitəsinin birinci katibi isə göstərişin qeyd-şərtsiz yerinə yetirilməsi barədə büro səviyyəsində tapşırıqlar vermişdi. Məlum faktdır ki, o vaxtlar kimsə birinci katibin tapşırığına qarşı çıxmağa cürət edə bilməzdi. Amma belə oğullar varmış! Adil birinci katibə qəti şəkildə "Mən bu işə yol verməyəcəyəm!” deyə bildirmişdi. Bundan sonra o, Moskva və Bakının ciddi təzyiqlərinə baxmayaraq, üç ay ərzində rayon partiya komitəsi qarşısında fasiləsiz etiraz aksiyası keçirən, birinci katibi işə buraxmayan, komitənin fəaliyyətini iflic edən əhalinin dəstəyi ilə dediyinə əməl eləmişdi. Həmin olduqca çətin və təhlükəli zamanlarda o, rayonda yaradılmış komendatlıqla, hətta həyatını riskə atmaqla erməni saqqallı silahlılarıyla birbaşa danışıqlardan belə çəkinməmişdi. Yeri gəlmişkən, bundan sonra o, sovet quruluşu dövrü üçün görünməmiş bir addımıyla ölkə ictimaiyyətini silkələmişdi: respublika və rayon rəhbərliklərinin qeyri-konstruktiv, xalqın iradəsinə zidd fəaliyyətlərinə etiraz əlaməti olaraq buna qədər ölkədə baş verməmiş jest etməklə məhkəmə sədri kimi yüksək bir vəzifədən istefa vermişdi.

Qarabağ müharibəsi zamanı A.Minbaşı doğma Cəbrayılının işğalçılara qarşı duruş gətirə bilməsi üçün də əlindən gələn köməyi əsirgəməmişdi.

Azərbaycanda azad vətəndaş cəmiyyəti quruculuğu yolunda samballı addımlar atan vətənpərvər oğullardan biri olan A.Minbaşı dövlət qurumlarından və siyasi təşkilatlardan heç bir asılılığı olmayan ilk müstəqil şəxsi mətbu orqanların – "Ədalət” və "Femida” qəzetlərinin yaradıcısıdır. Onu da qeyd edim ki, yenicə müstəqillik qazanmış və iqtisadi cəhətcə hələ çox zəif olan Azərbaycanda bu, asan bir məsələ deyildi və bunun maddi yükünü də o, öz çiyinlərinə götürmüşdü.

Yüksək səviyyəli peşəkar hüquqşünas, hərtərəfli savada və erudisiyaya malik bir insan olan Adil cəmiyyətin ən müxtəlif maraqlarına xidmət edən sahələrində həmişə öz töhvəsini verməyə can atmışdir. O, ölkənin son dərəcə imkansız iqtisadi durumu şəraitində 300 nəfər azərbaycanlı gənci pulsuz-parasız Türkiydə təhsil almaq üçün göndərməyə nail olmuşdu.

Bütün bunlar Adil Minbaşının vətəni, el-obası, cəmiyyəti üçün elədikləri və heç zaman dilinə gətirmək belə istəmədiyi böyük işlərin, xeyirxahlıqların cüzi bir hissəsidir.

Tamamladğın 70-ci yaşın mübarək, dəyrli insan, əziz qardaşımız! Allah sənə möhkəm can sağlığı və uzun ömür versin ki, həsrətindən ürəklərimizin yandığı doğma torpaqlarımıızı ziyarət edə biləsən!



Ən xoş arzularla:
Qədir NƏSİROV