adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ƏZiZ YETiMLƏR, BƏLKƏ ÖZüNüZƏ TƏZƏ çUXA TiKƏSiNiZ?!

AQİL ABBAS
44474 | 2011-05-04 05:53
Yetim ifadəsinə görə bir dəfə ağdamlılardan üzr istəmişəm. Day üzr istəməkdən də keçib. Və bu barədə yazmaqdan həm mən yorulmuşam, həm də digər qəzetlər, day oxucular da beziblər. Söz verirəm ki, bir daha bu mövzuya qayıtmayacam.
   
   Bir dəfə yazdım ki, "Yetimin çuxasın götürüb qaçdılar, sonra qaytarıb vermədilər". İkincisində yazdım ki, "Yetimin çuxasın qaytarırlar". Məlum oldu ki, yanılmışam, təkcə mən yox, digər qəzetlər də yanılıb: YETİMİN ÇUXASIN QAYTARIB VERMƏK FİKRİNDƏ DEYİLLƏR!
   
   Məsələ nədi?
   
   Ağdamın bir "Qarabağ" komandası var. Ölkənin aparıcı klublarından biridi, Avropada da Azərbaycanın şərəfini daha qətiyyətlə qoruyan klubdu. UEFA-nın reytinqində Avropanın bir çox məşhur klublarını geridə qoyub.
   
   Bu komanda uzun illər ev oyunlarını Bakının, Sumqayıtın stadionlarında keçirmək məcburiyyətində idi. Hərçənd ki, onda da ev oyunlarını Qarabağda - Bərdənin və ya Ağcabədinin stadionlarında keçirə bilərdi, bu da bölgədə futbolun inkişafında böyük rol oynayardı. Nə isə, keçmiş keçmişdə qaldı.
   
   Möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə Quzanlı qəsəbəsində (rayon icra strukturları orda yerləşir) möhtəşəm bir Olimpia Kompleksi tikildi. Və eyni zamanda 2500 tamaşaçı tutan müasir bir stadion.
   
   Bundan sonra uzun müddət mübarizə aparandan sonra nəhayət, "Qarabağ"ın ev oyunlarını öz doğma yurd-yuvasında oynamasına razılıq verildi. Bu hadisə Qarabağda əsl bayrama çevrildi.
   
   Çox istərdim ki, qəzetimizin saytından tapıb mənim bu barədə əvvəlki yazılarımı da oxuyasınız, insanların o sevincini təkrar eləməyim.
   
   Stadion azarkeşləri tuta bilmirdi. Hətta AFFA-nın prezidenti Rövnəq Abdullayev stadiondakı oturacaqların sayını 500 nəfərlik artırmağı planlaşdırırdı.
   
   Birdən-birə nə yellər əsdi, "Qarabağ" yenidən Bakıya döndü. Min bir səbəb gətirdilər. Ay yol uzaqdı, ay cəbhə bölgəsidi. Müxtəlif klublar, müxtəlif bəhanələr... Əslində bircə səbəb vardı - ölkənin digər klubları həmin stadionda oynamaqdan ona görə çəkindi ki, "Qarabağ" doğma yurd-yuvasında bütün klubların şələlərini qoltuğuna vermişdi.
   
   Nə isə...
   
   Bu günlərdə içi biz qarışıq ağdamlıları, eləcə də bütün qarabağlıları sevindirdik ki, "Qarabağ" yenidən yurd-yuvasına qayıdır. Hətta "Bakı" ilə oyununu mayın 1-də öz evində keçirəcək.
   
   Aprelin 30-da yenə insanlar sevinclə, bayraqlarla öz sevimli komandalarını qarşılamaq üçün yollara çıxmağa hazırlaşanda xəbər gəldi ki, bəs pişik asqırıb, "Qarabağ" gələsi olmadı.
   
   Bir sözlə, yetimin çuxasın qaytarıb vermədilər.
   
   İndi mənim ağdamlılara bir məsləhətim var: qaçırılmış çuxalarının dalınca düşməsinlər, o çuxanın xiffətini çəkməsinlər. Yığışsınlar özlərinə yeni bir çuxa tiksinlər: "Qarabağ" adlı yeni bir komanda yaratsınlar. Eybi yox, bir-iki il aşağı liqada oynayarlar. Ağdamda həmişə futbol olub və olacaq. AFFA-nın prezidenti Rövnəq Abdullayevin yaratdığı uşaq futbol məktəbi yeni yaradılacaq "Qarabağ"ın özülü olsun.
   
   Elbrus Abbasov bir zamanlar "Qarabağ"ın baş məşqçisi olub. İndi Ağdam futbol məktəbinin direktorudu. Buyurun, yaradın, qardaşım. O "Qarabağ" olmasın, bu "Qarabağ" olsun.
   
   Amma bir məsələ qaranlıq qalır: ölkədə futbol siyasətini klublar aparır, yoxsa AFFA və ya PFL?! Niyəsi! Çünki AFFA-nın da, PFL-in də rəhbərliyi "Qarabağ"ın Ağdamda oynamasının tərəfdarıdı. Nə isə, bu məsələyə nöqtə. Bir daha bu mövzuya qayıtmayacam.
   
   Əziz ağdamlılar, birdəfəlik köhnə çuxanızdan əl çəkin, özünüzə yeni çuxa tikin. Özü də ondan da gözəl, ondan da şıq, ondan da yaraşıqlı.
   
   AFFA-nın və "Azərsun"un rəhbərliyindən də tələb edin ki, heç olmazsa komandanın adını özünüzə qaytarsınlar.
   
   Mən sözümü bitirdim, indi söz sizindi.
   
   

TƏQVİM / ARXİV