adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Noyabr 2019 17:58
41251
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: “Zeynəb cığalçılıq edir” silsiləsi

Şəm-Şəmin şikayəti

Zeynəb cığalçılıq edir,
Guya bizə acıq edir.

Yeməyi vaxtında yemir,
Yeməyən vaxtlarda yeyir.

Durmağın vaxtında durmur,
Durmayan vaxtlarda durur.

Yatmağın vaxtında yatmır,
Yatmayan vaxtlarda yatır.

Üstünü örtürsən – açır,
Üstünü açırsan – örtür.

Guya bizə acıq edir,
Zeynəb cığalçılıq edir.


Kimi çox istəyirsən

–Ananı çox istəyirsən?
Atanı çox istəyirsən?
–Hamıdan çox deyirsən?
–Bəli.
–Mələk müəlliməni!

–Niyə müəlliməni,
Niyə bəs ananı yox?!

–Anamın saçı qısadı,
Əlləri də yep-yekə!
Mələk müəllimənin
Həm saçı çox uzundu,
Həm də ovcuma sığır
Əlləri!

Qarğış

Səhərdən deyinir babam:
–Ayağı sınsın dəqiqənin,
Yolu yumrulansın
Saatın,
Boyuna qamış ölçüm
Günlərin!
Toz kimi yox olur həyatım!
–Ay baba?!
–Can!
–Kimlə savaşırsan?!
–Zamanla!
–Zaman kimdi?
–Bu gün, bu saat, bu an...
–Heç nə başa düşmürəm!
–Ay Şəm-Şəm,
Günlər tez keçir yaman,
Tez keçir yaman –
Həftənin başı olmamış,
Bir də görürəm ayağıdı!
Qarğış eləyirəm ona görə də:
"Yolu yumrulansın günlərin!”
–Qarğış eləmə, ay baba?!
–Niyə?!
–Balaca qalaq, deyirsən?!

Zəif

–Məktəbimiz çox zəifdi!
–Zəif nəyə deyirsən?
–Uşaqlar dərsdən qaçır.

İldırım

–Nə yaxşı, deyirəm,
Evimiz var, ata,
Yoxsa
Başımıza düşərdi
İldırım!

Baaa...

Göy guruldadı,
Zeynəb bağırıb,
Üstümə yüyürdü:
–Baaa...

Külək

–Açıq qoydun qapını,
Külək hirsləndi, ata.
Elə çırpdı –
Diksindim.

Nə olsun

Nə olsun bacımdı Zeynəb,
Nə olsun çox istəyirəm!
Səhv işini görən kimi
Üzünə deyirəm!

Küçük və Çaqqal

Hava elə qaraldı,
Qorxu düşdü
Küçüyün canına.

Boylanıb baxdı
O yan-bu yanına,
Gördü
Yata bilməyəcək.
Nə fikirləşdisə,
Birdən ayı kimi
Bağırdı.

O dəqiqə kəndin itləri
Bir-birinə qarışdı.

Küçük gülümsəyib,
Başını qoydu
Pəncəsinin üstünə:
–Çaqqal girə bilməz kəndə,
Rahat yataram mən də!

Qonşu itləri ta səhərəcən
Ağızlarına "Bəsdi!” demədi.

Küçük hərdən ayılır,
Gülümsəyir,
Yenidən başını qoyurdu
Pəncəsinin üstünə:
–Çaqqal girə bilməz kəndə,
Rahat yataram mən də!


Şirni-quş

Yeyib şirni-quşunu,
Zeynəb ağladı birdən.
–Nə oldu, Zeynəb, sənə,
Niyə ağlayırsan, hə?
–Ağzıma hirslənmişəm,
Yaman acgözdü ağzım!
Yedi şirni-quşumu,
Yox oldu birdən yazıq!


Şəm-Şəm və Zeynəb

Atamın bərkdi qucağı,
Babamın qucağı yumşaq.
Qardaşım paxıllıq edir:
–Düş yerə ordan, ay uşaq!
–Niyə düşüm?
–Düş deyirəm!
–Düşüm, sən gəlib minəsən?!