adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ZüLM ƏLiNDƏN QURTULMUŞLARTƏRTƏRƏ HüCUM ETDiLƏR

AQİL ABBAS
37607 | 2011-06-01 02:10
Mərakeşdə yeməyə bir şey tapmayan çəyirtkələr ordan keçiblər Tunisə, görüblər Tunisdəkilər də onlardan pis gündədi və bir-birinin ətini yeyirlər, keçiblər Liviyaya.
   
   Liviyada da görüblər ki, həm Avropa qırır onları, həm də özləri bir-birin, tökülən bombaların sayı liviyalıların sayından artıqdı. Birtəhər canlarını qurtarıb keçiblər Misirə.
   
   Görüblər Misirdə həm qırhaqırdı, həm də tuthatutdu, hətta prezidenti də tutublar, oğlanları ilə bir yerdə. Misirin də həbsxanaları it günündə, ora düşməkdənsə ölmək yaxşıdı, ordan keçiblər Qəzzaya.
   
   Qəzzada da İsrail raketləri... ordan Fələstinə.
   
   Fələstin də elə Qəzza kimi.
   
   Fələstindən də keçiblər Suriyaya. Bəlkə burda bir şey tapalar, görüblər Suriyada da bir-birini qırırlar, müxalifət aclıqdan, iqtidar toxluqdan. İqtidarın sarayına yaxın düşə bilməyiblər, tank-top və s. keçiblər İraqa.
   
   Baxıb görüblər İraqda da NATO bir yeri partladır, ərəblər bir yeri, hətta məscidləri partladırlar. Birtəhər canlarını qurtarıb keçiblər Türkiyənin doğusuna.
   
   Burda da seçki. AKP MHP-ni yeyir, MHP AKP-ni, CHP də hər ikisin, BDP də hamısına deyir ki, burdan gedin ey. Burda da generalların tutulduğunu görən PKKçılar fıştırıq çala-çala mağazaları dağıdır, şəhəri dağıdır. Bir sözlə, millət 12 iyun seçkiləri uğrunda bir savaşa qalxıb ki...
   
   Görüblər yox, burdan da bir şey çıxmaz, ordan keçiblər Ermənistana. Deyiblər ki, bəlkə burda bir şey tapdılar. Görüblər burda da Sovet hökumətindən nə qalıbsa odu. Heç ermənilər özləri yeməyə bir şey tapmadığından üz tutublar Rusiyaya. ABŞ-ın göndərdiyi yardımlar üstündə də baş yarılır.
   
   Ordan kor-peşman keçib gəliblər Tərtərə. Və daraşıblar bizim zəmilərə, bostan-tərəvəz sahələrinə. Bir sözlə, bizim əkinlərə. Və yeyib necə pəndəm olublarsa qaçmağa, uçmağa halları da yoxdu, bizimkilər də süpürgə ilə kisələrə yığırlar.
   
   Yəqin ki, sərhədi qanunsuz pozduqlarına görə yazıqları təzədən ekstradisiya edəcəklər Mərakeşə.
   
   
   
   HASAR XƏSTƏLİYİ
   
   
   
   Bu, yekə yazının mövzusudu, amma yorğun olduğuma görə yazmağa ərindim.
   
   Dünən rayondan gəlirdim, Cəngidən keçəndə gördüm ki, yolun qırağına yolboyu uzun bir hasar çəkirlər. Özü də bəzəkli-düzəkli, mozaika-filan. Çox xoşuma gəldi. Maşını saxlayıb xeyli tamaşa elədim.
   
   Amma hasarın hündürlüyü cəmi 2 metr olardı. Hasarın o üzündən isə Cənginin miskin, tör-töküntülü evləri görünürdü.
   
   Ona görə təklif edirəm ki, imkan varsa o hasarın hündürlüyünü bir 10 metr eləsinlər ki, hasarın o üzündəkilərini görüb ürəyimiz xarab olmasın.
   
   Başqa bir iş də görmək olar. Həmin hasara çəkilən xərcə Cəngini abadlaşdırmaq da mümkündü, eyni zamanda burdakı ailələrə mənzil tikib vermək olar ki, qaçıb Bakıya gəlib burda tıxac yaratmasınlar.
   
   Mən təklifimi elədim, indi hansını istəyirsiniz onu qəbul edin.

TƏQVİM / ARXİV