adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
08 Noyabr 2019 09:26
22055
SİYASƏT
A- A+

Bələdiyyə seçkiləri

Dekabrda ölkədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Artıq 12 partiya seçkilərdə içtirak eləmək Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bunun yarısı sayda partiyanın iştirak elədiyi hər hansı seçki hətta Azərbaycandan qat-qat böyük ölkələr üçün də alternativ, hətta ondan da bir az artıq seçki sayılır. Ancaq buna baxmayaraq Yeni Azərbaycan Partiyası bunu yetərli saymayıb, ölkədəki bütün siyasi partiyalara müracət edərək onları seçkilərə qoşulmağa çağırıb.

Şübhəsiz ki, bu müraciətin ciddi səbəbləri var. Məsələ burasındadır ki, bələdiyyə seçkilərinə qatılmaq niyyətində olan siyasi təşkilatların, demək olar ki, hamısı YAP-ın peyk partiyalarıdır. Hakim partiyanın yetkililəri də bu cür siyasi kombinasiyanın alternativlik yox, alternativlik görüntüsündən başqa bir şeyə oxşamadığının fərqindədirlər. Yoxsa, öturduğu yerdə kim özünə əlavə rəqib axtarar ki?!

Söhbətin məğzi də elə bundadır – rəqib və rəqabət məsələsində. YAP-ın orbitindən kənardakı partiyaların seçkiyə qatılmamasının səbəbi məhz real rəqabət mühitinin olmamasıdır. Hakim partiyanı bu cür çağırış etməyə, döyüş meydanına əlavə rəqiblər cəlb etməyə ruhlandıran da elə bu amildir. Çünki belə bir seçki mühitində öz qələbəsinə tam arxayındır.

Əslində siyasi qüvvələrin bütün spektirinin seçkilərdə iştirakına statusundan asılı olmayaraq hər hansı siyasi təşkilat yox, MSK və seçkilərin keçirilməsinə aidiyyatı olan digər dövlət qurumları maraqlı olmalıdır, bu cür müraciətləri onlar səsləndirməlidir. Belə baxanda, heç müraciətə-filana da ehtiyac yoxdur. Bunun üçün əvvəlcə bütün tərəfləri qane edən qanunverici baza yaradılmalı, sonra da bu qanunlara əməl olunacağına real təminat verilməlidir. Bu təminat olandan sonra hamı seçkilərə qoşulacaq. Siyasi partiya elə ona görə siyasıi partiyadır ki, seçkilərdə iştirak eləsin.

Amma indiki halda partiyaların bələdiyyə seçkilərinə biganəliyinin kökündə təkcə seçki qanunvericiliyi və seçki prosesinin gedişatına olan iradlar dayanmır, əsas səbəblərdən biri də bələdiyyələrin mövcud statusundan qaynaqlanır. Yarandığı gündən faktiki olaraq icra hakimiyyətlərinin beşinci təkərinə çevrilən bu qurum yerli idarəetmə orqanı kimi olduqca məhdud səlahiyyətlərə sahibdir. Xalq arasında "torpaq satan idarə” ayaması ilə tanınsa da heç torpaqların satılmasında da əsas söz sahibi onlar deyil, müvafiq icra hakimiyyətləridir. Bələdiyyələr bu prosesdə, sadəcə, alıcıyla icra hakimiyyətiləri arasında aradüzəldən rolu oynayır ki, boş torpaq sahələri tükəndikcə onların da rolu sürətlə azalır, necə deyərlər, qapılarını döyən olmur. Bir sözlə, artıq onu cavankən qocalmış bir qurum da saymaq olar.

Son vaxtlar ölkədəki ciddi kadr dəyişiklikləri cəmiyyətdə müəyyən ümidlər yaradıb, ölkənin ciddi islahatlar ərəfəsinə qədəm qoyması barədə rəylər formalaşdırıb. Hətta "islahatlar geniş vüsət alıb kimi” xeyli nikbin yanaşmalar da var. Təbii ki, kadr dəyişikliklərinin, xüsusilə uzun illər bir vəzifədə "qarıyıb qalmış” adamların yeniləriylə əvəz edilməsinin islahat adlandırılmasıyla razılaşmayanlar, hətta bunun geçikmiş bir addım olduğunu düşünənlər də çoxdur. Çünki kadr dəyişikliyi hər bir ölkənin həyatında permanent olaraq, özü də tez-tez baş verən normal prosesdir və heç yerdə islahat kimi qiymətləndirilmir.

Bizdəki kadr dəyişiklikləri isə ona görə islahat adlandırılır ki, burda söhbət dövlət idarəçiliyinin gəncləşdirilməsindən gedir. Gənc kadrların irəli çəkilməsi, mühüm dövlət postlarının onlara həvalə edilməsi adamlarda müəyyən ümidlər yaradıb, onların yığılıb qalmış çoxsaylı problemlərin həllinə inamını artırıb. Amma nə qədər gənc, təhsilli, enerjili və səriştəli kadr olsa da müəyyən system dəyişiklikləri baş verməsə onların da şox şeyə nail olacağı şübhə doğurur. Bir müddətdən sonra bu gənc kadrlar da elə bələdiyyələr kimi cavankən qocalacaqlar.

Odur ki, system dəyişiklikləri qaçılmazdır. Əlbəttə, köklü dəyişikliklərinin riskləri və fəsadları da çoxdur və bəzən siyasi hakimiyyətlər bunu nəzərə alaraq belə radikal addımlardan yayınırlar.

Cəmiyyəti bu cür dəyişikliklərə hazırlamaq, xoşagəlməz, ağır və ağrılı tendensiyaları önləmək, prosesin öz təbii məcrasında və tədricən inkişafına nail olmaq üçün bələdiyyə seçkiləri əla fürsət olardı. Əvvəlcə onların real statuslarını artırmaq, seçkilərin azad və ədalətli keçiriləcəyinə zəmanət vermək, sonra da siyasi partiyaları prosesdə iştiraka səsləmək daha məntiqli addım sayılardı. Hərçənd, əvvəlki iki şərt yerinə yetirildikdən sonra üçüncüyə ehtiyac qalmayacaqdı. Siyasi partiyaların özləri MSK-nın qarşısında növbəyə düzüləcəkdi.

M. Məmmədov